Xocalı sakinlərinin pusquya düşdüyü yerdən reportaj

# 11:32
26 fevral 2024

Bir kəlmə kəsmədən, 32 illik yasın kədəri ilə getdiyimiz bu yol bizi dağlarında, meşələrində, küçələrində, kəndində, kəsəyində qan ləkəsi qalan Xocalıya aparır. Yol yoldaşımız olan Xocalı sakini illər sonra ilk dəfə o dəhşətlərin yaşandığı torpağa ayaq basacaq, qarqar çayında donan, doğranılan, öldürülən Xocalı sakinlərinin - anaların, körpələrin faciəsindən Xocalının özündə danışacaq. Qadınların, uşaqların, qocaların qanına qəltan edildiyi vaxt yaşananların qarşısını almağa çalışan, milli orduda döyüşçü olan Araz da Xocalı qədər kədərlidir. Çünki o gün öldürülən o günahsızları nə Xocalı qoruya bilmişdi, nə Araz. Özü də Xocalı sakini olan Araz Məmmədov doğma torpağın müdafiəsinə qalmışdı. Amma onların avtomatları ermənilərin texnikaları qarşısında gücsüz idi. Suyuna qan qarışan Qarqar da o gecə Xocalılıların qarşısına sədd çəkmişdi. Həmin gecə erməni vəhşiliyi qədər Qarqarın suları dan qan dondururdu. Qarqarı keçəndən sonra dinc sakinlərin güllə-baran edildiyi əraziyə çatırıq. Bu qarlı meşələr çoxlarına məzar olur...O qanlı gecədə. Adama elə gəlir ki, o gün orada ölənlərin səsi, nəfəsi hələ də bu dağlardadır. Müsahibimiz deyir ki, Xocalıda elə bir ailə yoxdur ki, itki verməsin. Xocalı sakinlərinin soyqırımına məruz qaldıqları gecə sağ ələ keçib əsir düşənlər də olub. Xocalıların Xocalıda qalan izlərinin yer üzündən silinməsi üçün bütün qəddarlıqlar törədilib. İndi Xocalıya üz tutan yerli sakinlər öz doğmalarının məzarlarını belə tapa bilmir. O gecə Xocalıdan sağ çıxanlar 32 ildir faciənin yükünü çiyinlərində, əzab-əziyyətlərini ürəyində gəzdirir və o acı xatirələrin girdabında hər gün ölüb-dirilirdi. Bu gün də ürəklərində gəzdirdikləri o ağrı-acının tək təsəllisi doğma yurd yerinin azadlığıdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Emin Babayev Fəzail Səfərov Xocalı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR