Dünyanın bu günü - 05.08.2021

# 00:01
5 avqust 2021

AZƏRBAYCANDA HƏRBİ DONANMA GÜNÜ

(1918)

 

1918-ci il avqustun 5-də Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması təşkil olunub. Donanma ilk vaxtlar “Qars”, “Ərdəhan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət olub. 1920-ci ilin aprel işğalından sonra “Qırmızı Donanma” adlandırılan Azərbaycan hərbi-dəniz qüvvələri əvvəlcə bolşevik Rusiyasının, daha sonra isə SSRİ-nin Xəzər Hərbi Donanmasının tərkibinə daxil olub. 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb. 26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” kimi qeyd olunur.

 


MƏMMƏDTAĞI BAĞIROV

(1890-1961)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi Məmmədtağı Abbas oğlu Bağırov 1890-cı il avqustun 5-də Bakıda dünyaya gəlib. Sənət yoluna Hüseyn Ərəblinskinin teatr truppasında qadın rolları oynamaqla başlayıb. “Əsli və Kərəm”də Əsli, “Leyli və Məcnun”da Leyli obrazlarını oynayıb. “Arşın mal alan”, “Şah İsmayıl”, “Koroğlu”, “Aşıq Qərib” və başqa tamaşalarda da unudulmaz obrazlar yaradıb. 1924-cü ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Rüstəm bəyin bütün mahnılarını səsləndirib. Məmmədtağı Bağırov 1961-ci il aprelin 16-da Bakıda vəfat edib.

 

 

NİL ARMSTRONQ

(1930-2012)

 

ABŞ Hərbi Dəniz Donanmasının zabiti, astronavt Nil Armstronq 5 avqust 1930-cu ildə Ohayo ştatında anadan olub. 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunub. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçub. 16-24 iyul 1969-cu ildə E.Oldrin və M.Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçub. Ayın səthinə iyulun 21-də enib və bununla da Aya ayaq basmış ilk insan kimi tarixə düşüb. NASA-nın “Müstəsna xidmətlərə görə” qızıl medalı, ABŞ Konqresinin aeronavtika üzrə Fəxri medalı, bir çox ölkənin ordenləri ilə təltif edilən Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat edib. Aydakı kraterlərdən birinə onun adı verilib.

 

 

SƏRVƏR QƏNİYEV

(1937-2010)

 

Azərbaycanın xalq artisti, skripkaçısı və dirijor Sərvər Soltan oğlu Qəniyev 1937-ci ilin bu günü Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, ikinci kursdan etibarən isə peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, professor, kafedra müdiri və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1991-ci ildən ömrünün sonunadək Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Sərvər Qəniyev 2010-cu il sentyabrın 5-də Ankara şəhərində vəfat edib və cənazəsi Bakıya gətirilərək, II Fəxri Xiyabanda dəfn olunub.

 

 

RAFİQ TAĞI

(1950-2011)

 

Yazıçı-filosof və həkim-kardioloq Rafiq Tağının doğum günüdür. Rafiq Nəzir oğlu Tağıyev 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbində, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində və Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Müxtəlif illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının, Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi, Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. "EQO" Yaradıcılıq Ordeninin və Azad Yazarlar Ocağının üzvü olub. 2007-ci ildə "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib və milli, irqi, dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Amma 8 aydan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb. 2011-ci il noyabrın 19-da naməlum şəraitdə bıçaqlanan Rafiq Tağı əməliyyat olunsa da, noyabrın 23-də vəfat edib və Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

 

 

ASİF RÜSTƏMOV

(1956-1992)

 

Qarabağ müharibəsi şəhidi Asif Rüstəm oğlu Rüstəmov 5 avqust 1956-cı ildə Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açıb. Kənd orta məktəbini bitirdikdən sonra Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Qarabağ müharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yollanıb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. Asif Rüstəmov 1992-ci il sentyabrın 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Keştazlı kəndində dəfn olunub.

 

 

SAKİT MƏMMƏDOV

(1958)

 

Azərbaycanın xalq rəssamı, professor Sakit Qulam oğlu Məmmədov 1958-ci ilin bu günü Neftçala şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində təhsil alıb. Dünyanın ən mötəbər sərgi salonlarında və qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. «Xatirə şəkli», «Oyun», «Məşq», «Falabaxanlar», «Ad günü», «Leninqrad xatirələri», «Yaşasın İstanbul», «Bayram», «Toy», «Metro», «13 nömrəli avtobus», «Həvəskar» və başqa əsərlərin müəllifidir. Sakit Məmmədov bir çox mükafatlara və fəxri fərmanlara layiq görülüb.

 

 

SİDDİQƏ MƏMMƏDOVA

(1925-2017)

 

Azərbaycanın əməkdar elm xadimi, alim, akademik Siddiqə Rza qızı Məmmədovanın anım günüdür. O, 1925-ci il martın 8-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. Gəncə şəhə­rin­də Kənd Təsərrüfatı Texnikumunda və Azərbaycan Kənd Təsərrüfatı İns­titutunun Aqronomluq fakültəsində təhsil alıb. 1948–1951-ci illərdə həmin institutun aspirantı olub. Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlayıb, 1963-cü ilədək burada assistent və dosent vəzifələrini tutub. 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib və ömrünün sonunadək həmin vəzifədə çalışıb. 220-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kita­bının, 3 monoqrafiyanın, 7 ixtiranın, 3 kataloqun müəllifidir. Bir sıra orden və medallarla təltif olunan Siddiqə Məmmədova 2017-ci ilin avqustunda Bakı şəhərində vəfat edib.

 

 

MERİLİN MONRO

(1926-1962)

 

XX əsrin ən məşhur kino ulduzlarından və pop ikonlarından biri, əsl adı Norma Jeane olan Merilin Monro da bu gün xatırlanır. O, 1 iyun 1926-cı ildə Los-Ancelesdə doğulub. Uşaq evində böyüdüyü üçün təhsil ala bilməyib. 20 yaşında modellik etməyə başlayıb, aktyorluq və müğənnilik kurslarına qatılıb. İlk dəfə "Xor lediləri" filmində mahnı oxuyaraq rəqs edib. 1953-cü ildə oynadığı "Niaqara" filmi ilə məşhurlaşmağa başlayıb. 1959-cu ildə rol aldığı "Bəziləri isti sevir" filminə görə “Qızıl Kürə” mükafatı qazanıb. Müxtəlif filmlərdə yaddaqalan obrazlar yaradıb və musiqilər səsləndirib. Oynadığı rollara görə bir çox mükafatlara, 1954-cü ildə isə "Ən məşhur aktrisa" tituluna layiq görülüb. Merilin Monro 1962-ci ilin avqustunda Los-Ancelesdəki evində müəmmalı şəkildə vəfat edib. 1999-cu ildə "Playboy" jurnalının keçirdiyi sorğu nəticəsində XX əsrin ən cazibədar qadını adına layiq görülüb. Onun haqqında 300-dən artıq kitab yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR