ABŞ-ın Ermənistan-Azərbaycan görüşündə maraqları - ABŞ səfiri açıqladı

# 20:20
27 oktyabr 2021

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Gəncəyə səfəri çərçivəsində Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Səfirə dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib. Səfir məqbərədə olduğu üçün şad olduğunu bildirib: “Gəncənin ən qürur verici övladlarından biri Nizami Gəncəvin abidəsini ziyarət etdiyimə görə şadam. Bu görkəmli şairin yalnız Azərbaycan ədəbiyyatına deyil, dünya ədəbiyyatına da töhfələrinə hörmət ifadə etmək üçün bu il Azərbaycan Nizami Gəncəvinin 880 illiyini qeyd edir. Onun unikal poetik, universal və yenilikləri əhatə edən yaradıcılığı sərhədləri aşaraq Azərbaycandan kənarda da ədəbiyyatın inkişafına təsir göstərib.”

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün təşkil olunmasını yüksək qiymətləndirib. O bildirib ki, ABŞ münaqişənin həllində tərəflərin bir araya gəlməsi, məsələnin danışıqlar yolu ilə həll edilməsi məqsədinə sadiqdir:“Mina xəritələrinin mübadiləsi məsələsində ABŞ çox aktiv rol oynayıb. Eyni zamanda Nyu-Yorkda həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edib. Bu görüşün təşkil olunmasını yüksək qiymətləndiririk. Bu o deməkdir ki, biz tərəfləri bir araya gətirmək üçün fəaliyyətimizi davam etdiririk ki, birlikdə sülh prosesinə öz töhfəmizi verək.”

Səfir Li Litzenberger deyib ki, bir sıra ABŞ şirkəti Azərbaycanın azad olunmuş ərazilərində işə başlamaq üçün müqavilə bağlayıb:“Azərbaycan daha çox ABŞ şirkətinin gəlməsində, Azərbaycana sərmayə yatırmasında maraqlıdırsa, tövsiyə edirəm ki, açıq tenderlər keçirməyə başlasın və bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri buradakı proqramlara müraciət edə bilsin. Bu açıq tenderlər nəticəsində ABŞ şirkətləri dəqiq bilsin ki, Azərbaycan hansı istiqamətlərdə maraqlıdır, onlar da buradakı inkişafa öz töhfələrini verə bilsinlər”

ABŞ-ın Azərbaycandakı səfiri Gəncədə olarkən  Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirib. Onun sözlərinə Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır: “Regional nəqliyyat dəhlizləri, regional əməkdaşlıq dəhlizləri haqqında danışarkən demək istəyirik ki, ABŞ bütün regional əlaqələrin qurulmasında - bunlar quru nəqliyyatı, dəmiryolu nəqliyyatı, hava nəqliyyatı vasitəsilə ola bilər - çox maraqlıdır. ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin.”

Qeyd edək ki, səfir BMT-nin Miqrasiya Təşkilatının “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” adlı layihəsi çərçivəsində bu gün Gəncədə keçirilən tədbirdə iştirak edib.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR