Adı var, özü yox: AVTOBUSLARIN İNTERNET ŞOUSU

# 22:50
9 iyul 2022

Bir müddət öncə xəbər yayıldı ki, sərnişinlər marşrutlarda pulsuz “Wi-Fi” xidmətindən yararlanana biləcək. Amma bu xoş xəbər də elə sadəcə sözdə qaldı. Çünki aylardır istifadəyə verilməsinə baxmayaraq, sərnişinlər bu xidmətdən hələ də yararlana bilmirlər. Bəxti gətirib internetə qoşula bilənlər isə sürətdən şikayətlənirlər.

Biz də avtobuslardakı internetdən istifadə edib, deyilənlərin nə qədər doğru olub-olmadığını yoxlamaq istədik. Amma nə qədər çalışsaq da, “Wi-Fi” şəbəkəsinə qoşula bilmədik.

 

“BakuBus” MMC-dən isə mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdilər ki, hazırda qurumun istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslarda pulsuz “Wi-Fi” var. Qeyd edək ki, bu avtobuslar digər qurumla birlikdə həyata keçirilən özəl ictimai tərəfdaşlıq çərçivəsində 30.04.2022-ci il tarixindən pulsuz WiFi xidmətinə qoşulub və həmin tarixdən sonrakı 3 ay sınaq müddəti kimi götürülüb.

 

Hazırda bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması, o cümlədən Cəmiyyətə məxsus avtobuslardan istifadə edən sərnişinlərin daha sürətli internetlə təmin olunması istiqamətində iş aparılır. Yaxın vaxtlarda qarşıya çıxan çətinliklər aradan qaldırılaraq avtobusların daha sürətli internetlə təchiz olunması nəzərdə tutulur.

Marşrutlarda pulsuz “Wi-Fi” xidməti olan özəl şirkətlərlə də əlaqə saxladıq. Bildirdilər ki, "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 18, 61, 65 saylı marşrut xətlərində vaxtikən “Wi-Fi” xidməti olub. Lakin indi aktiv deyil.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, avtobuslarda kart sistemi, dayanacaqlara vaxtında gəlmək və başqa problemlərin aşıb-daşdığı bir vaxtda marşrutlarda “Wi-Fi” xidmətinin yaxşılaşdırılmağı ilə bağlı iş aparıldığını və bu xidmətin haçansa normal işləyəcəyini gözləmək absurddur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, avtobuslardakı “Wi-Fi” şəbəkəsində sürətin zəif olması qurumla bağlı bir məsələ deyil.

 

Belə, görünən odur ki, deyilən sözlər sadəcə söz olaraq qalmağa davam edəcək. Marşrutlarda nə vaxtsa “Wi-Fi”ın normal işləyəcəyini görmək isə kimə nəsib, kimə qismət... İşləməyəcəkdisə bəs bu internet-şou nəyə lazım idi?!

Semral Cavad,
Xəyal İskəndərov,
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR