Kürdəmirdə bu iki kəndin sakinləri həkimə getmir

# 12:16
20 fevral 2024

Kürdəmirdə hazırda fəaliyyət göstərən tibb məntəqəsi qəzalı vəziyyətdədir. Rayonun Şilyan və Qarasu kəndlərinin sərhədində yerləşən tibb məntəqəsinin binası ötən əsrin sonlarında inşa olunub. Vaxtı ilə həyətyanı sahəsi 3 hektar olan ərazidə kənd xəstəxanası kimi fəaliyyətə başlayan bu məntəqə iki mərtəbəli əsas və birmərtəbəli yardımçı binadan ibarətdir. Binanın tikintisinin başa çatdığı vaxt keçmiş məcburi köçkünlər əsas binada məskunlaşıb. Bu səbəbdən də kənd xəstəxanası yardımçı binada fəaliyyətə başlayıb. Keçmiş məcburi köçkünlər 2006-cı ildə binadan başqa yerə köçürülüb. Amma tikili baxımsızlıq ucbatından elə bir hala düşüb ki, xəstəxana üçün yararsız hesab edilib. Tavan çöküb, döşəmə yararsız halda, qapı-pəncərə istismar müddətini başa vurub və divarlar bir-birindən xeyli aralanmış vəziyyətdədir. Hətta binanın bir hissəsi uçub. Sakinlər deyir ki, məntəqəyə getməyə qorxduqları üçün həkimi evə çağırmalı olurlar. Mövcud vəziyyətdən tək sakinlər deyil, 10 nəfərdən ibarət tibbi heyət də çox narahatdır. Onlar deyir ki, müraciət edən xəstələrə keyfiyyətli xidmət göstərə bilmirik. Sorğumuza cavab olaraq TƏBİB-dən bildirildi ki, TƏBİB tərəfindən qənaətbəxş vəziyyətdə olmayan kənd tibb məntəqələri ilə bağlı çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur. “Bura məntəqələrin təmiri və tikintisi, eləcə də yeni ailə sağlamlıq mərkəzlərinin (ASM) yaradılması daxildir. Bu istiqamətdə beynəlxalq humanitar təşkilatlarla da sıx əməkdaşlıq edilir. Kürdəmir rayon mərkəzindən 18 kilometr aralıda yerləşən və əhalisi 10 000 nəfərə yaxın olan Şilyan kəndində yeni ASM binasının tikintisi ilə bağlı layihə təklifləri hazırlanıb. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə TƏBİB arasında əldə edilmiş razılaşmaya əsasən Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində tibb müəssisələrinin tikilməsi üçün layihə təkliflərinin təqdim edilməsi nəzərdə tutulur.” Qeyd edək ki, qonşu olan Şilyan və Qarasu kəndində ümumilikdə, 11 mindən artıq əhali yaşayır.

Zahid Abışov, Devran Əsgərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR