Ağsunun Elabad kəndində nə baş verir? – Bu kənd əsl zibilə düşüb

# 15:53
27 noyabr 2023

Ağsunun Elabad kəndinin sakinləri problem içində boğulurlar. Sakinlər bilmir kənddə suyun olmamağından gileylənsinlər, zibilliyin təmizlənməməyindən şikayət etsinlər, yoxsa canavarlardan. Dağlıq ərazidə yerləşən kənddə cəmi bir bulaq var. O da dərəyə yaxın ərazidə yerləşdiyindən yuxarıda yaşayanlar suyu daşımaqda çətinlik çəkir. Suyu pulla almaq istəyənlər isə 50 manatından keçməlidir. Digər tərəfdən də kəndi zibil cənginə alıb. Təmizlənməyən zibilliyin üfunətli qoxusu sakinlərin kabusuna çevrilib. Canavarlar isə camaata gün verib işıq vermir. Sakinlərin bildirdiyinə görə, elə il yoxdur ki, mal-qaradan 10-15 baş heyvanı canavar tələf etməsin. Canavarların kəndlilərə etdiyi zülmə bir son qoya bilmək ümidi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, canavar yaşayış məntəqəsinə, heyvanlara hücum edirsə və bu hal təkrarlanaraq ciddi təhlükə yaradırsa bu zaman özünü müdafiə üçün canavarın vurulması mümkündür. Kənddə mövcud olan digər problemlərlə bağlı Elabad kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Miracəddin Xıdırov sözlərinə görə, kəndin ərazisindəki zibillik probleminin başlıca səbəbi elə kənd sakinlərinin özləridir. Dəfələrlə sakinlərlə yolların və ətraf sahələrin təmizliyi haqqında maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq deyilənlərə əməl olunmur. Qurumdan o da bildirilib ki, canavarla əlaqədar Ağsu rayon baytarlıq idarəsinə məlumat verilib. Müəyyən tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Su problemi ilə bağlı isə bildirildi ki, yay aylarında kənddəki bəzi evlərə su xəttində təzyiqin az olması səbəbindən su çatmır. Bu problemin də olmasının başlıca səbəbi kənd sakinlərin su kranlarından lazımsız istifadəsi olur. Bələdiyyədən o da bildirildi ki, kənddəki su xətti bir neçə il bundan qabaq Ağsu su idarəsinin balansına təhvil verilib. Odur ki, susuzluqla bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, kənddə hər bir evə su çəkilməsi və sayğacların quraşdırılması ilə bağlı təkliflər var və reallaşdırılacaq. Qeyd edək ki, kənddə 200-dən artıq sakin yaşayır. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR