56 evin olduğu kənddə işıq yoxdur – “AZƏRİŞIQ” İŞLƏRƏ BAŞLADI
Astaranın ucqar dağ kəndlərindən biri olan Vaqadidə sakinlər işıq cəhətdən əziyyət çəkirlər.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bu problem yeni deyil, kənddəki transformator və işıq dirəkləri köhnədir. Kənd sakinləri deyir ki, keçən əsrin 60-cı illərindən qalmış bu transformatorla işıq dirəklərini bir neçə dəfə öz vəsaitləri hesablarına təmir ediblər.
Kənd sakini Kamal Hidayətov deyir ki, amma xeyri yoxdur. Yenə elektrik verilişində fasilələr olur, həmçinin elektriklə çalışan məişət avadanlıqları da sıradan çıxır: “Köhnə transformatordur bizdə, həddindən artıq yaşı çoxdur, vaxtı keçib. Həmin transformator köhnə, bu işıqlar belə zəif, nol-faza bütün bu pərakəndə evlərə çatmır. Həm də müxtəlif ağaclara dəyir, toxunur, itki orada olur. Yaxşı olar buna bir əncam eləsinlər, köməklik eləsinlər, heç olmasa, evdə biri-birimizi yaxşı görə bilək. Elə vaxt olur ki, evdə adam biri-birini yaxşı görmür, nəinki soyuducu, nəinki televizor, nəinki o biri elektirik avadanlıqları işləsin”.
Arif Nəzirovun sözlərinə görə, qış mövsümündə demək olar ki, işıqsız qalırlar: “Hər an həm zəifdir, yağışlar yağır, nəmdən o ağaclarda açıq məftillər yapışır, itkilər olur. Həm də ki, ağaclar yıxılır, stolbalar köhnədir. Küləkli havalarda da demək olar ki, işıqsızıq. İşıq olmayanda televizor, telefon işləmir. Vaxtı-vaxtında ödənişləri edirik, bir saat da olsun gecikməmiz yoxdur”.
56 evin olduğu kənddə işıq dirəkləri qəzalı vəziyyətdədir və insanların həyatı üçün əsl təhlükədir. Belə ki, illər əvvəl insanlar tərəfindən basdırılan və işıq dirəkləri kimi istifadə olunan meşə ağacları artıq çürüyüb və hər an aşma təhlükəsi yaşana bilər. Bu isə ətrafdakı insanlar, oynayan uşaqlar üçün real təhlükə deməkdir:
Kənd sakini Elman Mürsəlov deyir ki, dəfələrlə elektrik dirəkləri aşdığı üçün xətlər qırılıb: “Hal-hazırkı vəziyyətdə bizim Vaqadi kəndimizin elektrik xətlə bağlı işığımız çox bərbad vəziyyətdədir. İndi evimizə gələn xətti gördünüz, dəfələrlə bu işıq dirəyi yıxılıb, çürük vəziyyətdədir. Naringi ağaclarının üstündən keçir, yəni hər dəqiqə qəzalı faciə yarada bilər”.
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, artıq “Azərişıq” ASC-nin əməkdaşları kənddə olub və layihələndirmə işlərinə başlanılıb.
Vaqif Aydınoğlunun sözlərinə görə, Vaqadidən başqa, Astaranın 6 kəndində elektrik verilişini yaxşılaşdırmaq məqsədilə işlər görülür.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV