Qiyməti 15-25 manat arasında dəyişir, ondan zəhərlənmək isə mümkün deyil - REPORTAJ

# 10:30
12 aprel 2021

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən martın əvvəllərindən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.

APA TV-nin yerli bürosunun  xəbərinə görə, quzuqarnının bir kiloqramı 15-20 manata satılır. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, bunun da öz çətinliyi var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram quzuqarnı toplamaq olar.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra bir neçə dəqiqə suda qaynadılır. Sonra xırda doğranmış soğanla birlikdə qovurulur. Bişdikdən sonra üzərinə yumurta vurularaq süfrəyə verilir.

Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.

- Əsasən mart və aprel ayının 15-nə kimi olur. Onda da zəhərlənmə olmur. Hamısını da bir-bir meşədən yığırıq. Ləzzətli və keyfiyyətli maldır. Yağış olanda bol olur, olmasa heç olmur.

- Qiyməti hazırda 20-25 manat arasında dəyişir. Mövsümi göbələkdir. Çox dadlı olur. Meşələrdə az olur. Bildiyimiz göbələk kimi deyil. Xeyirlidir, zəhərlənməsi yoxdur.

Quzuqarnı toplayanlar bildirir ki, bu göbələk adını görünüşünə görə alıb. Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq çətindir. Amma rayon sakinləri hər il quzuqarnı yığdığqlarından onun daha çox bitdiyi yerləri bilirlər.

Meşədə əsasən qovaq ağaclarının altında bitən göbələk Xaçmazda, Şabranda daha çox yığılır. Bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR