80 minlik əhalisi olan şəhərdə marşrut avtobusları niyə yenilənmir?

# 11:28
17 dekabr 2021

Şirvan şəhəri ölkəmizin müasir 5 sənaye şəhərindən biridir. Son illər Şirvanda yeni inşa olunan inzibati və yaşayış binaları, salınan parklar, infrastruktur layihələrinin icrası şəhərin memarlıq görkəminə gözəllik qatsa da, çatışmazlıqlar da var. Bunlardan biri də 80 minlik əhalisi olan Şirvan şəhərinin ictimai nəqliyyat problemidir. Belə ki, şəhərdaxili marşrutlar üzrə işləyən mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub. Günün pik vaxtlarında avtobuslarda sıxlıq yaranır. Eyni vəziyyəti Şirvandan Salyan, Sabirabad, Hacıqabul və digər istiqamətlərdə sərnişin daşıyan mikroavtobuslara da aid etmək olar.

Sürücülər də sərnişinlərin narazılıqları ilə qarşılaşdıqlarını bildirirlər: “İncikliyimiz yoxdur, rahat işimizi işləyirik. Təxminən 15 ilin maşınıdır. Sərnişinlərdən hərdən bir narazı olan olur. Gediş haqqı 30 qəpikdir...” 

Bəs görəsən Şirvanda ictimai nəqliyyatdakı avtobusların yenilənməsi gözlənilirmi?

Dövlət Avtomobil Nəqliyyatı xidmətinin nümayəndəsi Günay Əliyeva deyir ki, xidmətinin Şirvan regional şöbəsi tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır və  onların istifadəsində olan avtonəqliyyat vasitələrinin daha təhlükəsiz və texniki cəhətdən daha yaxşı təchiz olunmuş orta tutumlu avtobuslarla əvəz olunması tövsiyə olunur: “Şirvan şəhərinin inzibati ərazisində 5 istiqamətdə şəhərdaxili və 8 istiqamətdə  şəhərlərarası müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidmətləri göstərilir. Şəhərdə ikisi qəsəbə, üçü şəhərdaxili marşrut xəttində olmaqla, ümumilikdə 109 mikroavtobus sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Nəzərinizə çatdırmaq istəyirəm ki, sərnişindaşıma xidmətləri fərdi sahibkarların istifadəsində olan mikroavtobuslarla həyata keçirilir. Qeyd edək ki, bir müddət əvvəl köhnə avtobusların 8 ədədi müasir tipli avtobuslarla yenilənib”.

Şirvan rayon  icra hakimiyyətinin müavini Məharət Mustafayevin sözlərinə görə, sahibkarlar maşınları dəyişə bilmək üçün maliyyəyə ehtiyac duyduqlarını bildirir və bunun həlli ilə bağlı bəzi təklifləri də var: “Şəhərdə nəqliyyatla fəaliyyət göstərən bütün özəl şirkətlərin qurumların nümayəndələri ilə görüş keçirilmişdir. Onlara nəqliyyat vasitələrinin yenilənməsi ilə bağlı təkliflər verilmişdir və onların da bizə verdiyi təklifləri dinləyərək qərar qəbul edilmişdir ki, sahibkarlar tərəfindən nəqliyyatın yenilənməsinə başlansın. Bir neçə sahibkarın verdiyi təklifə görə onlara uzun müddətli güzəştli kreditlər verilərsə onlar nəqliyyatın yenilənməsi, yeni avtobusların alınması istiqamətində işlərə başlayacaqlar. Hələlik bu işlər davam edir.”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələnin həllində  sahibkarala dövlət dəstəyinin vacib olduğunu deyir.

Qeyd edək ki, Şirvanda sərnişin daşıyan hər bir sürücü marşrut xəttində fərdi müqavilə əsasında çalışır. Elə buna görə də avtobusların yenilənməsi bir qədər müşkül məsələyə çevrilib. Çünki bu sahəyə investisiya yatıracaq şirkətlər yoxdur. Yeni avtobusların qiyməti isə yüksək olduğu üçün sahibkarların buna imkanı çatmır.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR