Nehrəm sakini:“Danabaş kəndinin əhvalatları” tək nehrəmlilər üçün yazılmayıb

# 15:30
19 yanvar 2024

Qapısı pas tutmuş bu qıfıllı darvaza deyilənlərə görə təqribən 130 il bundan öncə elm-ürfan qapısı olub. Ədəbiyyatımızda dərin iz buraxmış Cəlil Məmmədquluzadənin ömrünün ən yaddaqalan dövrləri Nehrəm qəsəbəsində dərs dediyi illərə təsadüf edib. O zamanlar oğlanlarla bərabər qızları da təhsilə cəlb edən ədib, məhz bu evdə yaşamaqla bərabər, həm də uşaqlara dərs deyib. İşıqlı gələcək ümidi ilə bu evin qapısını açanlardan biri də Mehralı Cəfərov olub. Mehralı kişi deyir ki, Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” əsərini tək nehrəmlilər üçün yazmayıb. Mehralı kişinin danışdığı xatirələr Cəlil Məmmədquluzadənin hekayələrinin real hadisələrdən qaynaqlandığını bir daha sübut edir. Bu qapı, bu möhrə divarlar, bu pəncərələr bir vaxtlar ədəbi məclislərin, elm fədailərinin haqq səsini eşidib. Mirzə Cəlilin sağlığında Mehralı Cəfərovun yaşı çox kiçik olsa da ədibin qızı Münəvvər xanımı şəxsən görüb tanımaq şansı olub. Mehralı kişi deyir ki, Münəvvər xanım kənddə həm xəstəxanada çalışıb, həm də atası kimi kəndin uşaqlarına təhsil verirmiş. 95 yaşını haqlayan bu kişinin bircə peşmanlığı var. O da “Molla Nəsrəddin” jurnalının əhəmiyyətini gec başa düşmüş olmağıdır. Otaqlara açılan pəncərələrə baxdıqda hiss olunur ki, bu ev Mirzə Cəlilin yaradıcılığına, ömür yoluna işıq tutub. Mirzə Cəlil yaradıcılığının işığı hər zaman parladı və onun ölümündən sonra da sönmədi.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR