Aldığı qullara Qəbələdə azadlıq verən general - İndi onu xatırlayan yoxdur

# 11:00
5 dekabr 2022

Qəbələnin yetişdirdiyi bir çox şəxsiyyətlərdən söz düşəndə ilk olaraq İsmayıl bəy Qutqaşınlı xatırlanır. Rayonun cənub istiqamətindən girəcəyində ucaldılan əzəmətli heykəli dövrünün tanınmış ziyalılarından biri olduğunu xəbər verir, həm də daş cizgilərdə belə aydın sezilən nürani çöhrəsi millətini sevən bir insanın varlığını xatırladır. Bu insanla bağlı elin yaddaşında bir çox rəvayətlər var. Deyilənə görə ağıllı, dərrakəli olduğundan ondan məsləhət alanlar çox olub. Hamıya diqqətlə qulaq asar, köməyini əsirgəməzmiş. Elə maddi cəhətdən də camaata əl tutarmış.

 

1985-1986-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və ictimai xadim İsmayıl Bəy Qutqaşınlının ev muzeyi yaradılır və yazıçının məzarüstü abidəsi yenidən işlənir. Ev muzeyi yaradıldıqdan sonra İsmayıl bəy haqqında maraqlananlar çox olur və mütəmadi olaraq muzeyə ziyarətçilər gəlir. O dövr üçün olduqca əlverişli olan ev muzeyi artıq öz görkəmini və gözəlliyini itirərək baxımsız vəziyyətə düşüb. Bina hazırda tam dağılmaq ərəfəsindədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü yararsız haldadır. Yağışlar zamanı içəriyə su keçir və əşyalar yararsız vəziyyətə düşüb. Çox baxımsız və yararsız hal alan ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də heç bir yenilik yoxdur. Hazırkı dövrdə Qəbələnin turizm potensialı yüksək olduğuna görə ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, eləcə də digər dövlətlərdən rayona gələn çox olur. Qonaqların da əksəriyyəti rayonun tarixi, tarixi şəxsiyyətləri, görkəmli insanları ilə maraqlanır. Qonaqların görkəmli səxsiyyətin ev muzeyini bu halda gördüyünü düşündükdə isə ilk ağıla gələn sual belə olur…

 

Belə bir görkəmli şəxsin ev muzeyi nə üçün baxımsız və viran haldadır?

 

Təəssüf ki, cavabımız yoxdur…

Hələ muzeyin həyətyanı sahəsini gördükdə insanı vahimə basır. Baxımsızlıq, təmizlənməmiş bağ-baxça insanda acı təəssüf yaradır. Ən azından muzeyin həyətyanı sahəsinin baxımlı və səliqəli şəkildə saxlanılması vacibdir.

 

İsmayıl bəyin 2 dəfə Həcc ziyarətinə getməsi və "Səfərnamə" əsərində ərəblər haqqında verdiyi məlumatlar onların da marağına səbəb olub. Ancaq Qutqaşınlının ev muzeyinə gələn ərəblər gördükləri mənzərə qarşısında şok keçirirlər. Bütün bunlar azmış ki, general-mayorun məzarı da bərbad vəziyyətdədir, dağılmaq üzrədir.

Muzeyin direktoru Çimnaz Mürzəfərova bildirdi ki,muzeydə illər ərzində cəmi iki dəfə təmir bərpa işləri aparılıb.

 

İsmayıl bəy Qutqaşınlı həm də xeyriyyəçi kimi tanınıb. İnsanların maariflənməsi ilə yanaşı, iqtisadi vəziyyətlərinin yüksəlməsi üçün də işlər görüb. Dövrünün ziyalıları İsmayıl bəy haqqında olduqca müsbət fikirlər söyləyiblər. Qutqaşın və Şamaxı camaatı da İsmayıl bəyə böyük sevgi və hörmətlə yanaşıblar. İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri indi də maraqlı xatirələr danışırlar. Qohumlarından birinin dediyinə görə, İsmayıl Qutqaşınlı Həcc ziyarətindən qayıdarkən özü ilə bir qız və bir oğlan qul alıb. Onları Qutqaşında azad edərək yeni həyat qurmalarına şərait yaradıb. Belə bir şəxsin xatirəsinin yaşadılması və abidəsinə ehtiramla yanaşmaq hər bir vətəndaşın borcudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR