Qadın voleybolçularımız Türkiyə millisinə uduzdu
Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal oyunları keçirilib.
APA TV-nin məlumatına görə, baş tutan iki qarşılaşma final və 3-cü yer uğrunda mübarizə aparacaq cütləri müəyyənləşdirib.
Gərgin mübarizə şəraitində keçən hər iki oyunun taleyi tay-brekdə həll olunub.
1/4 finalda Hollandiya üzərində asan qələbə qazanan Azərbaycan yığması qrup mərhələsində 0:3 hesabı ilə məğlub olduğu Türkiyə ilə qarşılaşıb. İlk setdə məğlub olan Aleksandr Çervyakovun yetirmələri sonrakı hissədə bərabərliyi təmin edib. Üçüncü setdə də yenilən yığmamız liderlərinin inamlı oyunu sayəsində gərgin keçən 4-cü seti xeyrinə başa vuraraq, qarşılaşmanı tay-brekə daşıyıb. Lakin həlledici setdə “ay-ulduzlular” qalib gəlib.
Digər yarımfinal cütündə isə Polşa və Serbiya münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən mübarizə tay-brekə qədər uzanıb. Son seti daha yaxşı keçirən Polşa finala vəsiqə qazanmağa müvəffəq olub.
Qeyd edək ki, qadın voleybolçuların yarışında mükafatçılar iyunun 27-də müəyyənləşəcək. Saat 16:00-da 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan və Serbiya, 18:30-da baş tutacaq final matçında isə Polşa və Türkiyə görüşəcək.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri