16 yaşlı yeniyetmənin köməyinizə ehtiyacı var - SOS

# 18:55
7 aprel 2021

- Bütün Azərbaycan xalqından xahiş edirəm ki, mənə köməklik etsinlər. Mən də öz yaşıdlarım kimi gəzim, yaşamıma qayıdım.

 

Həkimlər 16 yaşlı Adilə qaraciyər sirrozu diaqnozu qoyublar.

 

APA TV-nin məlumatına görə, əgər o, qısa müddətdə müalicə olunmazsa, həyatla vidalaşa bilər. Valideynləri deyir ki, onlar övladlarının qaraciyər sirrozundan əziyyət çəkdiyini həkimlərin yarıtmaz fəaliyyəti sayəsində gec öyrəniblər. Adilin anası Asimə Mürsəliyeva deyir ki, 3 il əvvəl həkim səhlənkarlığı ilə Adilə başqa bir xəstəliyin diaqnozu qoyulub: “Mart ayının 30-da uşağın qarnında və ayaqlarında şişkinlik yarandı. Heç ayaqqabı ayağına girmirdi. Uşaq yeriyə bilmirdi. Biz də onu bu vəziyyətdə görüb dərhal Bakıya gətirdik. Analiz etdilər və oğlumda “Vilson” xəstəliyi və qaraciyərində sirroz aşkarlandı. Qaraciyəri demək olar ki, fəaliyyətini tam itirib. Bunun müalicəsi yoxdur. Ancaq əməliyyat olunmalı və Adilə qaraciyər köçürülməlidir”.

 

Bu ilin mart ayının sonunda Adilin qarın nahiyəsinə su yığılıb. Atası Elşən Mürsəliyev deyir ki, oğluna vaxtında düzgün diaqnoz qoyulsaydı və müalicə düzgün aparılsaydı, vəziyyət bu həddə çatmazdı: “2018-ci ildən əziyyət çəkirəm, qalmışam Bakı-Kürdəmir yolunda. 5 manat qazanıram, yüyürüb gedirəm xəstəxanaya. Uşağı göstərirəm. Neçə vaxtdır, dəqiq diaqnoz qoymurdular. Birinci dedilər, ödündə qalınlaşma var. Onun müalicəsini etdik. Ondan sonra dedilər rematizması var. Onun da müalicəsini etdik. Deyirdik ki, ay Allah, balamız yenə əmələ gələcək, kökələcək. Amma bu müalicələrin heç bir xeyri olmurdu”.

 

Əslən Kürdəmir rayonunun Xırdapay kəndindən olan 6 nəfərlik ailədə yalnız Elşən Mürsəliyev işləyir. Ailə Adilin müalicəsi ilə əlaqədar olaraq müvəqqəti olaraq Bakıda məskunlaşıb:

 

- Elə bir maddi durumumuz da yoxdur ki, Adili müalicə edə bilək, əməliyyat olunsun. O qədər pulumuz yoxdur. Əməliyyat üçün böyük məbləğ lazımdır. Amma buna bizim gücümüz çatmır.

 

- Özüm qaz idarəsində işləyirəm. 236 manat maaş alıram. Bir az həyətimdə mal-heyvanım var idi. Hamısını satdım və bu yollarda xərclədim. İndi də çıxmışam quruya. Bu gün balama əməliyyat lazımdır, amma pul tapa bilmirəm. Bilmirəm nə edim.

 

Valideynləri deyir ki, Adilin qaraciyər transpalantasiyası üçün 70 min manat vəsait lazımdır:

 

- Azərbaycan xalqına onu demək istəyirəm ki, bizim maddi durumumuz yaxşı deyil. Xalqımızdan yardımsevər insanlarından kömək istəyirəm. Mənim balama yardım etsinlər.

 

Adil Mürsəliyevə yardım etmək istəyənlər "Kapital" bank vasitəsilə bu hesaba (4169 7385 8113 0394 – GÜLŞƏN RZAYEVA) yardım edə və ya bu nömrələrlə (055 811 51 61; 051 620 02 18) əlaqə saxlaya bilərlər.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR