Ucar sakininin 33 ildir aldığı təqaüd niyə kəsildi?

# 17:16
28 dekabr 2023

Ucar sakininin aldığı əlilliyə görə təqaüdü 33 ildən sonra kəsilib. Rayonun Oğuz küçəsində yaşayan Tərlan Məhəmməd oğlu Həsənov deyir ki, 1988-ci ildən 3-cü qrup əlil kimi təqaüd alıb. Təxminən 33 ildən sonra, 2021-ci ildə pensiyası kəsilib. Vətəndaş bildirir ki, məsələ ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət edib. Amma həm maddi, həm fiziki imkanı olmadığı üçün problemin həlli ilə axıra kimi maraqlana bilməyib. Tərlan Həsənov ayağında olan 15-dən artıq sınıq səbəbindən yeriməkdə çətinlik çəkir, iş qabiliyyəti yoxdur. Həm sağlamlıq vəziyyəti, həm də yaşı ona işləməyə imkan vermir. Müsahibimiz deyir ki, bir oğlu ilə yaşayır. O da 2019-cu ildən məşğulluq xidmətinə iş üçün müraciət edib. Amma hələ də iş tapa bilməyib. Məsələ ilə bağlı ilk olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxladıq. Baş həkim şifahi şəkildə bildirdi ki, şikayətçi Tərlan Məhəmməd oğlu Həsənovun rəsmi olaraq həkim məsləhət komissiyasında müraciəti yoxdur: “Vətəndaş rəsmi olaraq komissiyaya müraciət etməlidir”-deyə, baş həkim əlavə etdi. Vətəndaşın müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, Həsənov Tərlan Məmməd oğluna təyin olunan əlillik müddəti 01.05.2021-ci il tarixində başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb: “Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməli və yenidən müvafiq sənədlərini poliklinika e-sistemə göndərməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”-deyə, açıqlamada qeyd edilib. Tərlan Həsənovun oğlu Azad Həsənovun işsizliklə bağlı probleminə bir çarə tapmaq ümidi ilə Dövlət Məşğulluq Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Ucar rayon sakini Azad Həsənovun 23.09.2023-cü ildə məşğulluq filialına müraciəti olub: “Lakin vətəndaşın məşğulluq sistemində qeydiyyatı tamamlanmayıb. Çünki o, məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi üçün məşğulluq filialına yaxınlaşmayıb. Daha sonra Azad Həsənov 22.12.2023-cü il tarixdə yenidən Filialın Ucar rayon xidmət şöbəsinə müraciət edib. Vətəndaşa qanunvericiliyə uyğun məlumat verilib və qeydiyyat statusunun bərpa olunması üçün növbəti ayın ilk iş günündə xidmət şöbəsinə yaxınlaşması tövsiyə olunub” -deyə, bildirib. Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR