ABŞ-dan İrəvanla Bakıya mesaj: İkilikdə görüşün

# 16:08
27 oktyabr 2022

İrəvanla Bakı arasında birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. APA TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini bəyan edib: Hər iki lideri daha faydalı olan formatda görüşməyə çağırdıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, liderlərin ikilikdə dialoqu problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Cənubi Qafqazın üç ölkəsinin suverenliyi və müstəqilliyinin, o cümlədən 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan, Azərbaycan və Gürcüstanın müstəqilliklərinin bərpasının ABŞ-dan böyük tərəfdarı yoxdur”.

 

Vedant Patel onu da bildirib ki, üç ölkənin öz xarici siyasət maraqlarını və suverenliyini təqib etmə haqqı var.

 

Dünən isə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa ümid etdiyini deyib. O qeyd edib ki, sülhün reallaşdırılması üçün əlindən gələni edəcək: “Mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır. Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, bu, reallığa çevrilə bilər”.

 

Paşinyan çıxışında Azərbaycanın Xankəndindəki separatçı rejimlə beynəlxalq səviyyədə danışıqlara başlamalı olduğunu da bildirib və əlavə edib ki, bu ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır.

 

Qeyd edək ki, oktyabrın 30-da Soçidə İlham Əliyevin, Nikol Paşinyanın və Vladimir Putinin görüşü gözlənilir. Ermənistan hökuməti bu görüşə gedəcəyini açıqlasa da, rəsmi Bakı hələlik heç bir açıqlama verməyib.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR