Alman mütəxəssislər paytaxtda yeni liftlərin quraşdırılması ilə tanış olub

# 17:23
25 may 2021

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının “Wittur Holding GMBH” şirkəti ilə müqavilə imzalanıb.

 

BŞİH-dən APA TV-yə daxil olan xəbərə görə, müqavilə şərtlərinə uyğun olaraq əvvəlcə 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb. Həmçinin liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub və bura lazımi texniki avadanlıqlarla təchiz edilib.

 

Müqavilənin davamı olaraq şirkətdən daha 625 ədəd lift alınaraq Bakı şəhərinə gətirilib. Bu liftlərin paytaxtın müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılması işləri sürətlə həyata keçirilir. Bağlanan müqavilə şərtlərinə uyğun olaraq alınan liftlərin quraşdırılma prosesinin icrası və işlərin gedişi ilə yerində tanış olmaq üçün “Wittur Holding GMBH” şirkətinin nümayəndəsi Ralf Günter Bakıya gəlib.

 

Qonaq əvvəlcə “Lifttəmir” İstehsalat Birliyinin istehsalat bazasında quraşdırılan Mərkəzi Dispetçer Xidməti Sisteminin işi ilə, daha sonra paytaxtın bir neçə rayonunda quraşdırılması aparılan və quraşdırılan liftlər, burada gedən proseslərlə tanış olub və öz məsləhətlərini verib.

 

Ralf Günter görülən işlərin keyfiyyətindən razı qaldığını, gələcəkdə də əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR