Qorxu filminin içində həyat – “Gündüzlər taksi kimi, gecələr oğru kimi gəlirlər”

# 12:38
14 fevral 2024

Sakinlər qorxu içindədir, oğrular artıq yaşayış olan mənzillərin qapılarına əl uzadır. Gördüyünüz mənzərə Abşeron şəhərciyi, sosial mənzillər olan ünvandandır. Bütün mərtəbələr üzrə qapıların xüsusi dəmirlə kilidi qırılır və mənzildə olan istilik sisteminə aid qurğular oğurlanır. Binada artıq açılmayan qapı qoymaya oğrular lift şaxtalarını və generatorları çıxarıb aparırlar. Məsələ ilə bağlı ilk olaraq Abşeron Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazi onların balansındadır və mütəmadi olaraq nəzarət edilir, lakin oğurluqlarla əlaqəli cavabdeh qurum onlar deyil. DİN mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirdi ki, qeyd edilən ünvanda baş verən oğurluq halları ilə bağlı polis əməkdaşları tərəfindən bir müddət əvvəl əməliyyat tədbirləri həyata keçirilib: ”Həmin binalarda quraşdırılan kombi avadanlıqlarının və liftlərin ehtiyat hissələrini oğurlayan 2 dəstənin üzvləri saxlanılaraq məsuliyyətə cəlb edilib. Baş verə biləcək digər neqativ halların qarşısını almaq üçün ərazidə polis əməkdaşları tərəfindən mütəmadi olaraq xidmət təşkil olunub”- deyə, o əlavə edib. Sakinləri narahat qoyan problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Sosial Xidmətlər Agentliyi ilə də əlaqə saxladıq. Agentliyin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Murad Həşimov isə edilən oğurluqlar barədə hüquq mühafizə orqanlarına müraciət ünvanlayacaqlarını deyir: “Abşeron rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin təqdim edildiyi yaşayış kompleksində sakinlərin rahat yaşayışı, onların asudə vaxtının səmərəli təşkili məqsədilə lazımi şərait yaradılıb, kompleks zəruri infrastrukturla təmin edilib. Bir müddət əvvəl yaşayış kompleksinin 2 binasında yerləşən istifadəsiz 20-dən çox mənzilə bir neçə nəfər şəxs soyğunçuluq və oğurluq məqsədilə daxil olaraq həmin mənzillərdən çoxlu sayda kombi, radiatorlar, qaz sobalarını , eləcə də lift avadanlıqlarını oğurlayıblar. Hadisə ilə bağlı binaların nəzarətçisi tərəfindən polis orqanlarına məlumat verilib, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxslər saxlanılıb. Eləcə də hazırda dəymiş zərərin müəyyənləşdirilməsi üçün iş aparılır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanacaq ” - deyə o əlavə edib.

Xədicə Səxavət, Vüsal Qəmbərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR