300-ə yaxın məhsul rüsumdan azad olunub

# 10:46
21 noyabr 2023

Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib ki, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub. Nəticədə 2015-2022-ci illərdə qeyri- neft ixracının həcmi 2,3 dəfə artmış, ötən il isə qeyri-neft ixracı dövriyyəsi tarixdə ilk dəfə 3 milyard ABŞ dollarını keçib. Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu il yerli istehsalda istifadə edilən 300-ə yaxın malın gömrük idxal rüsumlarından azad olunduğunu deyib. Onun sözlərinə görə, bu, yerli istehsalın maya dəyərinin azalmasında mühüm rol oynayıb. Elnur Əliyev hazırda qeyri-neft ixracının artırılması məqsədi ilə 10 ölkə ilə imzalanmış Azad Ticarət sazişi və Türkiyə Respublikası ilə preferensial ticarət sazişinin qüvvədə olduğunu vurğulayıb. Bu sazişə uyğun olaraq, bir sıra kənd təsərrüfatı və digər Azərbaycan və Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir. O, həmçinin neft və qazın dünya bazar qiymətlərinin azalmasına baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunduğunu deyib. Forumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə DGK-nin qarşısında duran əsas strateji hədəflərini açıqlayıb. Şahin Bağırov xarici ticarət və biznesin idarə edilməsi sahəsində bir neçə alətin istifadəyə verildiyini bildirib. O deyib ki, forumda əsas məqsəd yeni alətlər olan “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi kimi konseptual layihələri sahibkarlara təqdim etməkdir. Və forumda həmin layihələrin təqdimatı olub. Qeyd edək ki, tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR