AMEA-da bundan sonra NƏLƏR DƏYİŞƏCƏK?

# 17:35
29 iyul 2022

“Prezident İlham Əliyevin Fərmanı gözlənilən idi”.

 

Bunu Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasından sonra APA TV-yə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib.

 

O bildirib ki, həyat bir yerdə dayanmadığı kimi, elm də bir yerdə dayanmır. Son vaxtlar Respublikanın həyatında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı həm elmin, həm də AMEA-nın da qarşısında yeni vəzifələr qoyur: “Bir daha AMEA-nın elmi istiqamətlərinə baxılacaq, yeni prioritetlər müəyyənləşdiriləcək, adambaşına düşən elmi məhsuldarlıq yüksəldiləcək. Ali təhsil müəssisələri ilə inteqrasiya daha da gücləndiriləcək və alimlərin ali təhsil prosesində iştirakı daha da genişlənəcək. AMEA-ya gələn gənc mütəxəssislər daha peşəkar mütəxəssislər olacaq. Bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb və bu işlər davam etdiriləcək”.

 

O qeyd edib ki, strukturda istənilən dəyişiklik ümumi məqsədə - optimallaşmaya və səmərəliliyin artırılmasına xidmət edəcək.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə AMEA Rəyasət Heyəti aparatının strukturunu əvvəlki səviyyədə saxlamağa ehtiyac olmadığını bildirib: “İnstitutların bir çoxu Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün onların əksəriyyətinin Rəyasət Heyəti aparatının tərkibində qalması mənasızdır. Əlbəttə ki, Rəyasət Heyəti aparatının tərkibində müəyyən qədər işçi qalacaq”.

 

İsa Həbibbəylinin sözlərinə görə, bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib.

 

AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov isə bugünkü iclasda Nizamnamə komissiyasına görüləcək işlər barədə tapşırıqlar verildiyini bildirib: “Akademiyada bütün vəzifələr seçki yolu ilə müəyyənləşdirilir. Nizamnaməyə uyğun olaraq tapşırıq verildi. Nizamnamə hazır olduqda Akademiyanın ənənələri qorunub saxlanılacaq”.

 

Onun sözlərinə görə, Prezidentin müvafiq Fərmanına əsasən, 3 ay müddətində AMEA-nın nizamnaməsi hazırlanmalıdır və nizamnamə hazırlandıqdan sonra buna uyğun olaraq AMEA-da prezident seçkiləri keçiriləcək.

 

Arif Həşimov həmçinin bildirib ki, Milli Elmlər Akademiyasının Əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur.

 

Qeyd edək ki, bu gün Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Rəyasət Heyətinin üzvləri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib. İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunub.

 

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

 

Mir Çingiz Ağazadə,

Ceyhun Mustafayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR