Ağdam və Füzuli istiqamətlərində böyük ərazilər minadan təmizlənib

# 18:31
27 dekabr 2021

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və UNEC Tədqiqat Fondunun iştirakı ilə mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu mövzusunda təlim keçirilib.

 

Tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Məhərrəm Həsənov Azərbaycanın tarixi Zəfərindən danışıb. Bildirib ki, 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli istiqamətlərində böyük ərazilər minadan təmizlənib: “Bu günki gündə bu işlərin həyata keçirilməsində bizim ən ixtisaslı pirotexnik  istehkam qrupu çalışır. Bu zabitlərimiz, gizirlərimiz xüsusi kurslar keçib, Beynəlxalq sertifikatlar alıblar. Buna görə də bu ərazidə işlərin görülməsi ustalıqla həyata keçirilir”.

 

Təlimdə çıxış edən FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsinin vacib məsələ olduğunu diqqətə çatdırıb: "Bu ilin yanvar ayından başlayaraq Xüsusi riskli xilasetmə xidmətinin pirotexnikləri işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunub. Qeyd edim ki minatəmizləmə fəaliyyəti artıq uzun müddətdir davam edir. Bizə ayrılmış ərazilərin böyük hissə minalardan və müharibə qalıqlarından, yəni partlamamış silah-sursatlardan  təmizlənərək təhvil verilib”.

 

Tədbirdə çıxış edən Media İnkişaf Agentliyinin şöbə müdiri, Əməkdar jurnalist Natiq Məmmədli qeyd edib ki, medianın əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla geniş maarifləndirmə işlərinin aparılmasıdır. Şöbə müdiri minalarla bağlı məsələnin hər zaman aktual olduğunu vurğulayıb: “Biz öz üzərimizə düşən iş görək. Cənab genaral siz burada təlimat verirsiniz maarifləndirici işlər aparırsınız. Amma bu problem daimi problem olduğu üçün düşünürəm ki, belə təlimlərin sayı çox olacaq. Çünki bunun həm jurnalistlər üçün, həm də cəmiyyətimiz üçün  praktik əhəmiyyəti var” .

 

Tədbirdə xüsusi olaraq vurğulandı ki, minalanmış ərazilərə qanunsuz və nəzarətsiz keçən hər bir şəxs göz görə-görə hayatını təhlükəyə atır. Məhz bu kimi hallarla rastlaşan hər bir şəxsə xəbərdarlıq edildi ki, FHN-in “112” və yan DİN-in “102” qaynar xəttinə məlumat verərək, ərazidən təhlükəsiz təxliyə olunmalarını gözləsinlər. Heç bir halda təhlükəli ərazidə olan şəxsi özləri xilas etməyə çalışmasınlar.

 

Naməlum əşyalara, şübhəli obyektlərə qətiyyən toxunulmamalı, xüsusən uşaqlar nəzarətsiz buraxılmamalıdır.

 

Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR