Oğurlanan metalların peyda olduğu yer – METAL QƏBULU MƏNTƏQƏLƏRİ

# 13:32
30 dekabr 2023

 

Şəhərin küçələrindən itən kanalizasiya quyularının qapaqları, yoxa çıxan avtomobil nömrələri və oğurlanan digər metallar hara gedir? Bu suala cavab axtararkən əlbəttə ki, ağıla ilk gələn yerlərdən birincisi metal qəbulu məntəqələridir. Bu məntəqələrdə istənilən növ metalları görmək mümkündür. Bəs sözügedən məntəqələrdə metal qəbulu zamanı qaydalara əməl olunurmu? Bunu araşdırmaq üçün bir neçə metal qəbulu məntəqəsinə baş çəkmək qərarına gəldik. Ancaq hara getdiksə maneə ilə qarşılaşdıq. Hər yerdə bir bəhanə gətirib çəkiliş aparmağımıza mane olmaq istədilər. Nəinki danışmaq istəmədilər, hətta yerdəki dəmir-dümürü belə çəkməyə əngəl olmağa çalışdılar. Metal qəbulu məntəqələrinin əməkdaşlarının danışmaqdan bu qədər boyun qaçırması və çəkilişdən çəkinməsi təbii ki, suallar və şübhələr doğurur. Bununla da oğurluq metalların metal qəbulu məntəqələri tərəfindən alınması ehtimalları artır. Xatırladaq ki, əlvan metalların qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Həmin qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulur. Bu cərimələr fiziki şəxslər üçün 100-200, vəzifəli şəxslər üçün 400-600, hüquqi şəxslər üçün 1000-2000 manatdır. Qeyd edək ki, metal qəbulu zamanı qayda pozuntularına görə təhvil verən və qəbul edən məsuliyyət daşıyır. Məntəqələr metal qəbulunu müvafiq sənədlərlə aparmalıdır. Şübhə doğuran məqamlarla rastlaşdıqda isə bu barədə dərhal polisə məlumat verilməlidir.

ORXAN ASLAN ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR