Əməkdar artist Azər Mirzəyev torpağa tapşırıldı
Azərbaycanın əməkdar artisti Azər Mirzəyev dəfn edilib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, dəfn mərasimindən əvvəl Sabirabad şəhərində yerləşən məsciddə mərhumun ruhuna dualar oxunub və cənazə namazı qılınıb.
A. Mirzəyev Sabirabad rayonunun Kürkəndi kəndinin qəbiristanlığında atasının qəbrinin yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon icra nümayəndələri, yerli ictimaiyyət, mərhumun qohumları və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, A. Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi.
A. Mirzəyev 1952-ci il may ayının 12-də anadan olub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?