Yıldıray Arslan: “Səni onunla oynatsaq, oynaya bilərsənmi, dedilər...”

# 12:29
9 iyun 2017

APA TV – də yayımlanan “Ömür yoldaşı” proqramının növbəti qonağı -  TRT-nin Bakı ofisinin rəhbəri Yıldıray Arslan, həyat yoldaşı  Lalə  xanımı, rəqs edərkən bəyənib- sevdiyini söyləyib: Rəqs müəllimi dedi ki, bir qızımız var, onunla səni oynatsaq, oynaya bilərsən? Oynayaram, dedim. Gördüm ki, uzun saçlı, ağ paltarlı, iri gözlü gözəl bir qızdır”.

O vaxt rəqs qrupunun üzvü olan Lalə xanım: “Bizim İçərişəhərdə “Karvansaray”da bir proqramımız var idi. Mən bir neçə rəqsi solo oynayırdım. “Ləzginka” da oynamalı idim. Özü də bir türklə... Müəllim Yıldıraya müraciət etdi. Yıldıray da razılaşdı”. 

25 il əvvəl evlənmə qərarının necə qarşılandığına  da aydınlıq gətirib  Lalə xanım: “O zaman nə olacaq, necə olacaq deyə çox qorxu var idi. Rəhmətlik qayınanam  da, mənim ailəm də bu xəbərdən şoka düşdü. O çətinliklərdən keçdik. 6 ay, sadəcə, söhbət elədik. Evlənmə təklifi alandan sonra, Türkiyəyə getdik. Ailəsi ilə tanış olduq.  Onları ailəmizə çox uyğun gördük ”.

Yıldıray bəy zarafatla “o zaman Türkiyəyə bir Zeynəb Xanlarova gəlirdi, bir də Lalə Arslan gəldi ” söyləyəndə Lalə xanım onun dediklərini təsdiqləyib: “O vaxt Türkiyəyə gedən ilk gəlinlərdən oldum. Gənc olduğum üçün qorxmadım. Diribaş idim. Əksinə yeni, naməlum yerə özümü atmaqdan xoşum gəlirdi. Yıldıraya da çox güvənirdim”.

Yıldıray Arslan ömür yoldaşının qətiyyətini yüksək dəyərləndirdiyini söyləyib: “Çox inadcıldır, qərarlıdır. Qərarlarını yerinə yetirməyi sevir ”. Buna baxmayaraq,  25 il əvvəl fərqli mühit  19  yaşlı qız üçün çətinliklərsiz ötüşməyib:  “Birdən-birə hər şey dəyişdi. Məkan, dil, mühit ... İlk vaxtlar  bəzi şeylər, məsələn, ayaqqabılarını geyinib-soyunmaqda qonağa kömək eləmək, əl öpmək kimi adətlər qəribə gəlirdi mənə. Sonra hamısına alışdım”.

“Qəzetçiliyin əsl məktəbi həyatdır”- deyən Yıldıray Arslan illər boyu jurnalistikanın ən qaynar sahəsi olan “Xəbərlər” bölümündə çalışıb: “Mənim hərbi jurnalistliyim bir tale yazısı idi. 1988-ci ildə TRT-də işə başladım. 1990-cı illərin əvvəllərində ilk  xarici iş yerim Azərbaycan oldu. O vaxt Sovetlər dönəmi idi. İnformasiya da xaricə  oradan  ötürülürdü. Qarabağ həqiqətləri haqqında  birinci dəfə ilk mənbədən  reportajı biz hazırladıq. Həmin reportaj Türkiyədə gündəmə çevrilmişdi”.

İki qardaş ölkənin dəyərlərini ailələrində qovuşduran ömür yoldaşlarının  qarşılaşdıqları ən böyük çətinlik həm də məcburi ayrılıqlarla bağlı olub. Lalə xanım, bu mənada çox narahatlıq keçirib: “Mənə ən çətin gələn Yıldırayın daim xaricə getməsi idi. 2-3 ay Çeçenistanda döyüş bölgələrində olması, öldümü-qaldımı nigarançılığı, uşağın “atam nə vaxt gələcək?” sualları... Onu gözləmək həmişə çətin oldu. O zamanlar əsgərliyə də getdi... Bu ayrılıqlar, oraya alışmaqdan daha çətin idi. Mənim  tək varlığım, ən yaxınım o idi. Amma o getdiyi zaman, sanki, tamam tənha qalırdım. Tez qayıtsın, yalqızlığım bitsin deyə  gözləyirdim”.

Ailədə, məişətdə fərqli cəhətlər kənardan daha aydın görünür. Bu mənada Yıldıray bəyə qəribə gələn nə olub?

“Süfrədə çox yemək olur. Ət olmasa, “ac qaldıq”- deyirlər. Təzə-təzə Azərbaycandan qonaqlar gələndə  rəhmətlik  anam deyərdi ki, bunlar nə çox çay içir. Sizdə az qala, 24 saat çay içilir”.

Türk yeməklərini qayınanasından və qonşulardan öyrəndiyini qeyd edən Lalə Arslan:  “Bizim yeməklər ağır gəlirdi onlara. Onlar həftədə 1-2 dəfə ət yeyərlər. Bizdə isə hər yerdə ət var. Dolmaları bəyəndilər, dovğanı bəyəndilər. Mən də onlara  daha çox göyərti, salatlar yeməyi öyrətdim ”.

İndi ailənin ən  böyük sevgisi və qayğısı övladları Alpla bağlıdır: “Övladımız Alp tamam başqa cür uşaqdır...  Ata geni öz işini görür. O, Kanadada 2 illik kino - televiziya kollecini bitirdi. İndi  həmin ölkədə  universitetin Siyasi Əlaqələr  bölümündə  təhsil alır ”.

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR