İdil-Ural türkləri: çuvaşlar, tatarlar, başqırdlar

# 11:07
27 fevral 2017

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Volqa çayı boyunca yaşayan türk xalqlarına, İdili-Ural türklərinə həsr olunub. Verilişdə türk tarixində mühüm rol oynamış, türk dünyasına böyük şəxsiyyətlər bəxş etmiş çuvaşlar, tatarlar və başqırdlar haqqında bilmədiyimiz bir çox məqamlara aydınlıq gətirilir.

 

Avrasiya türk qurşağında İidl-Ural türklərinin yeri

 

Bütün dünya xalqlarının müxtəlif təsnifat növləri var. Bu təsnifat növlərindən birincisi dil təsnifatıdır. Dillərin yayılmasına uyğun olaraq coğrafi areallara görə bölgülər meydana çıxır. Bu gün türk xalqları haqqında danışırıqsa, türk xalqlarının yayılma arealı bütün Avrasiya boyudur və sanki Avrasiyada bir qurşaq təşkil edir. Bu qurşaq içərisində təbii ki, İdil-Ural türkləri mühüm yer tutur. İdil-Ural bölgəsinin bütövlükdə linqvistik mənzərəsinə baxsaq, bu gün orada yerli saydığımız türk Ural xalqları ilə yanaşı, eyni zamanda slavyanlar da məskunlaşıb. Təbii ki, bu, sonrakı tarixi prosesin nəticəsində meydana gəlib. Bölgənin qədim əhalisi isə qeyd etdiyimiz kimi daha çox Altay -Ural xalqları, xüsusilə, Altay xalqları içərisində türk qoluna mənsub olan İdil və Ural türkləridir.

 

Tatar sözünün mənşəyi

 

Ural türklərinin müxtəlif təsnifat prinsipləri var. SSRİ və ondan əvvəl çar Rusiyasında mövcud olan sistematikaya əsasən onları çox vaxt ümumi adla - tatar deyə çağırırdılar. Sonradan rus işğalları cənub və şərqə doğru getdikcə onlar qarşılarına çıxan türk xalqlarının əksəriyyətini tatar adlandırmağa başladılar. Ona görə də ilk növbədə tatar adının izahını vermək lazımdır. Ta-ta etnosunun adı ilk dəfə Çin mənbələrində çəkilir. Avropada isə Tartariya deyə işlənən adla Çində işlənən ta-ta etnonimi üst-üstə düşmüş və nəticədə bu gün yanlış olaraq  bir çox türk xalqları bu adla adlandırılır. Onu da qeyd edək ki, öz adını, etnonim olaraq tatar deyə çağıran yeganə xalq xakaslardır. Xakaslar isə İdil-Uraldan xeyli uzaq bir ərazidə yaşayırlar.

 

Bugünkü rus-sovet sistematikasına uyğun olaraq adlandırsaq, İdil-Uralda türk xalqları olaraq çuvaşlar, tatarlar və başqırdlar təmsil olunurlar. Dünya linqvistikasında qəbul edilmiş qaydaya görə, Ural-Altay dilləri bir ailə kimi götürülür, çünki dillərin fonetik tərkibi, leksikaları, eyni zamanda qrammatik baxımından aqqlutinativ sistemə aiddirlər. Onların qonşuluğunda Ural xalqları - marilər, mordvalar, udmurdlar, komilər yaşayır. Rusiya Federasiyası tərkibində hazırda Çuvaşiya, Tatarıstan və Başqırdıstan ayrı-ayrı respublikalardır. Bunların hər birinin ayrı-ayrılıqda etnogenezinə baxmaq mümkündür. Eyni zamanda onlar bir-birinə sıx bağlıdırlar.

 

Qafqazdan İdil-Ural bölgəsinə köç etmiş çuvaşlar

 

Çuvaşlar haqqında danışsaq, hazırda onların ümumi sayı 1,5 milyona çatır. Onlar özlərini suvaz adlandırırlar. Bu isə alimlərin fikrincə, qədim türklərin ən böyük qollarından biri olan suvarların adı ilə bağlıdır. Dünya linqvistikası çuvaş dilinin türk dillərinin bulqar qoluna aid olduğunu qəbul edir. Bulqar dilləri içərisində hətta çuvaş dili sağ olan yeganə dil hesab edilir. Digər dillər isə ölü sayılır. Çuvaşların özləri iki qismə ayrılır. Bəzi ədəbiyyatlarda isə onları 3 qismə bölürlər. Çivaşları əsasən, virial və anatri deyə iki qola ayrılırlar, bir də orta qurşaqda yaşayanları anatri-eçak deyə adlandırılır. Dillərində o qədər də fərqlilik yoxdur.

Çuvaşların etnogenezi haqqında danışarkən hələ konkret bir fikrə gəlinməyib. Təbii ki, hər bir xalqın etnogenezini araşdırarkən ilk növbədə, qan yaddaşına xüsusi diqqət yetirmək lazımdır. Çuvaşların mifologiyasına görə, çuvaşların əcdadı olan Ulup Batır - ulu bu gün də türk dillərində böyük mənasında işlənir, batır isə pəhləvan mənasında - Armazi deyilən bir dağda yaşayırmış. Armazi dağı hazırda Tiflis şəhərindən 12 kilometr qərb tərəfdə yerləşir. Qədim gürcü mənbələri də həmin Armazi adlı yeri məbədgah kimi qəbul edirlər. Eyni zamanda, çuvaş mifologiyası deyir ki, bizlərin əcdadları əvvəllər Armazi dağında yaşayırdılar. Ulup Batırın qoyun sürülərinin sayı o qədər çoxalır ki, artıq Tanrıya iddia ilə çıxış etməyə başlayır. Bu zaman Tanrı onu cəzalandırır. Hər tərəfi su basır. O zaman Ulup Batır Azamat adlı dəmirçiyə müraciət edir ki, mal-qarasını və özünü xilas etmək üçün körpü düzəltsin.  Həmin eposa görə, Əzəmət adlı dəmirçi Armazidən İdil sahillərinə qədər göy qurşağının rənglərinə uyğun olaraq 7 rəngdən ibarət körpü salır. Həmin göy qurşağı ilə Armazidən indiki çuvaşların yaşadığı əraziyə köç baş verir. Bəzən mifologiya bəsit görünsə də, son dövrün tədqiqatları göstərir ki, həqiqətən, gürcü dili ilə çuvaş dilində eyni mənanı verən yüzlərlə söz var. Bu isə çuvaşların indiki Qafqaz ərazisindən getməsi versiyasını təsdiqləyir. Herodot yazır ki, subarların, çuvaşların soykökündə iştirak edən

saspiri, yəni sabir adlı xalq iberlərlə albanlar arasında yaşayıb. Həmin subarlarla bağlı məlumatlar Firudin Ağasıoğlunun araşdırmalarında da var. Subar bəyliyi - indiki Mesopotomiya və Azərbaycan ərazisini əhatə edən böyük bir dövlət idi. Bununla da çuvaşların Volqaboyuna indiki Qafqaz və Ön Asiyadan getdikləri təsdiqlənir. Çuvaşlar Böyük Bulqar dövlətinin yaranmasında yaxından iştirak etmişdilər. Böyük Hun İmperiyası dağıldıqdan sonra onun ərazisindəki dövlətlərdən biri də Xubrat xanlığının başçılığı altında yaranmış Böyük Bulqar çarlığı idi. Sonradan VII yüzillikdə Xəzər xaqanlığının yaranması nəticəsində bulqarların bir qismi şimala doğru, bugünkü Tatarıstan, Çuvaşıstan və Başqırdıstan ərazisinə doğru çəkilir. Digər bir qol xəzərlərə tabe olur, o biri qol isə Dunay sahillərinə köçərək Asparux xanın başçılığı altında ikinci bir Bulqarıstan yaratmış olur, hansı ki, bu dövlət indi Bolqarıstan adı ilə tanınır.

 

Çuvaş Andriyan Nikolayev - kosmosa uçan ilk türk

 

Çuvaşlar bugünkü müsəlman bulqarlardan ayrıldıqdan, xüsusilə də yaşadıqları ərazilər Rusiya tərəfindən işğal edildikdən sonra ruslar islam dinində qalan çuvaşlara tatar deməyə başladı. Xalqın digər hissəsi isə bu gün çuvaş adı ilə tanınır. Çuvaş xalqının yetirmələrindən Andriyan Nikolayev SSRİ-nin ilk kosmonavtlarından biridir. Onu da qeyd etmək lazımdır ki, kosmosa çıxan ilk türk də həmin Andriyan Nikolayevdir. Hazırda çuvaşlar milli irsin dirçəlməsi üçün xeyli tədbir görürlər. Dini baxımdan fərqlilik olsa da, onlarla tatarlar arasında yaxın əlaqələr yaranır.

Dillərini “törki” adlandıran tatarlar

 

Tatarlar haqqında danışmaq ən mürəkkəb məsələlərdən biridir. Tatar etnonimi haqqında danışdıq, ancaq mənbələrin yazdığına görə, tatar adlanan və Çingiz xana düşmən olan tayfa əslində yoxdur, məhv edilib. Bu, mifik tayfadır. Yəni, çuvaşlarda olduğu kimi, tatarların da soyköklərinin əsasında bulqar türkləri dayanır. Bulqarlar yetərincə böyük mədəniyyət yaratmış bir xalqdır. İslam dinini qəbul etmişdilər. Bulqarlar haqqında araşdırma zamanı ilk növbədə ərəb səyyahı İbn Fədlanın “Volqaboyuna səyahət” əsərindən istifadə olunur. Hazırda tatarlar bir neçə qismə ayrılır – Krım tatarları, Həştərxan tatarları, Kasimov tatarları, Sibirdə yaşayan tabos, çulum tatarları. Bu ad altında fərqli dillərdə danışan xalqlar olsa da, ümumi adları türkdür. Maraqlıdır ki, tatarlar öz dillərini törki adlandırırlar. Bu ad bir daha göstərir ki, tatar adı bu xalqa sonradan qoyulmuş qondarma bir addır.

 

İddia: Bugünkü tatarlar bulqar, monqol və tatar türklərinin qarışımasından əmələ gəlib

 

Dövlətçilik tarixinə gəlincə, təbii ki, yaşadıqları bölgədə indi tatar adlandırdığımız xalq çox qədim ənənələrə malikdir. Məsələn, bayaq adını çəkdiyimiz Böyük Bulqar Xaqanlığı düz Avrasiyanın mərkəzində yaranmış bir dövlət idi. Çəkinmədən demək olar ki, bu həm də Avropanın ilk feodal dövlətlərindən biri idi. Bulqar Xaqanlığı Çingiz xanın birinci yürüşü zamanı monqolları darmadağın etmiş qüdrətli dövlət idi. 1236-cı ildən başlayaraq Batı xanın yürüşləri nəticəsində təəssüf ki, bu dövlət süqut etdi. O dövlətin ərazisində olan bulqarlarla Çingiz xan tərəfindən gətirilən moğollar və qıpçaqların qarışması nəticəsində bu gün tatar adlandırdığımız etnos meydana gəldi. Tatarların etnik tarixi ilə bağlı üçlü fikir var - bulqar türklər, tatar türklər, monqol türklər. Guya tatar xalqı bu 3 elementdən əmələ gəlib. Tatarların bir qismi isə hazırda Litva ərazisində yaşayırlar. Təəssüf ki, onların böyük bir qismi artıq öz dillərini unutmaqdadırlar.

Ruslardan xərac alsa da, onları idarəçiliyə cəlb etməyən Qızıl Orda dövləti

 

Monqol yürüşlərindən sonra burada qədim dövlətçilik ənənəsi ilə rastlaşan monqollar yerli əyanları öz sıralarına cəlb etməklə Avrasiya tarixində mühüm rol oynamış Altın Orda və yaxud Qızıl Orda dövlətini yaratdı. Bu dövlət dövrünün ən qüdrətli dövlətlərindən biri idi. Sadəcə olaraq, Qızıl Ordanın bir xüsusiyyəti var idi ki, ruslardan bac alsa da, onları öz idarəçiliyinə cəlb etməmişdi. Bu onunla bağlıdır ki, rusların idarəetmə sistemi türkün idarə sisteminə uyğun gəlməyən bir sistem idi. Ona görə də onlar ayrı-ayrı knyazlıqlardan birinə tapşırırdılar ki, xəracı o yığsın. Qızıl Orda təbii ki, bizim Azərbaycan dövlətləri ilə də mühüm əlaqələr saxlamış dövlətlərdən biridir. Eyni zamanda, türk islam mədəniyyətinə yetərincə töhfələr vermiş dövlətdir. Sonradan onun parçalanması nəticəsində Krım xanlığı, Həştərxan xanlığı və Kazan xanlığı, eyni zamanda Qərbi Sibir xaqanlığı yarandı. Yəni, Qızıl Ordanın parçalanması türk nüvəsinin parçalanması demək idi.

 

Napoleon: “Rusu çox qaşısan, altından tatar çıxar”

 

Son dövrlər tatarların tarixi ilə bağlı obyektiv əsərlər meydana gəlməyə başlayır. Bunların içərisində Karimulninin, İsaakovun əsərlərini qeyd etmək olar. “İmam Cakfar” deyə bir tarix üzə çıxarılıb, hazırda geniş tədqiq edilir. Uzun müddət ərzində, yəni XVI əsrin ortalarından ta 1917-ci ilə qədər tatarlara edilən basqı dünyanın heç bir xalqına edilməyib. Dəfələrlə üsyana qalxsalar da, Çar Rusiyasının orduları hər dəfə üsyanları qan içində boğmağa nail olmuşdular. Digər tərəfdən həmin tatarların bir qismini xristianlaşdıraraq dövlət orqanlarına cəlb edirdilər. Nəticədə Rusiya aristokratiyası içərisində yetərincə tatar soyadlı zadəganlar meydana çıxdı - Karamzinlər, Yusupovlar, Aksakovlar. Vaxtilə Napoleon Rusiyaya yürüş edərkən qəribə mənzərə ilə rastlaşır. O elə bilirdi ki, Rusiya Avropa ölkəsidir, lakin onu qarşılayan qıyıq gözlü, dik papaqlı türkləri görəndə əli ilə üzünü tutub heyrətdən qışqırmışdı ki, “ya Rəbb, mən skiflərlə döyüşməli imişəm”. Napoleonu belə bir ifadəsi var: “Rusu çox qaşısan, altından tatar çıxar”. Bu sözü bu yaxınlarda Rusiyanın prezidenti də işlətdi.

 

Soykökündə daha çox oğuzlar iştirak etsə də, qıpçaq dilində danışan xalq - başqırdlar

 

Bölgənin 3-cü böyük türk xalqı başqırdlardır. Etnonimə gəlincə, bu, adından göründüyü kimi, baş qurd, yəni qurd başlı mənasını daşıyan ifadədir. Bu da təbii ki, türklərin qədim totemi ilə bağlıdır. Onu da qeyd edək ki, qurd başlı personaja suvarların aborigen olduğu bölgədə, yəni indiki Gürcüstanda da rast gəlirik. Gürcü xalqının personajı Vaxtanq Qorqasala – “Qorxusər”, yəni qurd başlı deməkdir. Başqırdların etnogenezi ilə bağlı xeyli araşdırmalar aparılıb. Alim Dıbo araşdırmalarda həm antropoloji, həm linqvistik, həm də etnoqrafik məlumatlara üstünlük verir. Və o bu qənaətə gəlir ki, baxmayaraq ki, başqırdlar qıpçaq dillərində danışan xalqlara aid edilir, əslində, onların soykökündə oğuzlar daha çox iştirak edib. Bu da təbii ki, dəfələrlə tənqid etdiyimiz Altay nəzəriyyəsi ilə bağlıdır ki, daima türk xalqlarının Altaylardan gəldiyini sübut etməyə çalışırlar. Halbuki, başqırdlar bölgənin yerli əhalisi idi.

 

Taleyranın “Atillanın nəvələri” adlandırdığı, Napoleonu Parisə qədər qovan cəngavər başqırdlar

 

Böyük Bulqar Xaqanlığının yaranmasında başqırdlar da mühüm xidmətlər göstəriblər. O dövlətin ayaqda durmasında, müxtəlif dövlətlərlə mübarizəsində başqırdlar həmişə öncül rol oynayıblar. 1557-ci ildə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra başqırdlar dəfələrlə azadlıq mübarizəsinə qalxıblar. Məsələn, Salavat Yulayevin üsyanı, sonrakı mərhələdə Batırşah üsyanı. Yəni, başqırdlar daim mübariz bir xalq olublar. Bu gün başqırdların sayı təəssüf ki, 1,6 milyonu keçmir. Başqırdlardan eyni zamanda 1812-ci il Vətən müharibəsində də çox istifadə edilib. O dövrün mənbələrinin yazdığına görə, bu müharibədə 18 başqırd polku iştirak edib. Eyni zamanda başqırd briqadaları Napoleonun Rusiyadan qovulmasında mühüm rol oynamışdı. Fransanın xarici işlər naziri Taleyran qeyd edir ki, Parisdə müttəfiq qoşunlar parad keçirərkən rus qoşunlarını təmsil edən elə başqırd dəstələri idi. Taleyran üzünü göyə tutaraq deyir: “Ey Allahım, yenidən Atillanın nəvələri Paris küçələrindən keçir”. Fransanın xarici işlər naziri sözsüz ki, başqırdlar kimlərin törəmələri olduğunu bilirdi.  Başqırdlar da öz dillərini “torki dili” adlandırır.

 

Əhməd Zəkinin başqırdları

 

Başqırd xalqının türk dünyasına bəxş etdiyi görkəmli şəxsiyyətlər var. Məsələn, Əhməd Zəki Vəlidi Toğanın əsərləri hamı tərəfindən sevilə-sevilə oxunur. 1917-ci ilə qədər türk xalqları çar Rusiyası tərəfindən əzilirdisə, 1917-ci il inqilabı onlara sanki yenidən azadlıq hərəkatını dirçəltmək üçün şərait yaratdı. İstər başqırdların, istər çuvaşların, istər tatarların, eləcə də digər türk xalqlarının milli oyanış prosesi nəticəsində İdil-Ural Respublikası adlı dövlət quruldu. Çar Rusiyası dağıldıqdan sonra sinfi mübarizə ilə milli mübarizə bir-biri ilə çulğaşmışdı. Qafqaz türkləri kimi İdil-Ural türklərini də sinfi mübarizədən çox ilk növbədə, milli azadlıq qazanmaq, milli müstəqilliyə nail olmaq maraqlandırırdı.

 

Sovet höküməti qurulandan sonra Leninin Şərqin əzilən kütlələrinə müraciəti istər bizim, istərsə də Volqa-Ural türklərinin ziyalıları içərisində belə bir fikir yaratdı ki, daha çox bolşeviklərin yanında olmaq lazımdır. Nəticədə İsmayıl Qaspıralının “İşdə, fikirdə, əməldə birlik” ideyası uğrunda döyüşən Əhməd Zəki Vəlidi Toğan, Sultan Qaliyev və digər görkəmli şəxsiyyətlər bolşeviklərin vədlərinə aldandılar. Çünki Denikin, Kalçak, Vrangel üzərində qələbə qazanıldıqdan sonra artıq İdil-Ural türkləri bolşevik Rusiyasına lazım olmadılar. Elə bir inzibati bölgü aparıldı ki, o bölgü nəticədə bu gün başqırdların 44 faizi Tatarıstanda, tatarların 42 faizi isə Başqırdıstanda yaşayır. Eyni zamanda çuvaşların bir qismi Tatarıstanda, digər qismi isə Başqırdıstanda yaşayır. Bununla da, sovet rejimi illərində etnik bomba siyasəti yeridilirdi.

 

Beş ildə Sibirə 100 min İdil-Ural türkü sürgün edilib

 

Həmin illərdə də Ural türklərinə basqılar davam edirdi. Təkcə, 1925-ci ildən 1930-cu ilə qədər 100 mindən çox türk Maqnitaqorskiyə, Sibirə sürgün edilmişdi. Gizlində isə 10 minlərlə tatar qətlə yetirilmişdi. İdil-Ural türkləri daima türklük duyğusuna, sevgisinə sadiq olan xalqdır. Çar Rusiyasının zabitləri təəssüflə yazırlar ki, Sarıqamış döyüşündən sonra ələ keçirilmiş əsirlər Osmanlı ərazisindən Rusiyaya daşınarkən xəbər tuturlar ki, vaqonlarda türklər var. İdil-Ural türklərindən olan zabitlər həmin vaqonlardakıları qırıb zabitləri, əsgərləri xilas etmişdilər. 

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR