Dahi Bülbülün evindən...

# 17:23
22 fevral 2016

APA TV-nin "Muzey, İrs, Tarix"  verilişi bu dəfə yolunu Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin Mükafatı laureatı professor Murtuza Məmmədovun - Bülbülün ev muzeyindən salıb. Bu Memorial Muzey Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə yaradılıb. Muzeyin  açılışı 10 iyun 1982-ci ilə təsadüf edib. 
 
Muzeyin fondunda Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi sənətinin bütün sahələrinə aid 9000-ə yaxın sənəd və material toplanıb. Bülbülün Memorial Muzeyinin eskpozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. 
 
Muzeydə ümumi sahəsi 75 kv.m olan 4 ekspozisiya otağı var. Üç otaq memorial, digəri isə sərgi otağıdır. 
 

Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb. 
 
Mənzillə ilk tanışlıq sənətkarın büstü ilə başlayır. Heykəltəraş Aslan Rüstəmovun 1978-ci ildə yaratdığı bu əsər muzeyə gələnləri elə girişdəcə qarşılayır. Girişdə həmçinin Bülbülün xatirəsini əbədiləşdirən fotostendlər nümayiş olunur. 
 
Bundan sonra muzeyin əsas ekspozisiyası ilə tanışlıq başlayır. Birinci guşə sənətkarın sağlığında olduğu kimi saxlanılmış yataq otağıdır. Burada Almaniyadan gətizdirilmiş yataq dəsti və mebel diqqəti cəlb edir. Çarpayı ilə üzbəüz Bülbülün kostyumu asılıb.  Bu otaqda həmçinin Bülbülün doğma şəhəri olan Şuşadakı evinin maketi var. 1897-ci il iyunun 22-də Bülbülün doğulduğu həmin ev 1992-ci il mayın 8-dək, yəni erməni işğalınadək muzey olub. 
 
Divarda Bülbülün ailəsi ilə fotoşəkilləri və Nadir Əbdülrəhmanovun Şuşa mənzərəsi nümayiş etdirilir. 
 

İkinci otaq qonaq otağıdır. Mebelləri necə var, elə də qorunub saxlanılıb və bir dəfə də olsun restavrasiya olunmayıb. Otağın əsas eksponatları Bülbülün yaradıcılıq həyatından bəhs edən sənədlərdən, ona həmkarlarının və dostlarının bağışladığı hədiyyələrdən, sənətkarın özünə məxsus “WEINBACH” markalı royaldan və xaricdə çəkdirdiyi şəkillərdən ibarətdir. 
 
Muzeyə gələn qonaqların diqqətini çəkən maraqlı eksponatlardan biri də 1931-ci ildə İtaliyada nəşr  olunan  məşhur musiqi jurnalı “Arte Nostra” dır. Bu jurnalın 1931-ci il buraxılışlarının birində Bülbülün böyük portreti və haqqında məqalə dərc edilib. 
 
Bu otaqda həmçinin 1914-cü ildə Gəncədə Bülbülə təqdim edilən pasport və digər önəmli sənədlər var.
 
Burada məşhur insanlar qonaq olublar, eləcə də gənc bəstəkarlar Bülbüldən məsləhətlər alıblar. Bu otaqda da Bülbülə bağışlanan və üzərində böyük şəxsiyyətlərin imzası olan hədiyyələr var.  
 
Üçüncü otaq Bülbülün iş otağı olub. Məhz bu otaqda o, yeni konsert proqramlarını hazırlayar, yeni operalar yaradardı. Burada Bülbül Azərbaycan musiqisinə dair yeni əsərlər ərsəyə gətirməklə yanaşı elmi məqalələr və məruzələr yazardı, elmi konfranslara və vokal müşavirinə hazırlaşardı. 
 
Bu otaqda ən çox diqqət cəlb edən dünya şöhrətli amerikalı ixtiraçı Tomas Edisonun ixtira etdiyi fonoqraf, yəni səsin yazılması və dinlənilməsi üçün ilk qurğu var. Bu qurğunu Bülbül 1932-ci ildə Rusiyanın Leninqrad – indiki Sankt-Peterburq şəhərindən alıb, evinə gətirib. Bülbül bu qurğu vasitəsilə təkcə özünün yox, eləcə də bir çox xanəndə və musiqiçilərin səsini yazıb, redaktə edirdi. 
 
Bu otaqda həmçinin Bülbülün Aşıq qurultayında məruzə ilə çıxışı zamanı çəkilən şəkilləri, tələbə və gənc bəstəkarlarla olan fotoları da var. 
 
Üçüncü otaqda 1930-cı ildə Bülbülə hökümət tərəfindən təqdim edilən piano var. Dahi bəstəkar Fikrət Əmirovun “Şur” və  “Kürd- ovşarı” simfonik muğamları məhz bu pianoda Bülbülün iştirakı ilə yaradılıb. Bu əsərlərdən sonra Azərbaycanda simfonik muğamlar yaranmağa başlayıb.  
 

Bu otaq radio ilə də diqqət çəkir. Bülbül onun qarşısında əyləşib, dinləyər, dincələrdi. Radionun qarşısında Bülbülün vərəqlədiyi jurnal da olduğu kimi qorunub saxlanır. 
 
Ona məxsus yazı masası da  məhz bu otaqdadır. Masanın üzərində sənətkarın şəxsi əşyaları yer alır.  Burada Bülbülün təşəbbüsü ilə nəşr edilən not dəftərləri, əlyazmaları və məqalələri var.  
 
Dördüncü otaq uşaq otağı olub. İndi bu otağın missiyası Bülbülün xalq xanəndəliyindən professional vokal sənətinin ustasına qədər keçdiyi böyük yaradıcılıq yolunu əks etdirməkdir.  
 
Sərgi 1920-ci ildən - Bülbülün ilk dəfə Kərəm obrazında çıxış etdiyi “Əsli və Kərəm” muğam operasının proqramından başlayaraq sənətkarın xatirəsini əbədiləşdirən vitrinə qədər xronoloji ardıcıllıqla tərtib olunub. Bu otaq bülbülün aldığı mükafatlar, Fəxri Fərmanlar, dəvət olunduğu dövlət əhəmiyyətli tədbirlər, çıxış etdiyi yubiley tədbirlərinin və operaların şəkilləri, afişa və proqramları, müharibə dövrünə aid yaradıcılıq materialları ünvanladığı iki təşəkkür teleqramı, təltif olunduğu medallar, deputat vəsiqələrinin nümayiş olunduğu vitrinlərdən ibarətdir. 
 
Vitrinlərin birində Bülbülün 40 ilə yaxın Opera teatrında istifadə etdiyi qrim ləvazimatları da var. Bu onun kiçik qrim çantasıdır. Burada Rigoletta operasının 80 ildir qorunub saxlanılan afişası, eləcə də Toska operasının proqramı var. Bülbülün 1935-ci ildə Azərbaycan SSRİ Əməkdar artisti, 1938-ci ildə Xalq artisti adına layiq görüldüyünü təsdiq edən sənədləri də eksponatlar arasında görmək olar.  
 
Bu otaqda tanınmış iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə yaradılan və hazırda dünya okeanında üzən tankerin maketi də var. Bu tanker dahi Bülbülün adını daşıyır.

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR