KQB agenti olduğu ortaya çıxdı, paranoyak adlandırıldı, intihar etdi - Ernest Heminquey “Tarix Adam”da

Ernest Heminquey

# 16:06
30 iyun 2021

Almaniyanın Lüxov şəhərində yazıçı dostların nahar vaxtıdır. Qəfil aralarından biri çıxıb sadəcə altı sözdən ibarət hekayə yaza biləcəyini iddia edir. Həmkarları onu ciddiyə almır. O isə hər dostu ilə ayrılıqda 10 dollardan mərcə girir. Hekayəni yaza bilməsə, həmin məbləği özü ödəyəcəkdi. Yox, əgər bacarsa, bütün pulları alacaqdı. Dostları belə şeyin mümkünlüyünə inanmadıqları üçün, mərcə razılaşan kimi yazıçı fürsəti töhfə vermədən, dərhal masadakı salfetlərdən birini götürüb 3-5 saniyəlik cızma qara edir. Beləliklə, salfetin üzərinə sadəcə üç cümləlik hekayə yazılır: “Satılır: Körpə ayaqqabısı. Heç vaxt geyinilməyib”. Pullar isə artıq Heminqueyin idi.

Söhbət “Qoca və Dəniz” şedevrinin müəllifi, yazıçı-jurnalist, uğurlu ovçu, eyni zamanda vətənpərvər döyüşçü, uzun sözün qısası, özündən başqa hamıya qalib gəlmiş Ernest Heminqueydən gedir. Bir-birindən fərqli detallarla dolu macərapərəst yazıçının qeyri-adi dünyasına toxunmaq üçün bioqrafiyasına baxmaq lazım deyil. Çünki müəllifin bütün həyatı qeyri-adilikdən ibarətdir. 

1899-cu il, iyulun 21-də Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində Heminqueylər ailəsinin ilk övladı dünyaya gəlir. Həkim Klarens Edmons ilə opera müğənnisi Qreys Hollun ailəsində doğulan bu körpə gələcəkdə 20-ci əsrin ən kişiyana yazarlarından birinə çevriləcəkdi. Lakin anası həyatı boyu qız uşağı arzuladığından düz altı il Ernestin kişi olduğunu qəbul edə bilmir. Oğlunun saçlarını uzadır, qız paltarları geyindirib adını da Ernestie qoyur. Evin ilki əvvəllər bu layiqsiz münasibətə dözsə də, ardıcıl travmalardan sonra daha çox əzilməyi qəbul edə bilmir. Nəhayət, altı yaşında ona Ernest deyilməsini tələb edir və saçlarını kəsdirməyə nail olur. Beləliklə də, sonralar hələ altı uşağın da doğulacağı Heminqueylər ailəsinin yazar övladı həyatının ilk üsyanını edir. Yaşadığı travmalar Ernestin ömür boyu anasına nifrət etməsi ilə nəticələnir. Hətta Qreys xanımdan aldığı musiqi dərsləri belə səmimi nifrətinə kölgə sala bilmir. Məhz bu cəbhələşmənin təbii sonluğu kimi atası ilə aralarında güclü mənəvi bağ yaranır. Deyilənə görə, balaca Ernest günlərin bir günü dərə yolunda yıxılıb badamcıqları deşilən bacı-qardaşlarını görəndə dəhşətə gəlir. Atası həmin vaxt şok keçirən oğlunu sakitləşdirmək üçün onu qucaqlayıb, çətinə düşəndə həmişə fit çalmağı tapşırır və Ernest qocalana qədər fit çalmaq adətini əsla tərgitmir. 

Yazıçının təhsil həyatı Birinci Dünya müharibəsiylə toqquşur. Deməli, o vaxtlar təzə-təzə məktəb qəzeti üçün hekayələr yazmağa başlayan Ernest 1917-ci ildə Ouk-Park liseyini bitirən kimi ordu sıralarına yazılmaq istəsə də, sol gözündəki problemlərdən dolayı ilk arzusu ürəyində qalır. Ancaq həmin ilin sonlarında xəbər çıxır ki, Qızıl Xaç komitəsi də müharibəyə könüllü yığır. Təbii ki, Ernest xəbəri eşidən kimi elə ilk müraciət edənlərdən biri olur və təcili yardım sürücüsü kimi fəaliyyətə başlayır. Ancaq hər halda bu cür birinin sadəcə sürücülüklə qane olduğunu demək gülməli alınardı. O Avropadakı ilk xidmət dövrünü Fransanın Paris şəhərində keçirir. Ürəyi valideyn nifrətiylə dolmuş Ernest ikinci travmasını da elə, yenicə başladığı hərbi xidmət dövründə alır. İyulun səkkizi, Avstriya tərəfinin top atəşi nəticəsində o və yoldaşları ağır yaralanır. Hər şeyə rəğmən dostlarını döyüş ərazisindən çıxarmağı bacaran Heminquey isə adını İtalyan qəzetlərinin üz qabığına “Qəhrəman” kimi həkk etdirir. Müharibə illərində göstərdiyi şücaətə görə Ernest gümüş qürur medalı ilə təltif olunur və onun ilk əsgərlik xatirələri də buradaca bitir. Əlbəttə, müəllifin bu dövrdə yaşadığı italiyansayağı uğursuz eşq həyatına  da toxunmaq olar. Lakin əfsus ki, İtalyan piyada birliyində tanış olduğu Agnès adlı qadın Ernestin evlilik xəyallarını yarımçıq qoyur. Müəllif çox sonralar onu tərk edən qadına olan eşqini "Silahlara əlvida" əsərinin bir parçasına çevirir.

Baxmayın, onun belə hüznlü romantikasına. Müəllif əslində, 62 illik həyatı boyu düz dörd dəfə ailə həyatı qurub. Ardıcıllıqla desək, həyat yoldaşları Hadley Riçardson, İaline Pfayfer, Marta Gelhorn və nəhayət Meri Uels Heminquey. İş orasındadır, yazıçının üçüncü xanımı Marta jurnalistlərə müsahibəsində Ernestin həyat yoldaşı olduğunu heç vaxt qabartmayıb. Əksinə, yazarın üçüncü xanımı olduğu üçün içdən-içə gizli aqressiya sərgiləyib. Bəs yazıçının dörd dəfə evlənməsinin səbəbi nə idi? Əslində cavab sadədir, kişiyana yazıçı üçün ailə anlayışı özlüyündə çox da fövqəl bir şey olmayıb.

Heminquey əsər yazmaq üçün uzunmüddətli səyahətlərdə olub. Sanki hər yeni hekayə, hər yeni roman üçün tura çıxan yazarın əl işləri də dəyişkən, köçəridir. Məsələn, onun müəllifliyinə diqqət çəkmək istəyəndə ortaya çıxır ki, sən demə, Ernest həm də gözəl balıqçı imiş. Hətta bir balaca şişirtsək, rahatlıqla onun çılğın bir akula ovçusu olduğunu söyləmək olar. Necə?

1934-cü ildə yayımlanmış hekayələr kitabından bir xeyli pul qazanan yazıçı bütün gəlirini 11.5 metrlik qayıq almağa sərf edir. Sonralar bu qayığa “Pillar” adı verir və strukturunda xeyli dəyişikliklər edir və peşəkar bir balıqçı kimi gündəmi ələ alır. 1938-ci ilin yazında tək başına əlli iki köpək balığı ovlayır. Hətta yazarın bu istedadı Kubada əfsanəyə çevrilir. O qədər böyük əfsanəyə ki, 1960-cı ildə Kastro özü Heminqueyin şərəfinə balıqçılıq turu təşkil etməyi qərara alır. Məsələ odur ki, yazarın ovlama tərzi də normativlərə uyğun gəlmir. Ernestin bu qurbanının nəhəngliyini izah etmək üçün deyim ki, balığın bütün orqanları çıxarıldıqdan sonra belə ümumi çəkisi 227 kiloqram olub. Qısası, öz həyatını ən böyük ilham qaynağına çevirən Ernest dəlisov təcrübələrini illər sonra “Qoca və Dəniz” hekayəsində dərin ifadələrlə təsvir etməyi bacarır.

Yazarın niyə ən kişiyana müəllif olduğu indi aşkara çıxır. Döyüşçü, balıqçı, ovçu və bunlarla paralel yazıçılığı bacarmaq böyük iradə və dəlilik tələb edir. Lakin gəlin Ernesti sərt insan adlandırmazdan əvvəl bir balaca düşünək. Axı bu adam həm də pişiksevər kimi tanınır. Yazarın məlum sevgisi bizim kimi evdə iki-üç pişik saxlamaq adəti ilə yekunlaşmır. Deməli, adama 1931-ci ildə özəl bir pişik hədiyyə olunur. Pişiyin özəlliyi isə onun altı barmaqlı, yəni mutant olmasındadır. Ernest hədiyyəni qəbul edərək, adını “Qartopu” qoyur. Sonra başlayır bu cür mutant pişiklərə qucaq açmağa. Əlli pişiyi öz evində qoruyub saxlayır, çoxaldır... Bu gün dünyada hələ də mutant pişiklərin yaşamasını böyük ölçüdə Heminqueyə borcluyuq... Yeri gəlmişkən, hazırda həmin canlılar Heminquey pişikləri adlanır.

Bütün bu detallardan sonra bir sual yaranır ki, bəs görəsən yazarın təbiətlə bu qədər sıx və gərgin rabitəsini körpəliyindəki travmalarla əlaqələndirə bilərikmi? Məsələn, demək olarmı ki, onun aqressivliyinin başlıca səbəbi anasının gözləntilərindən bezmək olub? Bəlkə genetik ötürülən xarakterdən qaynaqlanır? Çünki onun çılğın və mübariz insan olan atası hərb sənəti ilə məşğul olub. Lakin Heminquey bu mənada valideynini bir balaca üstələyir. Doğrudur, o da hərbiyə, döyüşlərə həvəs göstərib. Fəqət hamısı bu deyil. Misal üçün, sizə onun SSRİ-nin agenti olduğunu desəm necə? Etiraf edim ki, əvvəl özümə də şayiə kimi göründü. Ancaq adam 1940-cı illərdə “arqo” ləqəbiylə SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi, yəni KQB-də çalışıb. FTB-nin o vaxtkı rəhbəri Edqar Huver və əməkdaşları bu məsələni yazarın öldüyü ana qədər araşdıraraq, bütün ehtimalları sübuta yetiriblər. Yazıçının uğursuz kəşfiyyatçılıq fəaliyyəti nəhayət KQB-nin ondan imtina etməsi ilə nəticələnib. Bəs necə ortaya çıxdı bu bilgi? Hər halda yazıçı özü belə şeyi etiraf etməzdi axı, zatən etməmişdi də. Bu ifşanın müəllifi keçmiş Sovet arxivlərinə girməyi bacarmış KQB agenti Aleksandr Vasilyev idi. Məhz onun sayəsində yazıçının Kuba və İngiltərə sərgüzəştlərinin ardındakı gizli mesajlaşmalar ortaya çıxmışdı. Lakin görünür, bədiilik yazıçının fikrini elə qarışdırıb ki, kəşfiyyatçı kimi göndərdiyi məlumatların heç biri önəmli sayılmayıb. Axırda da xidmətlərindən imtina olunub. Hə, başqa ehtimallardan doğan suallar da var. Kim bilir, bəlkə də yazıçı planlı şəkildə, kimlərəsə mane olmaq üçün uğursuz agentliklə məşğul olub? Bu sual cavabsız qalsa da, bildiyimiz tək şey yazarın həyat tempinin enişli-yoxuşlu olmasıdır. O istənilən sahədə həm zirvəyə qalxıb, həm də uçurumun dibinə enib. Elə, keçirdiyi xəstəlik və aldığı yaraları da belə tərif etmək olar. İki dəfə təyyarə qəzasına uğrayıb. Diabet, böyrək yırtılması, hepatit, dalaq yırtığı, onurğa qırılması kimi dəhşətli hadisələrə rəğmən Heminquey ölümün gözünə həmişə dik baxıb. Bu qürur və əzmkarlığını onun “Qoca və Dəniz” əsəriylə açıqlamağa çalışsaq, saatlarla tanrıyla danışıb ondan mədət uman kişinin elə əslində Heminqueyin özü olduğunu düşünmək olar. Çünki istər Pulitzer, istərsə də Nobel mükafatını məhz bu əzmkarlığı sayəsində qazanıb.

Yazıçının ən uğurlu əsərlərindən sayılan “Zəng kimin üçün çalır?" romanı 1941-ci ildə Pulitzer mükafatına namizəd kimi göstərilir. Düşünün ki, cəmi bir adamın etirazı ucbatından yazıçı həmin il mübarizədən məğlub ayrılır. 1942-ci ildə arvadı ilə savaş müxbiri kimi Avropaya gəlirlər. O 1947-ci ildə müharibədə göstərdiyi şücaətinə görə Kubadakı Amerika səfirliyi tərəfindən medal ilə təltif olunur. Pulitzerə qarşılıq, medal...

Kuba demişkən, yazarın sonuncu və ölənədək davam edən evliliyi də buradan başlayır. Deməli, 1945-ci ildə yazıçı ondan heç xoşu gəlməyən üçüncü həyat yoldaşı Martadan ayrılır və cəmi bir il sonra Londondakı “Time” qəzetinin müxbiri Meri xanımla tanış olur. Onlar Kubaya köçərək, elə həmin il də ailə həyatı qururlar. Bəlkə təbiətin, bəlkə istədiyi detalların bolluğundandır, bilmirik, ancaq Kuba yazıçıya bir sıra cəhətlərdən həm düşərli, həm də düşərsiz olub. Məsələn, 1950-ci ildə nəşr olunan “Çayın o tayında, ağacların kölgəsində” romanı ən uğursuz əsəri hesab olunur. Düşünün, əgər ədəbi yaradıcılığını bu əsərlə tamamlasaydı, bəlkə indi barəsində proqram çəkəcəyimiz qədər məşhur birinə çevrilməyəcəkdi. Maraqlı məqam odur ki, kütləvi tənqidə məruz qalmasına rəğmən çap olunduğu ərəfədə bu kitab Amerikanın ən çox satılan əsərlərindən birinə çevrilir. Hamı alır, oxuyur, qınayır və sonra bu qınağı eşidən başqası alır, o da əvvəlkindən də çox qınayır. Bəziləri əsərin uğursuzluğunu son vaxtlarda ulduz xəstəliyinə tutulan yazıçının laqeydliyinə bağlayır. “Klimancaro dağları”, “Afrikanın yaşıl təpələri”, “Frensis Makomberin ani хoşbəхtliyi” və xüsusən “Əlvida, silah” kimi əsərlərinə baxanda roman əvvəlkilərin təkrarına bənzəyir və bəlkə buna görə yazıçı heç bir tənqidə cavab vermir. Nəhayət, ömrünün ahıl çağında “Qoca və Dəniz” povestini dünyaya təqdim edir. Cəmi bir il sonra əsər Pulitser mükafatına layiq görülür. Hətta müəllifin əksər həmkarları Ernestin kitabını şərh etməkdən boyun qaçırırlar ki, biz bu şedevri mühakimə edə bilmərik. Pulitserin təbii nəticəsi kimi 1954-cü ildə müəllif Nobel mükafatına layiq görülür. Biabırçı tənqidlərin ardınca Ernest bütün dünyada əvvəlki nüfuzunu bərpa edir.

Heminquey şəxsiyyətinin zirvə nöqtəsi də burada tamamlanır. Bəs sonrası? Sonrası odur ki, yazar ahıl dövrünü rahat, aram yaşaya bilmir. Bayaq haqqında söhbət açdığımız FTB məsələsi çoxlarında Ernestin paranoyak olduğuna dair fikirlər formalaşdırır. Müəllif onu izləyənlərdən danışır. İddia edir ki, evində federal agentlər var. Bütün bunlara heç kim inanmır, ailəsi onu psixiatr müayinəsinə aparır və yazıçıya paranoya diaqnozu qoyulur. Müəllif artıq dostları ilə belə çox danışmayıb tələsik evə gəlir ki, onu izləyə bilməsinlər. Nəhayət, bütün bu təlaş yerini depressiyaya verir. Düşünün, vəziyyət o həddə çatır ki, bir dəfə gecəyarı önündən keçdiyi bankdakı işçilərin onun sənədlərini araşdırdığını deyir. Seanslar heç bir fayda vermir, əksinə, vəziyyəti daha da kritikləşir. Amerika hökumətinin mülklərini özəlləşdirməyə qərar verməsindən sonra isə İdahoya köçür. Günlərin birində yoldaşı onu mətbəxdə əlində tüfənglə tutur və dərhal da aparıb elektroşok müalicəsinə yazdırır.

1961-ci il, iyulun 2-si. Hər şey qaydasında imiş kimi görünür. Evə buraxılmasından cəmi iki gün sonra yazıçı ov tüvəngini götürüb özünü öldürür. Eynilə atası və ondan da əvvəl babasının etdiyi kimi. Görəsən intihar genetik ötürülə bilərmi? Və yaxud Ernest doğrudan da izlənilirdisə, bunun səbəbi nə idi? Nəyi gizlədirdi? Üstəlik, müəllifin ölümü ilə bağlı yeganə açıqlama intihar deyil. Yüksək qan təzyiqi, alkoqolizm və başqa versiyalar da var. Hətta illər əvvəl boks rinqində Kermit Shine Forbes (Kermit Şayn Forbes) tərəfindən aldığı zərbəni belə onun ölümüylə bağlayanlar var.

Ernest elə bir yazıçıdır ki, hətta vəfatından illər keçməsinə rəğmən hələ də məşhurluğunu itirmir, dünyanın müxtəlif ölkələrində anılır. Məsələn, hər il iyulun 21-i Florida ştatında yazarın doğum günü ilə bağlı müxtəlif festival, əyləncəli yarışma və oxu tədbirləri keçirilir. Heminquey günləri olaraq anılan bu tarixdə kişilər özünü yazara bənzətmək üçün saqqal saxlayıb çoxlu pivə içir, bəzən hətta çiyinlərinə mutant pişiklər də çıxarır...

Bəs onun ölümü necə baş verir? Axı söhbət ölümün gözünə dik baxıb, əzmkar insan obrazını yarada bildiyi üçün Nobel mükafatı qazanan yazardan gedir. Yanında top mərmisi partlayır, akulalarla güləşir, KQB agenti olur olur. Səhvən iki dəfə özünü vurur. Mübarizə aparıb iki ən yüksək dərəcəli mükafatı qazanır... Sonra illər keçir, müsahibələrində “mənim üçün artıq ölüm yoxdur” deyən, əvvəllər neçə-neçə şir, qartal və ceyran öldürən yazıçı 62 yaşında, özünü tüfənglə ovlayıb şəxsiyyətinə məğlub olur...

“Mən öz canımı qorumaq üçün onu öldürdüm. Özü də ustalıqla öldürdüm, – qoca özünə izahat verdi, – bir də axı ha­mı kimisə, nəyisə bir bəhanə, bir yolla öldürür”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR