ANAMA-dan xəbərdarlıq: Mina və partlamamış mərmilər gördükdə...

# 10:44
7 aprel 2021

44 günlük Vətən Müharibəsində düşmənə qalib gələrək əzəli və əbədi torpaqlarımızı işğaldan azad edib, düşməni ağır məğlubiyyətə düçar etdik. Amma gözəgörünməz “düşmənlə” mübarizəmiz indi də davam edir. Bəli, düz bildiniz - söhbət mina və partlamamış sursatlardan gedir.

 

Mənfur düşmən 30 ilə yaxın zaman ərzində ərazilərimizi, kənd və şəhərlərimizi, hətta tarixi abidələrimizi belə qarış-qarış minalayıb. Müharibədən sonra Ermənistan tərəfinin beynəlxalq konvensiyaların tələblərinə zidd olaraq minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi neçə-neçə bədbəxt hadisələrin baş verməsinə, insan itkisinə, neçə-neçə şəxslərin xəsarət almasına səbəb olub.

 

Belə şəxslərdən biri də Füzuli rayonunun Alxanlı kənd sakini Asif Əhmədovdur. Asif işğaldan azad olunmuş ərazilərə gedərkən piyada əleyhinə minaya düşüb və yerimə qabiliyyətini itirib: “Mən Azərbaycan xalqıma demək istəyirəm ki, o ərazilər çox təhlükəlidir. Xahiş edirəm, ora keçməyin. Bizi nəzərə alın. Həyatınızla risk etməyin”.

 

Bu görüntülər bir neçə gün əvvəl Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Bakıda keçirilən tədbirdə lentə alınıb. Erməni minası Asifin ayağını və doğma qardaşını itirməsinə səbəb olub.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin rəisi İdris İsmayılov deyir ki, maarifləndirici tədbirlərə və xəbərdarlıq nişanlarına baxmayaraq, Vətən Müharibəsindən sonra ehtiyatsızlıqdan mina partlayışı nəticəsində 30 yaxın bədbəxt hadisə baş verib: “İşğaldan azad olunmuş ərazilərə insanların qanunsuz şəkildə daxil olması halları artıb, xüsusilə də ata-baba yurdları düşmən tapdağından azad olunmuş rayonların insanları həmin ərazilərə getməyə cəhdlər göstərirlər. Bu da çox vaxt bədbəxt hadisələrlə yadda qalır. Bu günə kimi 30-a yaxın belə hadisə baş verib. Bu hadisələr nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xüsusilə də bu hadisələr Ağdam, Tərtər və Füzuli istiqamətlərində daha qabarıq şəkildə özünü göstərməkdədir”.

 

Qurum rəsmisi deyir ki, hazırda maarifləndirmə işləri təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, müharibədən əvvəl təmas xətti hesab olunan rayonlarda da aparılmaqdadır: “Artıq agentliyə 3 minə yaxın çağırış daxil olub. Yerli sakinlər bu cür mərmiləri və raketləri gördükdə, dərhal 102 xidmətinə zəng edib və nəticədə agentliyin həmin mina və partlamamış mərmilər dərhal aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin həmin ərazilərdə, yolların kənarlarında, minalanmış ərazilərdə plakatlar, bilbordlar basdırmışıq və yerli sakinlərlə maarifləndirici aparırıq”.

 

ANAMA vətəndaşlara xəbərdarıq edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərə yaxın yerlərdə yaşayan insanlar mina və partlamamış mərmi, silah-sursat yeri aşkarladıqda, dərhal aidiyyəti qurumlara məlumat versinlər: “Əhaliyə bir daha müraciət edirik ki, yerli hüquq-mühafizə orqanlarının, komendantlığın, Daxili İşlər Nazirliyinin qoyduğu qayda-qanunlara riayət etsinlər. Ərazi 30 ilə yaxın düşmən işğalında qalıb və bu müddətdə bir neçə mina xətləri piyada və tank əleyhinə minalarla minalanıb. Bütün bunlar da baş verə biləcək bədbəxt hadisələrə gətirib çıxarmaqdadır”.

 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ANAMA-nın minatəmizləyənləri ilə yanaşı, Müdafiə Nazirliyinin minaaxtarma qrupları da fəaliyyət göstərməkdədir. Bundan əlavə, Müdafiə Nazirliyinin tərkibində Türkiyədən, Fövqəladə Hallar Nazirliyinin tərkibində isə Rusiyadan gəlmiş minaaxtaran qrupları fəaliyyət göstərir.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR