Bu gün Ağdamın günüdür – O bir də ruhlar şəhəri olmayacaq

# 14:51
20 noyabr 2023

 

Ağdam... Qarabağın bəy otağı olan bu şəhərin günüdür bu gün. Bu gün Ağdamın, ağdamlıların günüdür. Çünki, Ağdamın işğaldan azad edilməsindən 3 il ötür. İşğal altında keçirdiyi 27 ili əzab-əziyyətlə başa vurdu Ağdam. Erməni işğalı dövründə olmazın vandallıqlara məruz qaldı. Tarixi, mədəni abidələri, təbii sərvətləri məhv edildi, Ağdam “ruhlar şəhəri”nə çevrildi. Azərbaycan, əzəli torpağı olan Ağdam şəhərini Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytardı. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatdı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarıldı. Bununla da, Ağdamın 27 illik işğalına son qoyuldu. Prezident İlham Əliyevin bu il imzaladığı sərəncama əsasən, 20 noyabr - Ağdam şəhəri günüdür. Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu gün Ağdam şəhərində bərpa-quruculuq işləri aparılır, yeni infrastruktur qurulur, yaşayış məhəllələri salınır, sənaye parkları, aqroparklar yaradılır. İndi Ağdam üçün yeni dövr başlayır. Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR