Mənə ad vermədilər, haqqım tapdandı - 95 YAŞLI YAZIÇI VİDADİ BABANLI

# 21:18
6 yanvar 2022

Məni ən çox narahat edən insanların bir-birinə olan münasibətidir. Cəmiyyətimizdə münasibət tam halında deyil. Mən istəyərdim ki, insanların bir-birinə münasibəti mehriban olsun, təmiz yaşasınlar.

Bu sözləri APA TV-nin “Sözüm var” verilişində, 95 yaşlı nasir əməkdar incəsənət xadimi “Sözüm var” deyib.

O bildirib ki, cəmiyyətə yaxşı qulluq eləsinlər, dövlət işlərini bacarıqla görsünlər, öz şəxsi münasibətləri üçün  çalışmasınlar, cəmiyyətin, xalqın xeyrinə çalışsınlar: “Son zamanlar məni sevindirən, ürəyimi açan bizim xalqın ermənilər üzərindəki qələbəmiz oldu. Torpaqlarımız işğaldan azad olundu. Bu məni çox sevindirdi.

Əsgərlərimizdən, zabitlərimizdən, xüsusilə də Prezidentimizdən çox razıyam ki, bizə bu qələbəni yaşatdırdı. 90-cı illərdə Moskvada, orada-burada ermənilər bizi ələ salırdı, gülürdülər ki, Azərbaycan Ermənistanın balaca bir hissəsidir. Biz bu damğadan xilas olduq. Bizim özünü müdafiə etməyi bacaran, qəhrəman xalq kimi dünyada tanınmağımız məni çox sevindirdi.

Vicdanını susduranlar isə təəssüf ki, hələ də çoxdur. Bunun üstündə mübarizə hələ çox getməlidir. Vicdanlarını ən çox vəzifə başında olanlar susdururlar. Mən bundan narazıyam. Bizdə hələ də rüşvətə meyl çoxdur. Əvvəllər belə idi ki, hörmətli adamların sözünü eşidirdilər, dediyini edirdilər, mehriban yaşayırdılar. Amma indi isə, gərək böyük bir vəzifən ola, ya da çoxlu pulun olsun ki, səni sayalar, sənin sözünü eşidələr. Bu, cəmiyyətimizin düzəlməyə ehtiyacı olan tərəfidir.

“Vicdan susanda” əsəri mənə çox baha oturdu. Onun üstündə  məni o vaxt kommunist partiyasının üzvü seçmişdilər, oradan çıxartdılar. Kommunist partiyasının üzvlüyündən çıxartmaq o idi ki, sənin kitabın bağlandı, daha çap edə bilməzsən. Məni dəfələrlə KKB-yə çağırdılar, məni işdən çıxartdılar, 4 il işsiz qaldım, çox ağır günlər keçirdim. Deyirdilər ki, “Vicdan susanda” Sovet hökumətinin əleyhinə yazılmış əsərdir. Amma nə yaxşı ki, bir xeyirxah adam mənən rast gəldi, dedi ki, sən gəl bu əsəri tərcümə elətdir rus dilinə. Rus ziyalıları bir az obyektivdirlər. O əsərə yaxşı qiymət verəcəklər. O adamın köməyi, dəstəyi ilə əsəri burada tərcümə elətdirdim, göndərdim Moskvaya, Moskvada əsəri oxudular, bəyəndilər, çap etdilər. Əsər 4 dəfə çap edilib. ”Vicdan susanda”da Vüqar vardı ha, baş qəhrəman, Vüqarın başına gələnlərin təxminən yarıdan çoxu elə özümün başına gələnlərdir.

İki nəfəri mən çox istəyirdim. Biri İsmayıl Şıxlı, biri də İsa Muğanna. Onlar üçün darıxıram. Biz həmişə biz axşamlar gəzib söhbətləşirdik. İndi onlar yoxdur deyə, onların həsrətini çəkirəm.

Yalandan deyirik ki, qocalıq elədir, belədir, tərifləyirik. Sən demə təriflik cəhəti çox az imiş. Heç bir cəhətdən xoşa gələn deyilmiş. Xüsusən də yazıçı üçün çox çətindir qocalıq. Əl ki qələm tutmur, söz ki yazılmır, bu, yazıçı üçün çox ağırdır. Mənim ürəyimdə mövzular var”.

Nasir deyir ki, istəyərdim ki, yaxşı bir rejissor “Vicdan susanda”nı çəkə bilsin: “Mən bunu çox istəyərdim. Bir də istəyərdim ki, bu axırıncı əsərim “Sabaha ismarıc”ı çəkə bilən olsun.

İncidiyim məqamlar da var. Qərəzkarlıq çox oldu mənə. Mənə ad verilmədi, haqqım tapdandı. Həm də bizim təşkilatda mənə qarşı lazımı münasibət olmadı. Həm də adını da deyəcəyəm, qoy bilsin! Yuxarıda, prezident aparatında Humanitar şöbənin müdiri var idi, Fatma Abdullazadə. O da mənimlə qərəzkar idi. Mənim əsərlərimin külliyyatı çap olunmadı. Ancaq 90 yaşımda seçilmiş əsərlərim 2 cilddə 2019-cu ildə çap olundu.

Mən istərdim ki xalqım bundan qat-qat yaxşı yaşasın. Çünki buna layiq, ürəyi təmiz

xalqdır. Hiyləgər deyil, çox mehriban xalqdır. Dostluğa sadiq adamlardır. Mən istəyərdim ki, bu xalq daha yaxşı, firavan yaşasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR