Ağası xanın dövründə Şirvan xanlığı Əlvənddən idarə olunub

# 13:08
11 avqust 2023

Ölkəmizin bir çox şəhər və rayonlarında qədim tarixə malik olan yaşayış məntəqələri mövcuddur. Belə yaşayış məntəqəsindən biri də Zərdab rayonunun Əlvənd kəndidir. Kəndin yaranma tarixi eramızdan əvvələ təsadüf edir. Bu kənddə qədim zamanlarda Şənbə bazarı adlanan böyük əraziyə malik bir ticarət mərkəzi olub. Ölkənin müxtəlif yerlərində yaşayan insanlar alış-veriş üçün bu bazara gəliblər. Bazarın sahəsi o qədər böyük imiş ki, orada itmək olurmuş. Bu halda isə həmin adamlar pullu xidmət göstərən azyaşlı uşaqların köməyindən yararlanmalı olurmuşlar. Kənd sakinlərinin dədə-babadan eşidib, nəql etdikləri rəvayətlərə inansaq uşaqlar, əvvəlcə pulu alıb sonra darvazanın üstünə çıxar və oradan yüksək səslə axtarılan adamı çağırarmışlar. Əlvəndlilərin sözlərinə görə, bazarda yalnız yüksək səsə malik olan uşaqlar pullu xidmət göstərəriblər. Bu kəndin tam orta məktəbində tarix müəllimi çalışan Elvin Xəlilov qeyd edir ki, hətta Abasqulu Ağa Bakıxanovun"Gülüstani-irəm" əsərində Ağası xanın 1775-ci ildə indiki Əlvənd kəndində oturaraq bütün Şirvanı idarə etdiyi barədə qeyd olunub. Bazarda 1916-cı ildə gəlmə insanlar arasında xoşagəlməz söz-söhbət yaranıb və atışma olub. Bundan sonra bazara gələnlərin sayında tədricən azalma baş verib. Azalma 4 il davam edib və 1920-ci ildə bazar fəaliyyətin tamamı ilə dayandırıb. Kənd sakini Mahur Məmmədov deyir ki, kənd qədim yaşayış məntəqəsidir. Yaşlıların dediyinə görə, Əlvənd kəndi rayon mərkəzindən daha əvvəl olub. Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Şəlalə Əliyeva bildirir ki, böyük vətən müharibəsi dövründə bu kəndə bomba atılıb, amma partlamayıb. Qeyd edək ki, Şirvan düzündə yerləşən Əlvənd kəndi 249 təsərrüfatdan ibarətdir. Kəndin 1246 nəfər əhalisi var. Sakinlərin əksəriyyəti maldarlıqla məşğul olur. Kənd şoranlıq ərazidə yerləşdiyindən əkin üçün bir o qədər də effektli sayılmır. Amma əkinçiliklə məşğul olanlar da var. Hazırda kənd sakinlərinin böyük hissəsinin Beyləqan rayonundan gəlmələr olduğu iddia olunur və onlar "bılağanlılar" adlandırılır. Zahid Abışov, Devran Əsgərov, APA TV – Zərdab

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR