Ukrayna prezidenti Donetsk və Luqanskın azad edilməsi planını təsdiqlədi
Ukrayna ölkənin şərqində yerləşən Donetsk və Luqansk şəhərlərini separatçılardan azad etməyə hazırlaşır. Artıq prezident Pyort Poroşenkonun tapşırığı ilə şəhərlərin separatçılardan təmizlənməsi məqsədilə xüsusi plan hazırlanıb. Şəhərlərin azad edilməsi missiyası Ukrayna Silahlı Qüvvələrinə və Milli Qvardiyaya tapşırılacaq. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini, general Mixail Koval bildirib ki, Baş Qərargahın hazırladığı plan dövlət başçısı tərəfindən təsdiqlənib. Plan adı çəkilən şəhərlərin silahlılardan tam azad edilməsini nəzərdə tutur. İrimiqyaslı hərbi əməliyyat başlayacağı təqdirdə Rusiyanın bölgəyə hərbi müdaxilə ehtimalını dəyərləndirən general qeyd edib ki, artıq Moskva Ukrayna sərhədinə taktiki hərbi birləşmələr cəmləşdirib. Lakin Kovalın sözlərinə görə, həmin birləşmələrə Ukrayna ərazisinə daxil olmaq deyil, silahlıların Ukraynadan Rusiya ərazisinə keçməsinin qarşısını almaq barədə göstəriş verilib. Qeyd edək ki, bir həftə əvvəl başlayan əməliyyat nəticəsində Donetsk və Luqansk vilayətlərinin əksər hissəsi Ukraynanın güc strukturlarının nəzarətinə keçib, lakin vilayətdəki iri şəhərlər, o cümlədən Donetsk və Luqansk hələ də separatçı qruplaşmaların nəzarətindədir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?