Üç qitənin bir internet problem: “Rəqəmsal İpək yolu qurula bilər”

# 16:42
12 mart 2024

Qırmızı dənizdə internet böhranı davam edir. IT mütəxəssisləri iddia edirlər ki, Avrasiya və Afrika materiklərində internet uzunmüddətli kəsilə bilər. Bildirilib ki, buna səbəb qırmızı dənizdəki internet kabellərinin bir neçəsinin kəsilməsi və buna görə də digər xətlərin yüklənməsi ilə bağlıdır. Xatırladaq ki, martın 5-də axşam saatlarında Amerika IT korporasiyalarının xidmətləri iki saat ərzində əlçatmaz oldu. Google, Meta və digər şirkətlərin hesablarına girişlər dayandı. CNN-in məlumatına görə, qlobal kəsilməyə husilərin sualtı internet kabellərinə hücumları səbəb olub. Qeyd olunub ki, Yəmən sahillərində beynəlxalq internet və telefon rabitəsi üçün istifadə edilən üç dənizaltı kabel kəsilib. “Globe” nəşrinin məlumatında da bildirilib ki, husi qiyamçıları Qırmızı dənizdə Asiya, Avropa və Afrikanı birləşdirən beynəlxalq sualtı kabel şəbəkəsini zədələyiblər. Nəticədə Səudiyyə Ərəbistanı ilə Cibuti arasında yerləşən 4 kommunikasiya kabeli ciddi zədə alıb, Fars körfəzi ölkələri və Hindistanda internetin işində fasilələr yaranıb. Şirkətlər zədələnmiş xətlərin bərpasının minimum iki ay çəkəcəyini bildiriblər. Bir çox ekspertlər hesab edirlər ki, husilərin bölgədəki destruktiv fəaliyyəti Suveyş kanalı, həm də Rusiya və Belarusdan keçən şimal dəhlizlərinin ciddi təhlükədə olduğunu göstərir. Qənaətə görə, həm cənub, həm də Orta dəhlizin əhəmiyyəti artır. Maraqlıdır ki, bu yola Rəqəmsal İpək yolunu da əlavə etmək mümkündürmü? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən deputat Tural Gəncəliyev bildirib ki, Yaxın Şərqdəki proseslər və Rusiya-Qərb qarşıdurması Orta dəhliz marşrutunun əhəmiyyətini daha da artırır. O əlavə edib ki, Azərbaycanın da bu xəttin üzərində yerləşməsi onu açar ölkəyə çevirir. Deputat rəqəmsal ipəkyolu regionun da əhəmiyyətinin artacağını bildirib. Xatırladaq ki, Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər. Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə raket zərbələri endirməkdədir.

Fuad SAdıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR