8 yaşlı Əhmədin yardıma ehtiyacı var - SOS

# 16:42
6 aprel 2021

Əhməd 8 yaşının içindədir. O, idiopatik ağciyər və ürək hipertenziyasından əziyyət çəkir. Əhmədin ürək və ağciyəri dayanmadan böyüməkdədir. Həkimlər deyirlər ki, Əhməd qısa zamanda əməliyyat olunmalı, onun ürək və ağciyəri dəyişməlidir.

 

APA TV xəbər verir ki, əgər bu əməliyyat 3 ay ərzində baş tutmazsa, Əhməd gözlərini dünya işığına əbədi yuma bilər:

 

Anası Rəhilə Cəfərova deyir ki, oğlundakı xəstəliyin səbəbi bilinmir: “Onun üçün də Əhmədə ağciyər və ürək köçürülməlidir. Azərbaycanda çox yerdə olmuşuq. Axırıncı dəfə də Türkiyəyə apardıq. Orada da bir çarəsi olmadı. Orada bizə dedilər ki, bu əməliyyat orada yığışdırılıb. Almaniyanı məsləhət gördülər ki, bu əməliyyat orda var. Orda da bu əməliyyatın qiyməti 1 milyon 100 min avrodur”.

 

Nənəsi Ofeliya Əliyeva da imkanlı şəxslərdən nəvəsinə kömək etməyi xahiş edir: “O da öz yaşıdları kimi uşaqlarla oynamaq istəyir. Sərbəst gəzmək istəyir. Əhməd indi çox gəzə bilmir. Bir az addım atan kimi tənginəfəs olur. Onun dərmanlarını almaq üçün çox çətinlik çəkirik. Dərmanlar çox bahadır. Buradan üzümü tuturam səlahiyyətli şəxslərə, Azərbaycan millətinə. Qoymasınlar mənim nəvəmin həyat işığı sönsün. Ona kömək olsunlar”.

 

Rəhilə xanım deyir ki, uzun sürən xəstəlik Əhmədin normal yaşamına da təsirsiz ötüşməyib: “Əhməd əslində ikinci sinfə getməlidir, amma gedə bilmir. Ötən ildən onun məktəb fəaliyyəti dondurulub. Bəlkə də onu sinifdə saxlayıblar, çünki dərslərə qatıla bilmir. Özü də istəyir məktəbə getsin. Neçə dəfə olub ki, dərsə gedib. Bir az sonra müəllimi zəng edib ki, bəs Əhmədin ürəyi gedib, tez gəlin. Çoxluq ona pis təsir edir. Yəni çox insanın içərisinə çıxanda Əhmədin ürəyi gedir”.

 

Əhmədin anası Rəhilə xanım deyir ki, Əhmədin müalicəsi üçün hər ay 3 min manata yaxın pul xərcləyirlər. Amma ölkədə aparılan müalicənin heç effekti olmur: “Hər kəsdən xahiş edirəm ki, Əhmədi görməzdən gəlməsinlər. Buradan cənab Prezident İlham Əliyevə səslənirəm ki, Əhmədə yardım etsin. Əhmədin 7 yaşı var, biz onu itirmək istəmirik. Hamıdan çox xahiş edirəm ki, Əhmədə dəstək olsunlar. Ancaq bu yolla biz Əhmədi əməliyyat edə bilərik”.

 

Balaca Əhmədə yarım etmək istəyənlər "Kapital" bank vasitəsilə bu hesaba (4169 7332 1393 7191 – ZAUR ALIYEV) yardım edə və ya bu nömrələrlə (055 510 55 93, 070 259 80 85) əlaqə saxlaya bilərlər.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR