General Altay Mehdiyev: "Azərbaycan ən müasir S-300 raket kompleksləri alıb"
Milli Məclisin deputatları və jurnalistlər Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket briqadasında olub. Hərbi hissənin əsgər və zabitləri ilə görüşdən sonra qonaqlar Azərbaycanın Rusiyadan aldığı S300 PMU-2 Favorit zenit raket kompleksləri ilə tanış olublar. Əvvəlcə hərbi hissənin qərargahında S-300 komplekslərinin taktiki texniki göstəriciləri barədə məlumat verilib. Daha sonra əyani şəkildə raket kompleksin döyüş hazırlığına gətirilməsi nümayiş etdirilib.
APA TV-nin xəbərinə görə, hərbi hissənin imkanları barədə danışan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, S-300 raket kompleksləri sinfinin ən müasiridir. Zenit raket kompleksləri Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır.
S-300 raketlərinin imkanları barədə məlumat verən hərbi hissə komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, raketlərin məhvetmə uzaqlığı 3 kilometrdən 200 kilometrə qədərdir.
MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində yerləşdirilmiş S-300 kompleksi 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir. Artıq istifadəçi heyət S-300 komplekslərini tam mənimsəyib. Sistemi idarə edəcək heyət üçün təlimlər təşkil olunur. Zenit-raket briqadası günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini təmin edərək Azərbaycanın hava sərhədlərini mühafizə edir.
Tanışlıq zamanı o da bildirilib ki, Azərbaycanın bütün mülki və hərbi təyyarələri «dost-düşmən tanıma» sistemi ilə təchiz olunub. Bu da ölkənin hava sahəsinə daxil olan bütün təyyarələr barədə anında məlumat əldə etməyə imkan verir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib