Masallıda telefon kabellərini oğurlayan şəxs tutuldu
Masallıda telefon kabellərinin oğurluğu ilə məşğul olan rayon sakini tutulub. Bu barədə APA TV-nin cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elçin Fərəcov məlumat verib.
Onun sözlərinə görə, “Aztelekom” MMC-nin Masallı Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi ərizə ilə polis şöbəsinə müraciət edərək, ayrı-ayrı vaxtlarda rayonun ərazilərində naməlum şəxs və ya şəxslər tərəfindən telefon kabellərinin kəsilərək oğurlandığını və bununla qovşağa xeyli maddi ziyan vurulduğunu bildirib.
RPŞ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Salam oğlu Mustafayev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İstintaqa verdiyi ifadəsində əməlini etiraf edən İ.Mustafayev dekabrın 6-da rayonun Əhmədli kəndi ərazisindən 190, Kosakül kəndi ərazisindən isə 370 metr kabel oğurladığını bildirib: "Ehtiyacım olduğundan, oğurlayıb aparıb təhvil vermişəm və elədiyim hərəkətlərə görə çox peşmanam".
Masallı RPŞ-nin bölmə rəisi Elçin Fərəcov isə deyib ki, İlqar Mustafayev oğurladığı kabellərin içərisindən mis naqilləri çıxararaq, əlvan metalların qəbulu məntəqələrinə satıb. Onun hal-hazırda başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi