Niyə kəndli öz kəndi qala-qala, güzəştli məzili Bakıdan alır?

# 10:13
14 noyabr 2023

Məsələ ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran, Şirvan və Yevlaxda layihələndirmələr aparılıb. Bəzilərində layihələr başa çatdırılıb, bəzilərinin isə üzərində iş gedir. İqtisadçı ekspert Rəşad Həsənli deyir ki, regionlarda güzəştli mənzillərin tikilib əhaliyə əlverişli şərtlərlə satılması uzunmüddətli prosesdir və bu layihənin daha çox tələbin olduğu bölgələrdə icrası mümkündür. Qeyd edək ki, hazırda səmərəliliyin təmin edilməsi, mənzilin daha aşağı qiymətə başa gəlməsi baxımından çoxmənzilli binaların tikintisi daha məqbul hesab edilir. Hazırda dövlət tərəfindən vətəndaşlara mənzil əlçatanlığının təmin olunması, mənzil- məişət şəraitinin yaxşılaşdırılması üçün ipoteka güzəştləri və güzəştli mənzillərin satışı təqdim edilir. Ancaq məsələ burasındadır ki, bu güzəştlər əsasən Bakı və Abşeron ərazisindən kənara çıxmır. Məsələn, Oğuz rayonunda yaşayan bir müəllim güzəştli kateqoriyada olduğu üçün Bakıda Mənzil İnşaatı Dövlət Agentliyi nın təklif etdiyi mənzillərdən ev alır. Amma içində yaşamır, başqa birinə kirayə verib yaşadığı, çalışdığı rayona dönür. Bakıda yaşayan, çalışan müəllim isə güzəştli ev alanlar sırasına düşə bilmir ki, bilmir. Bir neçə gün öncə deputat Səyavuş Novruzov da Milli Məclisdə çıxışı zamanı insanların öz rayonlarında güzəştli şərtlərlə ev ala bilmədiyindən gileylənmişdi. O, ipoteka şərtlərinin dəyişdirilməsini, güzəştli mənzillərin təkcə Bakıda deyil, rayonlarda da tikilməli olduğunu vurğulamışdı. Ekspertlər isə deyirlər ki, bunun iki başlıca səbəbi var. Birincisi, MİDA-nın güzəştli şərtlərlə satdığı mənzillərin əsasən Bakı və Abşeron yarımadasında olmasıdır. İkincisi isə Bakıda ev alan rayon sakinlərinin riskləri düşünmələridir. O fikirləşir ki, ödəniş qabiliyyətini itirərsə, Bakıda aldığı mənzili kirayə verib, pul qazana biləcək. Ekspertin fikrincə, biz çalışmalıyıq ki, Oğuz sakini Oğuzda, Qusar sakini də Qusarda güzəştli şərtlərlə mənzilini ala bilsin. Bunun üçün də bazarı təhlil edib, tələb-təklifdən asılı olaraq, mövcud layihəni inkişaf etdirmək lazımdır. Ekspert bildirir ki, İpoteka Fondundan regionlarda mənzillər təklif etməsini tələb etmək olmaz. Çünki tikinti şirkətləri bu gün regionlara maraq göstərmirlər. Regionlarımızda bazar məhdud olduğu üçün İpoteka Fondunun Abşerondan kənara çıxmaq imkanları məhduddur. Rayonlara, kəndlərə ipoteka kreditləri verilməsi məsələsində isə bir neçə fundamental problem var. Bunlardan ən mühüm olanı kəndlərdə daşınmaz əmlakın likvid olmaması, yəni daşınmaz əmlakın tez nağdlaşdırıla bilinməməsidir. Belə olduğu təqdirdə banklar təbii ki, bölgədə kredit verməyə o qədər də maraq göstərmirlər. Ekspertin sözlərinə görə, kəndlərdə güzəştli ipoteka kreditlərinin verilməsində digər problemli məsələ də burada yaşayan insanların əksəriyyətinin təsərrüfatla məşğulluğudur ki, bu insanların gəlirlərini rəsmiləşdirmək asan deyil. Bu baxımdan da yaxşı olar ki, gələcəkdə kəndlilərə ipoteka kreditləri təşkil edilərkən onların gəlirləri torpaq sahəsinə, təsərrüfatlarının həcminə görə hesablansın. Əks halda, demək olar ki, əhalinin əksətiyyəti bu imkanlardan faydalana bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR