"Ətçilər" adlanan ərazi zəbt olunub, tapşırıq gələndə söküləcək"

# 13:12
13 mart 2024

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində təxminən 30 ilə yaxındır fəaliyyət göstərən və “Ətçilər” adı ilə tanınan ərazinin ləğv edilməsi fikir ayrılıqlarına səbəb olub. Yoldan keçən sakinlər kameraya danışmaq istəməsələr də, yolun açılmasından razı olduqlarını dilə gətirdilər. Ərazidəki sahibkar və işçilər isə vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, söküntü işləri ilə bağlı onlara heç bir xəbərdarlıq olunmayıb. Obyektləri bağlansa işsiz qalacaqlarından narahat olan keçmiş məcburi köçkünlər deyir ki, öz yurdlarına qayıdana qədər ya başqa yerə köçürülməli ya da işlə təmin olunmalıdırlar. Ətçilər və ya kababçılar arasında yerlərinin sökülməsinə məna verə bilməyənlər də oldu. Məsələ ilə bağlı AQTA-ya müraciət etdik. Qurumdan bildirildi ki, sualları aidiyyəti üzrə yerli icra qurumlarına yönəltməliyik. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəmil Qarayevlə əlaqə saxladıq. Şöbə müdiri bildirdi ki, söküntü işləri ilə bağlı dəfələrlə xəbərdarlıq olunub. Cəmil Qarayev həmçinin qeyd etdi ki, yerdə qalan obyektlər də bağlanacaq çünki, sözügedən ərazi zəbt olumuş ərazidir. Orada heç vaxt kafe ya da kababxana nəzərdə tutulmayıb. Cəmil Qarayevin sözlərinə görə, artıq torpaqlar işğaldan azad olunub, odur ki, məcburi köçkünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına geri qayıdırlar. Onlar torpaqlarına qayıtdıqdan sonra burada məskunlaşmağa ehtiyac qalmayacaq.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR