Azərbaycanı "Eurovision 2015"də Elnur Hüseynov təmsil edəcək
Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək müğənninin adını açıqlayıb. İTV-dən APA TV-yə verilən məlumata görə, Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.
Qeyd edək ki, E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanı “Eurovision”da təmsil edib.
E. Hüseynov “Eurovision 2015”i özünü solo ifaçı kimi təsdiq etmək üçün “böyük şans” adlandırıb: “Mahnıma güvənirəm, çünki çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. "Eurovision"-a bu ismarıcı avropalılarla paylaşmaq üçün gedirəm”.
E. Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. O, “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib. Elnur həmçinin beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub.
Xatırladaq ki, Azərbaycan 2008-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində uğurla debüt edib. 2011-ci ildə Ell və Nikki ifa etdiyi mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq