11 mindən artıq müəllim imtahan kürsüsündə - KİMLƏR YÜKSƏK MAAŞ ALACAQ?

# 16:35
30 avqust 2022

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

 

APA TV xəbər verir ki, sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub. Onlardan 2579 nəfər təhsilverən sertifikatlaşdırma prosesində iştirak edib.

 

Təhsil İnstitunun direktoru Rüfət Əzizovun sözlərinə görə ilkin mərhələdə ibtidai sinif müəllimləri olaraq dörd regional idarədə sertifikatlaşma prosesi həyata keçirilir. Bunlar Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan məktəblər, Quba-Xaçmaz, Xızı-Abşeron və Gəncə-Daşkəsən regional təhsil idarələrinə daxil olan məktəblər və birbaşa Elm və Təhsil Nazirliyinə tabe olan məktəblərin ibtidai sinif müəllimləridir. İlkin mərhələdə təxminən 11.000-dən artıq ibtidai sinif müəllimi sertifikatlaşmaya cəlb olunub.

 

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanır. Bəs 30 baldan az nəticə qazanan müəllimləri hansı aqibət gözləyir?

 

Təhsil İnstitutunun İnsan Resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyir burada eyni zamanda prosesdə iştirak etməyən müəllimlər də var: “95.6 faizlik davamiyyət olsa da, müəyyən faizlik namizədlərimiz var ki, onlar prosesdə iştirak etmirlər. Proses başa çatdıqdan sonra yerli təhsil idarəetmə orqanlarından əlavə sorğulamalar aparılacaq. Əgər prosesi uğursuz tamamlamış namizədlər varsa, yəni minimum 30 balı toplamamış müəllimlər varsa, iş yerləri saxlanılmaqla öz fəaliyyətlərini bir il müddətinə davam etdirəcəklər. Və onlar üçün də Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən mütəmadi tədbirlər görüləcək ki, növbəti imtahana daha hazırlıqlı gəlsinlər”.

 

Nurlan İsmayılbəyli onu da bildirib ki, müəllimlərin ən sonuncu nəticəsi sertikasiya nəticəsi olacaq. Üstəlik, cari il imtahanda 30 baldan aşağı bal toplayan müəllimlərin dərs yükü və əməkhaqqı azaldılmayacaq. Ancaq sonrakı illərdə dərs bölgüsü buna əsasən tənzimlənəcək. Dərs yükünün azaldılıb-artırılması isə müəllimlərin əldə etdiyi nəticədən asılı olacaq.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, sertifikatlaşdırma imtahanın ən önəmli tərəfi daha keyfiyyətli kadrların yetişdirilməsidir.

 

Lakin maaş azlığından dolayı sertifikasiya imtahanında etiraz edən müəllimlər üçün də şad xəbərimiz var. Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.

 

Qeyd edək ki, növbəti sertifikasiya gələn ilin əvvəli keçiriləcək və digər regionlarda çalışan ibtidai sinif müəllimləri cəlb olunacaq. Sentyabrın 1-də isə rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin imtahanı ilə sertifikasiyanın test mərhələsi yekunlaşacaq. Bundan əlavə, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək.

 

Mir Çingiz Ağazadə, Ziya Allahyarov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR