Özü alimliyi, oğlu isə pornomedia və qumarbazlığı seçmiş, dünyanın ən qeyri-səlis adamı Lütfi zadə - “Tarix Adam”

Özü alimliyi, oğlu isə pornomedia və qumarbazlığı seçmiş, dünyanın ən qeyri-səlis adamı Lütfi zadə - “Tarix Adam”

# 16:05
2 iyun 2021

İnsan olmadan düşünmək mümkündürmü? İlkin müşahidəyə nəzərən yox. Cavab qətidir. İki versiyadan birini seçmək lazımdır. Məsələn, Aristotelə görə qatıq ya ağ, ya da qaradır. Bir şey ya var, ya da yoxdur. İnsan ya yaxşıdır, ya da ki pis. Başqa cür ola bilməz. Ta ki, bir nəfər çıxıb “bəlkə qatıq bəyaz yox, ağımtıldır?” sualını verənəcən. Əlbəttə, qatıq örnəyi məsələni bəsitləşdirmə cəhdidir. Ancaq bu məsələ süni intellekt qavramından paltaryuyan maşınların işləmə mexanizminədək bir çox mətləbləri ehtiva edir. Söhbət məntiq standartlarına yenilik gətirən, belə demək mümkünsə, Aristotelə zamandan kənar dərs keçən Lütfi Zadədən gedir. Daha doğrusu, Lütfi Ələsgər-zadədən. Kimdir Lütfizadə? Niyə ömrünü Amerikada tükətmiş alim Azərbaycanın 1-ci Fəxri Xiyabanında dəfn edilib? Nə idi onun formalaşdırdığı Qeyri-səlis məntiq nəzəriyyəsinə önəm qatan detal? Hamısını biləcəyik. Ancaq hələlik alimin həyatına ötəri nəzər salaq...

                      

Atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində anadan olub. Birinci dünya müharibəsi ərəfəsində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmağa başlayıb. İrandakı dost-qohumları vasitəsilə aldığı külli-miqdarda kibriti Bakıda satmaqla dolanıb. Üstəlik, İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Lütfinin anası Feyqa xanıma gəlincə, milliyyətcə yəhudi olan Fanya (Feyqa) Moiseyevna 1918-ci ildə Tiflis qızlar gimnaziyasını bitirdikdən sonra Azərbaycan Universitetinin Tibb fakültəsində uşaq həkimi ixtisasına yiyələnib. Lütfinin valideynləri olacaq bu iki şəxs Bakıda tanış olub və cütlük elə, həmin şəhərdəcə evlənib. Beləliklə, 1921-ci il fevralın 4-də, Lütfi Ələsgərzadə dünyaya gəlib. O, Novxanı kəndində anadan olub. İlk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb.

 

Ancaq 1932-ci ildə Sovet İttifaqında İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul edilmiş qərara əsasən, Ələsgərzadələr ailəsi ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk etməliydilər... Və Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. O vaxtlar rusdilli məktəbi 3-cü sinfə qədər oxuyan Lütfi Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirir. Elə, Amerika elmi və mədəniyyəti haqqında bilgiləri də ilk dəfə bu məktəbdə öyrənir. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində oxuyur...

 

Alimin Amerika həyatı 1944-cü ildən başlayır. Lütfi Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra ABŞ-a gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu ərəfələrdə Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. İlk vaxtlar burada bir qədər çətinlik yaşayan alim sonralar şəraitə öyrəşir və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalır...

 

Lakin bu bilgilər bizə Lütfi Zadənin necə məşhurlaşdığını açıqlamır. Məsələn, 1973-cü ildə irəli sürüldükdən bəri dünya elmində inqilab sayılan Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar kimi nəzəriyyələri anlamaq üçün qısa da olsa, aydınlaşdırma aparmaq lazımdır. Başlayaq bu “qeyri-səlis” ifadəsinin yaranmasından...

 

Əvvəla, 2008-ci ildə, Bakıda olarkən AMEA-dakı çıxışında Lütfi Zadə özü də etiraf edir ki, o və həmkarları nəzəriyyəyə ad verərkən ingilis dilində “fuzzy” sözünü taparaq düşünüblər ki, çoxluqların mahiyyətini əks etdirmək üçün bu ifadə kifayət edir. Ancaq formalaşıb gün üzünə çıxanda nəzəriyyə və çoxluqların adını eyniləşdiriblər. Rus leksikonunda “neçetkiy” kimi səslənən söz, alimin yaxın dostu və həmkarı, professor Rafiq Əliyev tərəfindən Azərbaycan dilinə “qeyri-səlis” söz birləşməsi kimi tərcümə olunub. Yeni nəzəriyyənin uğursuz adqoyma mərasimindən sonra bəzi alimlər ona şübhə və ehtiyatla yanaşmağa başlayıb. Hətta nəzəriyyəni neft sənayesində uğurla tətbiq edən bir sıra mütəxəssislər “qeyri-səlis” termini əvəzinə “F çoxluqlar” termininə üstünlük veriblər.

 

Bəs nə deməkdir qeyri-səlis məntiq? Görəsən, adı kimi özü də anlaşılmazdır, yoxsa bu sadəcə sonradan formalaşmış ehtimaldır? Qeyri-səlis məntiq sahəsində tədqiqatlar ən azı iki istiqamətə ayrılır:

1. Qeyri-səlis məntiq geniş mənada (Təqribi hesablama nəzəriyyəsi)

2. Qeyri-səlis məntiq məhdud mənada (Rəmzi qeyri-səlis məntiq)

 

Bayaq qeyd etdik ki, qədim yunan filosofu Aristotel yalan və doğru kimi kateqoriyalar arasında qalan aralıq dərəcələri qəbul etməyib. Və bu fikri ona görə dedik ki, indiyədək həmin iddianın əksi sübut olunmamışdı. Amma dünyada ilk dəfə Lütfi Zadə hər şeyin dərəcəsinin olduğunu sübut edib. Yəni dünyada tam ağ və tam qara deyilən şey yoxdur. Bu ikisi arasında minlərlə çalar var. Nəzəriyyənin mahiyyəti tolerantlığındadır. Nəzəriyyə ilk dəfə Yaponiyada tətbiq olunub və indinin özündə də gündoğan ölkədə istehsal olunan texniki avadanlıqların böyük əksəriyyəti qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanır.

 

Nəzəriyyə yaponlardan sonra amerikanların sınağından keçir. Amerikanın havadan müdafiə sisteminin yenidən qurulmasına dair söhbətlər gündəmə gələndə Kasko adında bir alim təklif edir ki, bu nəzəriyyəni yoxlasınlar. Və trilyonlarla dolların sərfi olunacağı işi bu nəzəriyyə yerli-dibli həll edir. Üstəlik, nəzəriyyə Çinə də il ərzində yüz milyardlarla dollar qazandırır.

 

Hətta adbaad deməli olsaq, “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər böyük şirkətlər qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Təsadüfi deyil ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə uğurla tətbiqinə görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

 

Lakin biz həmin nəzəriyyənin işləmə mexanizmi haqda yorucu düsturlardan danışmaq əvəzinə, alimin həyatındakı maraqlı detallara baş vurmağı üstün tuturuq. Bu detallar Lütfinin ibtidai sinif şagirdi olduğu dövrlərdən ölümünədək onu tərk etmir... Məsələn, Lütfi ingiliscə səlis danışmağı öyrənəndə hələ üçüncü sinif şagirdi idi. Üstəlik, ruscanı da ən azı, bu dildə klassik əsərlər oxuyacaq qədər yaxşı bilirdi. Fanya xanım həyat yoldaşının məlum intellektini belə açıqlayırdı...

 

“Ərimi ilk dəfə görəndə 12 yaşım vardı. Ruscası əlaydı. Kitabxanasında 2000-nə qədər kitab vardı, hamısı da rusca idi”.

 

Həyat yoldaşı demişkən, Lütfi Zadə ilə Fanyanın evlilik tarixçəsi də yetərincə qəribədir. Düşünün ki, bu adamlar eyni məhəllədə yaşayıb, böyüyüb, amma bir-birindən xəbərsiz olublar.

 

Deməli, Lütfi vaxtilə Litvadan qaçmış yəhudi qızı Fanyanı hələ Tehranda, o zamanlar təhsil aldığı “Alborz” məktəbində tanıyıb. Üstəlik, Korenmanlar ilə Ələsgərzadələr ailəsi məhəllə qonşuları olub. Fanya və Lütfinin ailələri çoxdan tanış idilər, sadəcə bu iki uşağın taleyi rəqs məktəbində qovuşub. Elə də uzunömürlü olmayan əlaqələri də Fanya ilə Lütfinin ali təhsilə həyatına başlaması ilə kəsilib. Fanya Almaniyaya, Lütfi də Tehran universitetinə üz tutub...

 

Ta ki, 1946-cı ildə karyerasını genişləndirmək üçün üçün ABŞ-a gedənə qədər... Həmin ərəfələrdə Fanyanın anası Lütfiyə xəbər verir ki, bəs qızı oxumaq üçün getdiyi Almaniyada qala bilməyib. Sən demə, Fanya Nasist hökuməti qurular-qurulmaz çıxıb gedib Nyu-Yorka.

 

Deməli, Fanyanın anası ilə danışdıqdan sonra köhnə məktəb yoldaşının axtarışına çıxan Lütfi nəhayət onu tapır. Bir müddət keçir və onlar ailə qururlar. Lakin bu evlilik də çox qəfil olub. Fanya öz xatirələrində yazır ki, evlilik təklif etdiyi gün, birlikdə avtobus dayanacağında əyləşiblər və bəlkə avtobusun gecikməsindən yaranan fasilədə Lütfi gözlənilməz bir təklif edib: “Evlən mənimlə!” Nə bir gül dəstəsi var, nə dəmdəsgah, nə də ki, üzük. Və həyəcandan dil-dodağı qurumuş Fanya elə, Lütfi Zadənin öz təbirincə soruşub. Bəs üzük hanı?

 

Alyans üzüyün mənasını açıqlamağa məcbur qalan Fanya deyir ki, əgər barmağında üzük olsa, digər kişilər onunla tanış olmaq istəməyəcəkdilər. Bu bir növ, onların nişanı sayılacaq. Düzdü Lütfi Zadə məsələni anlayır, ancaq verdiyi reaksiya yenə çox qəribə alınır. Qeyri-səlis məntiq nəzəriyyəsinin atası çox böyük şövqlə üz tutur yaxınlıqdakı kiosklardan birinə və cəmi yeddi dollara aldığı üzüyü gətirib Fanyanın barmağına taxır. Xanımı çox sonralar bu üzüyü Lütfi Zadənin ona bağışladığı hədiyyələr içində ən dəyərlisi olduğunu yazır...

 

Məşhur Azərbaycanlının alimlikdən ziyadə, şəxsi əyləncələri də vardı. Məsələn, tennis, fotoqraflıq... Üstəlik, hələ Tehranda, tələbəlik illərində atasının hədiyyə etdiyi fotoaparatla başlamışdı bu sənətə. Lakin Lütfi Zadə zamanla hobbiləşən fotoqraflığı ixtisaslaşmış fotoportretçiliyə çevirməyi bacarıb. Hər halda, Trotski və Nikson kimi şəxsiyyətlərin şəklini çəkmiş bu adamın həvəskar yox, peşəkar fotoqraf olduğunu asanlıqla anlaya bilərik. Yeri gəlmişkən, çalışdığı Berkli universitetindəki “Alborz” restoranının divarlarını da elə, alimin çəkdiyi fotolar bəzəyib...

 

Lütfi Zadə xaraktercə rasional, həm ünsiyyətcil, həm demokrat, həm də yaradıcı və tolerant olub. Fəqət bu tolerantlığı onun dini inancsızlığından qaynaqlanmayıb. Çünki Lütfi özünü müsəlman hesab edib. Tehranda keçirdiyi tələbəlik illərində o gündəlik namazlarını heç vaxt unutmayıb. 97 illik ömür yaşamış düha həmişə “Allah mənə nə qədər ömür veribsə, o qədər də yaşayacağam” deyib. Baxmayaraq ki, öz vəfatından bir il öncə dünyasını dəyişmiş həyat yoldaşı ilə aralarında sözləşən cütlük hələ illər əvvəl, öldükdən sonra cəsədləri kremasiya üsulu ilə yandırılması üçün razılaşıb. Ancaq 96 yaşında Lütfi öz fikrini dəyişib və müsəlman qaydası ilə dəfn olunmasını vəsiyyət edib...

 

Lütfi Zadə ailəsinin iki uşağı olub. Norman və Stella. Qızı Stella sadə həyat yaşayıb və 58 yaşında xərçəngdən vəfat edib. Oğlu Norman isə... Hə, bax, bu maraqlıdır. Çünki Norman Zadə başlanğıcda atasının yolunu tutmasına rəğmən, bir müddət sonra ABŞ gündəmini erotik jurnallarla ələ alır. Hətta 1997-2007-ci illər ərzində dərc edilən “Perfect – 10” jurnalı qısa zamanda “Playboy” jurnalının əsas rəqiblərindən birinə çevrilib. Hərçənd ki, bəzi şəkil və materialların oğurlanması kimi hallar “Perfect-10”in fəaliyyətinə ciddi təsir göstərib. Jurnalın bu məhkəmələrdə itirdiyi yekun məbləğ 53 milyon dollara çatıb və 2007-ci ildə nəşri dayandırılıb. İnformatika sahəsi üzrə alim olan Norman həm də peşəkar qumar ustasıdır və hətta 1974-cü ildə bu sahədə keçirilən bir sıra yarışlarda qalib gəlib.

 

Norman çox məşğul biri olub, mütəmadi səfərlərə çıxıb. Deyilənə görə, Lütfi Zadələr ailəsində onu görmək müşkül məsələ olub. Hətta atasının dəfninə belə gəlib çıxa bilməyəcək qədər müşkül... Lütfi Zadənin vəfatından bir həftə keçdikdən sonra belə Normanın telefonuna zəng çatmayıb, mesajlara cavab verməyib...

 

Səbəbi hər nə olur olsun, məşhur alimlərin həyatında bu kimi qəribəliklərə tez-tez rast gəlirik. Həmin qəribəliklərdən biri də Lütfi Zadənin vərəsəliklə bağlı müəmmalı tarixçəsidir. Çünki alim bir çox müsahibəsində öz varidatını həmkarı və dostu Rafiq Əliyevə miras qoyduğunu bildirib, lakin ölüm anınadək Lütfi Zadənin yanında olmuş ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz xanım Şahbazova alimin yeganə varisinin oğlu Norman olduğunu deyir...

 

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Bəzi səbəblərdən yubansa da, nəhayət, 28 sentyabrda  San-Fransiskodan Bakıya yola salınmış cənazə sentyabrın 29-u Bakıya çatdırılıb. Həmin gün alimlə AMEA-da prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdiyi vida mərasimi keçirilib. Nümayəndə qismində isə Cənnət Səlimova çıxış edib. Beləliklə, dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. Avqustun 31-də heykəltəraş Ömər Eldarovun altı aylıq zəhmətindən sonra alimin qəbirüstü abidəsi ucaldılıb... Belə... Doğrudur, o bütün həyatı boyunca qeyri-səlislik prinsiplərindən yola çıxaraq cismi və fikri ilə sərhədləri aşmağı bacardı, lakin ölümə qarşı duyduğu milli yanaşması və vətəndə dəfn olunma istəyi sübut edir ki, Lütfi Zadə hər zaman özünü Azərbaycanın mənəvi vətəndaşı hesab edib... qeyd-şərtsiz və səlis şəkildə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR