9 min manat verib torpaq aldı, başqası ev tikir

# 12:00
9 oktyabr 2021

Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisindəki 6 sot torpaq sahəsinin 2 sotu, iki fərqli adama satılıb.

APA TV-nin xəbərinə görə, İkinci Qarabağ savaşının iştirakçısı olan Nicat Həsənov 2018-ci ildə torpaq sahəsinin 2 sotunu Əlizadə Coşqun Nizami oğlundan makler vasitəsilə 9000 manat pul ödəyərək, qardaşı Əyyub Baradovun adına alıb. Bu yaxınlarda torpaq sahəsinə nəzarət üçün əraziyə gəldikdə isə başqa bir adamın ev tikdiyini görür. Dərhal torpağı aldığı Coşqun Əlizadə ilə əlaqə yaradanda isə O, Nicatı maklerə yönəldir: ”Torpağı aldığım adam yaxın durmur, deyir hansı maklerdən almısan onunla danış. Həmin maklerdə rəhmətə gedib. Oğlanların yanına gedirəm, deyirlər bizimlə alqı-satqı etməmisən. İstəyim odur ki, bu torpaq sahəsi özümə qaytarılsın. Yeməmişik, içməmişik, özümüzə ev tikmək üçün torpaq almışıq. Kiminsə burada ev tikməsi üçün yox”.

Nicat Həsənov deyir ki, natariusda torpaq sahəsini almaqla bağlı Adil Əliyev adlı şəxslə müqavilə imzalayıblar. Adil Əliyev isə torpaq sahibi olduğunu iddia edən Coşqun Əlizadənin etibarnaməsi əsasında alqı-satqıda iştirak edib. Ən maraqlısı isə odur ki, pulu qardaşlardan makler alıb. İndi isə Adil Əliyevlə əlaqə saxlayan qardaşlar deyir ki, həmin adam pul almadığını və 9000 manatın rəhmətə gedən maklerdə olduğunu bildirir: ”Tədqiqatdan çağırdılar qardaşımı, özü xəstədir deyə çox yerə gedə bilmir. Bölmədən deyirlər ki, yaxın vaxtda gələcəyik ,amma tikinti işləri davam edir. Mən də qorxuram ki, yaxın gündə tikəcəklər, mənim də heç kimim yoxdur qabağa dursun. Sonra mənim torpağım əldən çıxacaq”.

Araşdırma zamanı öyrəndik ki, sən demə torpaq sahəsinin ikinci sahibi də varmış. Belə ki, torpağın əsl sahibi olduğunu iddia edən Şəmsəddin Həsənov deyir ki, qardaşları ümumiyyətlə tanımır və onlarla heç zaman görüşməyib. O, torpağı Mətləb adlı şəxsə satıb və həmin adam da hazırda ərazidə tikinti aparır: “Mənimlə yaxından uzaqdan əlaqəsi olmadan şəxslər arasında torpaq alqı-satqısı gedib. Aldadıblar, başqa sənəd göstəriblər, mənim torpağımı başqa cür “aformıt” ediblər. Alan yoldaşda sevincək olub çox güman baxmayıb sənədlərə və ya düzgün analiz etməyib. Satdığım adamın adı Mətləbdir. Bütün sənədlər ona məxsusdur. Yenə də dəqiqləşdirmək olar, sizlərdə sənədinizi gətirərsiniz baxarıq bizdə. Mənim bütün sənədlərim qanunidir, çünki hamısını icra hakimiyyətindən bir-bir çıxarmışam”.

Qardaşların polisə müraciət etmələri barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevlə əlaqə saxladıq: ”Müraciətlə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Problemlə bağlı Norma Hüquq Mərkəzinə müraciət etdik. Mərkəzin departament müdiri Həsən Həsənovun sözlərinə görə, hər iki tərəf Əmlak Komitəsi ilə əlaqə saxlayaraq peyklə torpaq sahəsinin kimə məxsus olmasını tam dəqiq öyrənməlidirlər: ”Onlar dediyim kimi, müraciət etsinlər əmlak komitəsinin yerli ərazi idarəsinə, dəvət etsinlər mütəxəssisləri. Ekspert gəlib aydınlaşdırsın. Peykdən xüsusi üsulla onların ünvanın qeyd edirlər, baxırlar ki, kimin sənədindəki ərazi düzgündür. Sənədin ilkliyi məsələsi var. Əgər qarşı tərəfdə olan sənəd, bunlara da verilibsə, hətta kordinatlar üst-üstə düşsə belə, torpaq ilk sənədi alan adamındır”.

Həsən Həsənov deyir ki, yenə də bu məsələ aydınlaşmasa problemlə bağlı məhkəməyə müraciət olunmalıdır. Tərəflərin bir hüququ var, məhkəməyə müraciət edib məsələni aydınlaşdırmaq.

Semral Cavad,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR