Burada hər məhəllənin öz meydanı, öz məscidi var

# 16:30
28 fevral 2024

Ordubadda hər bir məhəllənin öz meydanı, məscidi, çarhovuzu, çeşməsi və hamamı ilə yanaşı çinar ağacları da var. Bu gün də şəhərin qədim məhəllələrinə getdikdə eyni mənzərənin şahidi olursan. Ordubadın Taqqılbablı qədim qapıları, palçıqdan ucaldılmış hasarları, qədim tikilililəri və dar küçələri bizi tarixi keçmişimizə aparır. O keçmişə ki, qoca çinarlar xanların, bəylərin səltənətinə, müharibələrin bu məhəllələrdə toz qaldıran gurhaguruna anbaan şahidlik edib. Bu qoca çinarların kölgəsi maarifçilik ideyaları ilə mövhumata şillə vuran Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev kimi onlarla ziyalının başı üzərində olub. Bu diyarın insanları da çinarları tək uzunömürlüdür. Ordubad şəhərində hansı səmtə, hansı küçəyə yolunuz düşərsə, mütləq çinarlarla rastlaşacaqsınız. Hələ şəhər mərkəzindəki daha böyük çinarları demirik. Onun kölgəsində neçə nəsillər dincəlib, kim bilir. Yerli sakinləri bu çinarlarla əvəzolunmaz bir adət bağlayır. Sakinlər öz əşyalarını sadəcə illərin dostu saydıqları çinarlara etibar edirlər. Neçə-neçə nəsilləri qarşılayıb yola salan bu qocaman ağacın gövdəsinin yarıqlarından sanki onun yorulduğu hiss olunur. Bəlkə də onun düz dibində çağlayan kəhrizin bumbuz suyu qocaman çinara həyat verir, ona “hələ çox bayramlar qarşılayacaqsan” deyir. Ordubad öz gözəlliyi ilə göz qamaşdırır. Bu bölgənin çinarları təbiətin yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir.

Ceyhun Məmmədov Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR