Göygöldə bura üz tutan nəticələr öz babalarını tapır – Alman məskənində

# 17:40
19 fevral 2024

Alman koloniyaları Azərbaycanın müxtəlif bölgələrində izlər, əhəmiyyətli mədəni irslər qoyub. Ən əhəmiyyətli irslərdən biri də Göygöldəki Lüteran kilsəsidir. Almanların Helenendorf adlandırdığı Göygöldəki Müqəddəs İohann Lüteran kilsəsinin yaşı 167 ilə yaxındır. Yerli alman icmasının üzvləri məbədin ərsəyə gəlməsində fəal iştirak ediblər. Məbəd hazırda Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə rayonun tarixini, kənd təsərrüfatını, əhalinin məişətini əks etdirən 1000-ə yaxın eksponat var. Abidə memarlıq üslubu ilə bu gün də maraq kəsb edir. Qırmızı daşdan tikilən kilsənin bir saat qülləsi, 16 böyük, 2 balaca pəncərəsi, iki giriş qapısı var. Məbəddəki iki girişdən biri kilsə xadimləri, digəri isə sakinlər üçün nəzərdə tutulub. Hazırda bu binada almanların həyat tərzini əks etdirən xüsusi guşə fəaliyyət göstərir. Muzeyə gələn almanlar ən böyük sevinci isə öz yaxınlarına aid hər hansı nişan tapanda yaşayırlar. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Helenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, 6 küçə salınıb. Küçədə ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR