10 Yanvar matəm günü elan edildi

# 15:56
8 yanvar 2022

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sədri Karim Masimov və bir neçə məmur həbs edilib.

 

Yerli mətbuatın yazdığına görə, ölkədə ərzaq çatışmazlığı yaranıb. Prezident Qasım Comərd-Tokayev yanvarın 10-u Qazaxıstanda ümummilli matəm günü elan edib.

 

Almatıda isə aksiyaların hələ də davam etdirildiyi bildirilir. Rusiya mediası bildirir ki, şəhərdə müxtəlif istiqamətlərdə partlayış səsləri hələ də gəlməkdədir.

 

Nazarbayevin mətbuat katibi Aydos Ukibayın sözlərinə görə, eks-prezident xalqı prezident Tokayevin ətrafında toplaşmağa çağırıb. Bu fikri o “Twitter” hesabı vasitəsilə paylaşıb. Bəzi siyasilər tvitin ya təzyiq altında, ya da hakerlər tərəfindən yazıldığını bildirirlər.

 

Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Qazaxıstandakı rolu ilə bağlı bəyanatını kobudluq adlandırıb.

 

Bu barədə Rusiya XİN-in “Telegram” kanalında bildirilib:

 

Sitat: “Yanvarın 7-də ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəvi hadisələrlə bağlı tipik məzəmmətlə zarafat edib. Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına KTMT-nin tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib”. Sitatın sonu

 

Blinkenin “ruslar sizin evinizdə olanda onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiya Xarici İşlər Nazirliyi belə cavab verib:

 

Sitat: “Əgər Entoni Blinken tarix dərslərini bu qədər sevirsə, qoy o, aşağıdakılara diqqət etsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”. Sitatın sonu

 

Qazaxıstanda Nazarbayev adına Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib. Amma yanvarın 8-nə planlaşdırılan 216 daxili reysdən 160-dan çoxu ləğv edilib. Bu barədə isə ölkənin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 8-də ümumilikdə 216 reys planlaşdırılır ki, onlardan doqquz reys gecikir, 163 reys təxirə salınıb. Bütün digər reyslər cədvələ uyğun həyata keçiriləcək”  – deyə bildirilib. Nazirliyin verdiyi məlumata görə, bütün ləngimələrin və uçuşların təxirə salınmasının əsas səbəbləri Aktau, Taldıkorqan, Almatı şəhərlərində hava limanlarının bağlanması və internetlə bağlı problemlərdir.

 

Rəsmilərin verdikləri məlumata görə, ölkəyə dəyən ziyanın məbləği 200 milyon dollara çatıb.

 

Qırğızıstanın xeyriyyəçi fəalları Qazaxıstanda ərzaq qıtlığı çəkən insanlar üçün yardım - 15000 çörək, 15000 litr süd, 5000 litr qatıq, 300 ədəd isti örtüklər, 200 ədəd yastıq göndəriblər. Bundan başqa, sosial şəbəkələrdə ölkənin bir neçə iri alış-veriş mərkəzlərində qida çatışmazlığı ilə bağlı videogörüntülər yayılmaqdadır.

 

Sərnişin qatarlarının hərəkəti tam bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR