Baydenin “nüvə icazəsi” Ağ Evi qarışdırdı? – Neil Vatson APA TV-yə danışdı

# 16:20
6 fevral 2024

ABŞ-nin İraq və Suriyada İranla əlaqəli bazaları bombalaması regionda müharibə təhlükəsini daha da artırıb. Pentaqonun məlumatına görə, 80-dən çox hədəf vurulub və bu, İordaniyadakı ABŞ hərbi bazasına hücuma cavabdır. Hava zərbələri nəticəsində SEPAH-ın yüksək rütbəli üzvü Seyid Həmzə Ələvi ölüb. Bundan başqa, İranın himayə etdiyi qruplaşmalara qarşı cavab zərbələrinin ikinci dalğasında Yəməndə azı 36 husi obyektinə hava zərbələri endirilib. Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yerli “NBC News” telekanalına müsahibəsində “ABŞ-nin İrana zərbə endirməkdən imtina edib-etmədiyi” ilə bağlı suala cavab verməkdən imtina edib. O, bildirib ki, nəyin olub, nəyin olmayacağı barədə təfərrüatlara girmək fikrində deyiləm". Əgər İran “ABŞ-yə birbaşa cavab vermək qərarına gəlsə”, “onlar tez və qətiyyətli cavab alacaqlar”, biz əlavə zərbələr endirəcəyik və əlavə tədbirlər görəcəyik”, deyə Ceyk Sallivan vurğulayıb. “The New York Times”ın xəbərinə görə, İran bütün ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri işə salınıb. Eyni zamanda, İraq sərhədi boyunca ballistik raketlər yerləşdirilib. Tehran Vaşinqtonu “iki ərəb dövlətinin suverenliyini və BMT Nizamnaməsini pozmaqda” ittiham edib. Husilər isə geri çəkilməyəcəklərini bildiriblər. ABŞ Prezident Co Bayden isə “əgər amerikalıya xətər yetirsəniz, biz cavab verəcəyik", deyib. ABŞ prezidentliyinə namizəd və eks prezident Donald Tramp da baş verənlərə görə, Bayden administrasiyasını günahlandırıb və ölkə başçısını İrana nüvə proqramını inkişaf etdirməyə icazə verdiyinə görə tənqid edib. Onun sözlərinə görə, İran yaxın 60 gün ərzində nüvə silahı alacaq. Bütün sadalananlar ABŞ və Britaniyanın İrana hücum edəcəyini, yaxud Ağ Evlə Tehran arasında savaşın qaçılmzlığını deməyə əsas verir. Amma bəzi siyasi ekspertlər bu fikirdə deyil. Məsələ ilə bağlı kanalımıza açıqlama verən Britaniyalı siyasi şərhçi Neil Vatson bildirib ki, ittifaq Tehran dəstəkli qruplaşmalara zərbə endirsə də, tərəflərin müharibəsi inandırıcı gəlmir. O vurğulayıb ki, baş verən hadisələrin bir qismi ABŞ-nin daxilindəki stabilliyin bərpasına hesablanıb. Amma qarşıdurma baş versə, bu, böyük dağıntılara səbəb olacaq. İsrail-HƏMAS qarşıdurması barədə də fikir bildirən siyasi şərhçi vurğulayıb ki, hadisələrdə İranın da maraqları var. Hadisələri yaxından izləyən Ankara vəziyyətlə bağlı tərəfləri günahlandırıb. Türkiyə Xarici işlər naziri Hakan Fidan yerli mediaya müsahibəsində vəziyyətin yaxşı olmadığını, tərəflərin odla oynadığını bildirib. Qeyd edək ki, Böyük Britaniyaya məxsus yük gəmisi Qırmızı dənizdə növbəti dəfə hücuma məruz qalıb. Bu isə bütövlükdə Yaxın Şərq üçün atəşkəsin yaxın zamanlarda olmayacağı kimi yozulur.

Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR