Ağdabandakı soyqırımından xilas olan ailələr danışır

# 11:07
8 aprel 2022

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi soyqırımından 30 il ötür. 1992 –ci il aprelin 8 –də erməni silahlı birləşmələri Xocalı soyqırımını Kəlbəcərdə reallaşdırmaq üçün hərəkətə keçdi.

Eyni “ssenari”, eyni “rejissor”, eyni qurbanlar... sadəcə zaman və məkan fərqli idi. Bu dəfə  hədəf   Kəlbəcərin Ağdaban kəndi idi. Əslində kəndin ölüm fərmanı çoxdan verilmişdilər. Hazırlanmış plana əsasən kənddə 130 ailədə yaşayan 779 nəfər sakin ən ağır işgəncə üsulları ilə öldürülməli idi. Ermənilərin yaratdığı  terrorçu dəstə plan üzrə hərəkət edirdi. Kənd 4 bir tərəfdən mühasirəyə alınmalı, gediş-gəliş yolları bağlanmalı, evlər yandırılmalı, azərbaycanlılar öldürülməli idi. Amma böyük itkilərə baxmayaraq ermənilərin əlindən qaçan bir neçə ağdabanlı ailədən bu gün də yaşayanlar var və Ağdaban nəsli davam edir. Bu isə təsadüf nəticəsində olub. Qonşu erməni kəndləri ilə arada olan posta getmək istəyən gənclərdən biri silah atmağı öyrənirmiş. Açılan silah səsi erməniləri çaşdırır. Terrorçu dəstə kənddən Goranboy istiqamətinə gedən cığırı bağlamağa fürsət tapmadan hücum əməliyyatını reallaşdırır.

Abdulla Qasımov kənddən çıxanda 20 yaşı olub. Ailədə 4 bacı-qardaş olublar. Gənclər qaçıb çıxa bilsələr də, yaşlı anaları kənddən çıxa bilməyib. Ermənilər onu qətlə yetirib. Abdulla deyir ki, qaça bilənlər qaçdı, qaça bilməyənlərin hamısını ermənilər öldürdü. Ailə hazırda Tərtərin Goranboyla sərhəd kəndi olan Bəyimsarov kəndində yaşayırlar. Ailə Ağdabandakı həyatları üçün bu gün də çox darıxır.

Həmin gün kənddə 67 nəfər qətlə yetirildi. Onlardan 8 nəfəri 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı.  2 nəfər isə  itkin düşdü. Həmin gün kənddə 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Eyni acını yaşayan ailələrdən biri də Məmmədovlar ailəsidir.

Bir azərbaycanlı kəndində soyqırımı törətməklə yanaşı tarix, memarlıq və mədəniyyət abidələrini də dağıtdılar. Eyni zamanda  müqəddəs ziyarətgah və məzarlıqları  təhqir edərək məhv etdilər. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılıb və talan edilib.

Habil Aslanoğlu, Ziya İsmayılov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR