Makron Azərbaycana möhtac qalır: Qazaxıstan səfərinin gizlinləri

# 19:22
2 noyabr 2023

Fransa prezidentinin son günlər Mərkəzi Asiya ölkələrinə səfərləri dünya mediasında maraqla qarşılanıb. BBC-nin və Beynəlxalq Fransa Radiosunun məlumatına görə, Makronun səfərlərinin əsas məqsədi ölkəsinin və Aropanın nüvə yanacaq tədarükünə artan təlabatla bağlıdır. O da qeyd olunub ki, Nigerdə bu ilin iyul ayında baş vermiş hərbi çevrilişdən sonra Fransa əvvəllər tədarük etdiyi urandan məhrum olub. Belə ki, Nigerin yeni hökuməti Fransaya uran satışını dayandırıb. Üstəlik, həm uran, həm də qaz ixracatçısı olan Rusiyanın 2022-ci ildə Ukrayna ilə müharibəyə başlaması və Avropa Birliyi ilə birgə Fransanın da Moskva əleyhinə diplomatik mövqeyi Makronu alternativ enerji mənbələri axtarışına başlamağa məcbur edib. Yelisey sarayının nümayəndəsi mətbuata açıqlamasında bildirib ki, Emmanuel Makron səfər zamanı enerji sektoru da daxil olmaqla, yeni müqavilələr bağlayacaq. Qeyd edək ki, Ümumdünya Nüvə Assosiasiyasının bu ilin avqustunda dərc etdiyi araşdırmaya görə, Qazaxıstan dünya uran ehtiyatlarının 12 faizinə sahibdir və 2021-ci ildə təxminən 21,8 min ton uran hasil edib və 2019-cu ildə o, dünyadakı uranın 43 faizini istehsal edib. Makronun Astanaya səfərinin təsadüfi olmadığını bildirən dərgilərdə qeyd olunub ki, Qazaxıstan, Fransanın nüvə nəhəngi Orano keçmiş Areva şirkəti ilə 1990-cı illərdən bəri “Kazatomprom” ilə birgə müəssisə olan KATCO və digər layihələrdə iştirak edir. Ötən il isə növbəti 15 il ərzində hasilatı təmin edən yeni müqavilə bağlamaqla əməkdaşlıq genişləndirilib. Makronun səfərindən sitat gətirən məqalədə o da vurğulanıb ki, Fransa prezidenti artıq enerji məsələsində müstəqil siyasət yürütməyə başlayır. Qazaxstan prezidenti Kasım Jomart Tokayevlə görüşündə çıxış edən Makron Qazaxıstanın artıq hansısa güclərin vassalı olmaq istəmədiyini, xalqın mənafeyinə uyğun olan balanslaşdırılmış siyasət yürütmək iqtidarında olduğunu vurğulayıb. Fransa prezidenti daha sonra Özbəkistana səfər edib. Səfər haqqında geniş məlumat verilməsə də, Makronun məqsədinin Qazaxıstan səfəri ilə eyni olduğu bildirilir. Səfərlərin nəticələri ilə bağlı isə hələ ki, rəsmi məlumatlar verilməyib. Nüfuzlu “Politiko” nəşri isə bildirib ki, Fransa Mərkəzi Asiya üzərində Rusiyadan uran almaq istəyir. Dərgi iddianı Rusiyanın nüvə ehtiyatlarına sanksiyanın tətbiq edilməməsi ilə əlaqələndirir. Nəşrdə o da qeyd olunub ki, səfərlər Brüsselin infrastrukturyönümlü investisiya proqramları vasitəsilə regionda təsir üçün Çinlə rəqabət apardığı bir vaxta təsadüf edir. Həm Qazaxıstan, həm də Özbəkistan Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin sərmayəsindən faydalanır. Aİ blokun “Bir Kəmər, bir yol”una cavabı olan “Global Gateway” təşəbbüsünün bir hissəsi olaraq, Özbəkistanla Qazaxıstanı əməkdaşlığa və investisiya layihələrinə cəlb etməklə, bu iki ölkədə nüfuz qazanmağa çalışır. Digər maraqlı nüans isə ondan ibarətdir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanın qonşularını və müttəfiqlərini ondan uzaqlaşdırmağa çalışdığını söyləyib. Rəsmi hesabatlara görə, Fransanın hazırda 56 reaktoru olan 18 atom elektrik stansiyası var. Hökumət bu rəqəmləri artırmağı da düşünür. Bildirilib ki, xarici enerjidən asılılığını azaltmaq ehtiyacına cavab olaraq, Makron 2022-ci ilin fevralında Fransanın 28 il ərzində daha 14 yeni nüvə reaktorunun tikintisinə 51,7 milyard avro xərcləməyi planlaşdırır. Bəzi politoloqlar isə düşünür ki, Fransanın Mərkəzi Asiya ölkələri ilə uran razılaşması alınarsa, məhsulun yalnız quru yolla aparılması mümkündür ki, burada da rəsmi Paris ya Rusiya ilə, ya da Cənubi Qafqaz üzərindən tədarükünü təşkil etməlidir. Ona görə də Makron və onun hökuməti Cənubi Qafqaz, xüsusilə, Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır.

Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR