Qul Şəmsəddinin yaratdığı bir əsrlik dövlət - ATABƏYLƏR

# 14:25
12 dekabr 2016

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan Atabəylər dövlətinə həsr olunub. İndiki Azərbaycan torpaqlarında qurulmuş təxminən bir əsrə qədər davam edən bu dövlətə fərqli baxışlar olsa da, əksəriyyət Azərbaycan Atabəylər dövlətini Böyük Səlcuq İmperatorluğunun əsl varisi hesab edir. Proqramda dövlətin yaranma tarixi, Şəmsəddin Eldənizin həyatı, aparılan müharibələr, dövlətin süqutu ilə bağlı maraqlı məqamlara toxunulub. 

 

 

Böyük Səlcuq İmperatorluğunun varisi - Azərbaycan Atabəylər dövləti

 

Məlik şahın ölümündən sonra böyük ərazilərdə hakim olan Böyük Səlcuq İmperatorluğunun daxilində ayrı-ayrı şahzadələr arasında çəkişmələr güclənir. Bu çəkişmələr nəticəsində bu böyük imperiyanın ərazisində ayrı-ayrı şahzadələrin hamiləri, tərbiyəçiləri tərəfindən dövlətlər sistemi formalaşır. Məsələn, Anadolu ərazisində mərkəzi Konya olmaqla Anadolu Səlcuq Sultanlığı, Ön Asiyada Azərbaycan ərazilərinin də daxil olduğu İraq Səlcuq Sultanlığı, Xəzərdən şərq hissədə isə sonradan Sultan Səncər tərəfindən yaradılmış, guya özlərini Böyük Səlcuq İmperatorluğunun varisi elan etmiş başqa bir dövlət formalaşır. Və bu dövlətlər içərisində müxtəlif atabəylik adı ilə tanınmış Mosul, Fars, Kirman atabəylikləri olur. Bu atabəyliklərdən biri də Azərbaycan Atabəylər dövləti idi. Faktiki olaraq, tarixi gedişatdan biz görürük ki, İraq Səlcuq Sultanlığının həqiqi varisi Azərbaycan Atabəylər dövləti idi.

 

Qul Şəmsəddinin yaratdığı böyük dövlət

 

Bu dövlət necə yaranır? Bu dövlətin qurucusu əslində Şəmsəddin Eldəniz sayılır. Şəmsəddin Eldənizin adı tarixlə bağlı kitablarda iki formada işlənir – Eldəniz və Eldəgiz. Bu isə onunla bağlıdır ki, dilimizdə “n” səsini ifadə edən “nun” hərfi yox idi. Əslində, onun adı Şəmsəddin Eldənizdir.

 

O, indiki İraq ərazisinə qul kimi gətirilmişdi. Lakin belə bir ifadə var ki, “Tanrı türkü qul kimi yaratmır”. Orta əsrlərdə yaranmış dövlətlərin əksəriyyətinə baxsaq, Qəznəvilərdə Səbutəkin qulam idi, lakin dövlət qurdu, Hindistanda Qutbəddin Aybək qul idi, dövlət qurdu, Misirdə Bəybars Burcoğlu qul idi, sonradan dövlət qurdu. Şəmsəddin Eldənizi qul bazarına gətirərkən cılız bədənli adam idi, yolda arabada yıxılmışdı. Yuxudan oyanandan sonra növbəti karvan ilə öz karvanına çatmışdı. Mənbə yazır ki, Şəmsəddin Eldənizin gəldiyi karvan qala qapılarına yaxınlaşarkən Şəmsəddin Eldəniz özünü yetirir. Burada qəribə bir hadisə baş verir. İraq Səlcuq sultanlığının vəziri Əbu Həmid Ukə özü üçün 40 qul alır. 41-ci qul Şəmsəddin Eldəniz olur. Alverçi onu bonus kimi verir, hətta əvəzində pul almır. Sonradan Əbu Həmid ismaillilər tərəfindən öldürüldüyünə görə onun bütün varidatı, o cümlədən ,əmsəddin Eldəniz Sultan Mahmudun ixtiyarına keçir. Çox keçmir ki, Şəmsəddin Eldəniz İraq Səlcuq Sultanı II Toğrulun sarayında çox böyük nüfuz qazanır. O şahzadələrin tərbiyəsi ilə məşğul olurdu. II Toğrulun vəfatından sonra hakimiyyətə gələn Sultan Məsud qardaşı II Toğrulun dul qalmış qadını Möminə Xatunu Şəmsəddin Eldənizə ərə verir. Üstəlik, Aranı da ikta olaraq Şəmsəddin Eldənizə bağışlayır. Buna görə həmin tarix, 1136-cı il Azərbaycan Atabəylər dövlətinin yaranış tarixi hesab olunur.

 

Atabəylər dövlətinin Naxçıvan, Həmədan və Təbriz dönəmi var. Naxçıvan dönəmi bilavasitə Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Mənbələr, xüsusilə Sədrəddin əl Hüseyni cılız bədəninə baxmayaraq xüsusilə bu adamı ox atmaqda, şahmat oynamaqda, at çapmaqda mahir bir şəxs kimi qələmə verir. Sultan Məsud öldükdən sonra Səlcuq Sultanlığında böyük çaxnaşma başlayır. Bu çaxnaşmaları Şəmsəddin Eldəniz önləyə bilir. 1160-cı ilə Azərbaycan ordusu ilə Bağdada daxil olur və oğulluğu Arslan şahı, yəni Möminə Xatunun II Toğruldan olan oğlunu hakimiyyətə gətirir. Ondan sonra ona Böyük Atabəy titulu verilir.

 

Atabəylər ordusunun gürcü hökmdarları üzərində qələbəsi

 

1160-1175-ci illər Şəmsəddin Eldənizin çox gərgin fəaliyyət dövrüdür. 1157-ci ildə Azərbaycan qərb sərhədlərində olan Ani, Dəbil şəhərlərində, o cümlədən Borçalı ərazisində hələ də türkmənlər yaşamaqda davam edirdi. Onların Atabəylər dövlətinin dəstəyinə ehtiyacı vardı. Gürcülər üzərinə ilk hücum məhz 60-cı illərdə başlanır. Bu dövrdə gürcü taxtında qeyri-legitim yollarla hakimiyyətə gəlmiş III Georgi əyləşmişdi. O, hiyləgər addım atır, qızı Rusudanı İraq Səlcuq Sultanı Süleyman şaha ərə verməklə qohumluq əlaqəsi yaradır və bundan istifadə edərək Azərbaycanın qərb torpaqlarını çapıb talayır. Şəmsəddin Eldəniz “İslamın qapısı” adlanan Naxçıvanda böyük ordu toplayır, Ərmən hakimi Sökmənin orduları da yardıma gəlir. Şəmsəddin Eldəniz burada əmirlərin müşavirəsini təşkil edir. Orada müraciət edir ki, “nə deyirsiniz, biz sadəcə hədə-qorxu ilə cavab verək, yoxda Tiflis üzərinə yeriyək?”. Burada Ərmən hakimi Sökmən çox orijinal bir cavab verir: “Əgər biz gəlmişiksə, həmin şər qüvvələrin qanı ilə şər tonqalını mütləq söndürməliyik”. Şəmsəddin Eldəniz Gəncəyə çatanda III Georgiyə məktubla müraciət edir – “Vaxtilə Tiflis şəhərini tutmuşdunuz, mən indi bu şəhəri qaytarmaq üçün gəldim”.  Möhtəşəm döyüş baş verir. O dövrdə gürcü ordusu həm də xaçlılar tərəfindən müdafiə olunurdu. Üçdişli nizələrlə silahlanmışdılar. Sədrəddin əl Hüseynin yazdığına görə, müsəlmanlar böyük qələbə qazandılar. Qənimət kimi ələ keçirilən gümüş çəlləklər, qab-qacaqlar Şəmsəddin Eldəniz tərəfindən qüsl etdirilərək Həmədan məscidinə göndərilir. Yenidən Naxçıvana qayıdandan sonra Şəmsəddin Eldənizə xəbər gəlir ki, Dəbil şəhəri yenidən gürcülər tərəfindən dağıdılıb. Hətta orada görülməmiş bir vəhşiliyə əl atılıb - müsəlman qadınları lüt-üryan Tiflisə aparıblar. Tiflisdə gürcü qadınların özləri belə həmin sərkərdələrə demişdilər ki, müsəlmanlar bizimlə belə davranmırlar. Amma siz məcbur edirsiniz ki, müsəlmanlar da qələbədən sonra bizimlə belə davransınlar. Hətta öz paltarlarını çıxarıb həmin qadınlara geyindirmişdilər. Təbii ki, onların bu addımı əvəzsiz ötüşmədi. 1164-cü  ildə Şəmsəddin Eldəniz növbəti yürüş edərək həm Anini, həm də Dəbili işğalçılardan qurtardı. O cümlədən, Borçalı ərazisində Atabəylər dövlətinin hakimiyyəti yenidən bərpa olundu.

 

Atabəylər dövlətinin Məhəmməd Cahan Pəhləvan dövrü

 

Şəmsəddin Eldəniz ahıl yaşında vəfat edir. Çox qəribədir ki, Şəmsəddin Eldənizin, onun həyat yoldaşı Möminə Xatunun və onun oğulluğu Arslan şahın ölüm tarixləri arasında o qədər də uzaq məsafə yoxdur -  40 gün, 1 il. Arslan şah öləndən sonra yenə İraq Səlcuq Sultanlığını dağıtmaq istəyən qüvvələr fəaliyyətə keçirlər. Lakin bu vaxt artıq Şəmsəddin Eldəniz dövründə hacib, yəni baş vəzir vəzifəsinə təyin edilən Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın fəaliyyət dövrü başlayır. İraq Səlcuq Sultanlığı taxtına isə bu dövrdə Arslan şahın oğlu III Toğrul gəlir. Məhəmməd Cahan Pəhləvan azyaşlı III Toğrulun atabəyi elan edilir.

 

Məhəmməd Cahan Pəhləvanın dövründə istər qərb sərhədlərindən, istərsə də şimal sərhədlərindən olan yürüşlərin qarşısı alınmaqla yanaşı, Səlahəddin Əyyubi ilə də toqquşmalar baş verir. Bu toqquşmalar zamanı Məhəmməd Cahan Pəhləvan özünə paytaxt seçdiyi Həmədanı müvəffəqiyyətlə qoruya bilir. Məhəmməd Cahan Pəhləvanın dövründə demək olar ki, Atabəylərin ərazisində sülh, əmin- amanlıq bərqərar olur. Hər hansı daxili çəkişməyə rast gəlinmir. Əsas çəkişmələr Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşları arasında idi.

 

Saray daxili çəkişmələr, sui-qəsdlər, hakimiyyət dəyişikliyi...

 

Məhəmməd Cahan Pəhləvan sui-qəsd nəticəsində öldürüldükdən sonra sözün əsl mənasında İraq Səlcuq Sultanlığı Atabəylər dövlətində çox güclü çəkişmələr başlayır. Bir-birinə zidd olan bir neçə qüvvə yaranır. Bu isə qonşu dövlətlərin bu  dövlətin daxili işlərinə qarışmasına şərait yaratmışdır. Bu qüvvələrin qarşısını almaq məqsədi ilə hakimiyyətə Məhəmməd Cahan Pəhləvanın qardaşı Qızıl Arslan gəlir. Qızıl Arslan artıq Atabəy kimi fəaliyyət göstərmir. Mənbənin yazdığına görə, Azərbaycan ordusu ilə Bağdada girən Qızıl Arslan özünü sultan elan etdirir. Paytaxt olaraq qədim Azərbaycan şəhəri olan Təbriz seçilir.

 

Qızıl Arslan saraydakı intriqalara son qoymaq üçün hətta qardaşının arvadı ilə də evlənir. Buna baxmayaraq, təbii ki, Qızıl Arslan hakimiyyətdə o qədər də olmur. O da sui-qəsd nəticəsində öldürülür. Bundan sonra sözün əsl mənasında Atabəylər dövləti daxilindəki çəkişmələr daha da güclənir. Bir tərəfdən xəlifənin müdafiə etdiyi və artıq yetkinlik yaşına çatmış sultan III Toğrul, bir tərəfdən Xarəzmşahın  müdafiə etdiyi Qutluq İnanc Mahmud, bir tərəfdən Məhəmməd Cahan Pəhləvanın Qətibə Xatundan olan uşaqları Əbu Bəkr və Özbək, bu tərəfdə isə Əmir Miran Ömər vardı. Qızıl Arslan öldürüldükdən sonra hökmdarın üzüyünü anası çıxarıb Əbu Bəkrin barmağına taxmışdı və faktiki olaraq, hökmdar Əbu Bəkr idi. O, Təbrizdən daha çox Naxçıvanda otururdu. Qardaşı Özbək də onun yanında idi. Şərq tərəfdən Xarəzmşah Əlaəddin Təkiş tərəfindən müdafiə edilən Mahmud İnanc- Qutluq İnanc Mahmud, şimal və qərb istiqamətində isə Əmir Miranı müdafiə edən Şirvan və gürcü qoşunları idi. Bu isə Atabəylər dövləti daxilindəki çaxnaşmaları daha da gücləndirir.

 

Atabəylər ordusunun ard-arda məğlubiyyətləri

 

Bu çəkişmələr nəticəsində dövlətin müdafiə qabiliyyətini zəiflətmişdi. Çox təəssüf ki, Əbu Bəkr hakimiyyəti illərində Atabətlər əvvəlcə Şəmkir, sonra Beyləqan və Gəncə döyüşlərində məğlub olur. Gəncə şəhəri hiylə yolu ilə ələ keçirilir. Şəhər mühasirədə olarkən Əmir Miran Ömər şəhər əhalisinə bəyan edir ki, “narahat olmayın, gürcü qoşunu şəhərə girməyəcək. Babam mənə bu şəhəri vəsiyyət edib”. Baba deyərkən Məhəmməd Cahan Pəhləvanı nəzərdə tuturdu. Gəncəlilər isə hətta zəlzələ zamanı gürcülərin qoşunlarının şəhərə necə divan tutduqlarını bilirdi. Ona görə də gürcü qoşunlarını şəhərə buraxmaq istəmirdilər. Əmir Miran Ömərin sözünə aldanıb həmin qoşunu şəhərə buraxandan sonra gürcülər şəhəri talan etmişdilər. Bu yalanına görə Əmir Miran Ömər gəncəlilər tərəfindən ciddi cəzalandırıldı. Onu öldürdülər, gürcü qarnizonunu isə şəhərdən qovdular. Bundan sonra Naxçıvanda olan Əbu Bəkrə müraciət edirlər. Əbu Bəkr də öz növbəsində oğlunu Gəncəni idarə etməyə göndərir.

 

Süqut...

 

Bu biri istiqamətdə isə III Toğrul ilə Qutluq İnanc Mahmud toqquşurdu. Bu toqquşma zamanı III Toğrul məğlub olur. Sədrəddin əl Hüseyni gözəl bir epizod yazır: “Səlcuqlu sultanının tonqalının sonuncu qığılcımı havada parlayaraq söndü”. III Toğrul ilə İraq Səlcuq sultanlarının hakimiyyətinə son qoyulur. Qutluq İnanc Mahmud Əlaəddin Təkişin köməyi ilə aldığı torpaqlardan möhkəmlənmək istədikdə Əlaəddin Təkiş onu qətlə yetirir. Əbu Bəkrin ölümündən sonra 1210-cu ildə hakimiyyətə gəlmiş qardaşı Özbəkin dövründə Azərbaycan Atabəylər dövrləri süqut etmək üzrə idi. Azan verilərkən qayda belədir ki, Allah və peyğəmbərin adı çəkiləndən sonra hökmdarın adı çəkilirdi. Azərbaycan məscidlərində verilən azanlarda Əbu Bəkrin adı yox, Xarəzmşah Əlaəddin Təkişin adı çəkilirdi.

 

 

 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR