ANAMA: Minatəmizləmə prosesində beynəlxalq əməkdaşlığı davam etdiririk

# 10:23
15 aprel 2021

Ərazilərin minalardan və partlamamış silah-sursatlardan təmizlənməsi istənilən münaqişənin başa çatmasından sonra həmin ölkə üçün ən aktual məsələlərdən birini çevrilir.

 

APA TV-nin məlumatına görə, hazırda dünyada mina təhlükəsi ilə üz-üzə qalan dövlətlərin sayı 60-dan çoxdur. Bu ölkələrdə orta hesabla 110 milyondan çox minanın olması ehtimal olunur.

 

Azərbaycan da mina təhlükəsindən əziyyət çəkən ölkələr sırasındadır. Ermənistan əzəli və əbədi Azərbaycan torpağı Dağlıq Qarabağı və ətraf 7 rayonu işğalda saxladığı 30 ildən çox müddət ərzində bu ərazilərdəki gözlə görünən hər şey məhv etməklə bərabər, kənd və şəhərlərimizi, yaşayış məntəqələrinə aparan yolları, tarixi abidələrimizin yerləşdiyi yerləri minalamaqdan belə çəkinmədilər.

 

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, minaların təmizlənməsi olduqca çətin və zaman alan bir prosesdir. Beynəlxalq təcrübədə çox nadir hallarda görülüb ki, minalanmış ərazi tam olaraq təmizlənsin: “Mina təmizləmə təhlükəli və uzun sürən bir prosesdir. Son 30 ildə yalnız Mozambik 2017-ci ildə minaları tam təmizlədiyinə dair bir məlumat yayımlayıb. Oradan cəmi 200 min mina aşkarlanıb. Bu da minaların sayının az olması ilə bağlıdır. Mən sizi inandırıram ki, bəlkə də 200 min mina yalnız Ağdam və Tərtər istiqamətində ön xətdə tapılacaq”.

 

Hərbi ekspertin sözlərinə görə, minalar və partlamamış mərmilər uzun illər boyu torpaq qatının altında qalsa da, öz partlayış gücünü qoruyub saxlaya bilir: “Müharibə bitdikdən sonra II Dünya müharibəsinə aid sursatlara indinin özündə də rast gəlinir. Zaman-zaman bir sıra Avropa ölkələri bunu açıqlayır. İstənilən halda vətəndaşlarımız bu məsələdə diqqətli olmalı, dəvət olunmadıqları halda həmin ərazilərə səfər etməkdən çəkinməlidirlər. Düşünürəm ki, dövlətimiz ən qısa müddətdə, bəlkə də payızda müəyyən bir ərazilərin vətəndaşlarımızın ziyarətinə açılması üçün tədbirlər görəcək”.

 

Beynəlxalq təcrübə göstərir ki, ərazilərin mina və partlamamış silah-sursatdan təmizlənmə işini effektiv şəkildə həyata keçirən dövlətlərdən biri də qardaş Türkiyədir.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin rəisi İdris İsmayılov bildirir ki, işğaldan azad olunan ərazilərimizdə qardaş Türkiyənin minatəmizləyənləri də fəaliyyət göstərir: “Hazırda agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə təmizləmə əməliyyatları davam etdirilir. ANAMA tərəfindən aparılan əməliyyatlar hazırda agentliyin öz şəxsi heyəti, öz potensialı hesabına həyata keçirilir. Bununla yanaşı, ərazilərdə Müdafiə Nazirliyi ilə birlikdə Türkiyədən dəvət olunmuş istehkamçılar, o cümlədən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə Rusiya Federasiyasından dəvət olunmuş istehkamçılar əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Artıq 22 ildir fəaliyyət göstərən agentlik olaraq bir çox xarici ölkələrdə beynəlxalq təlimlərdə iştirak etmişik. Onların praktikası ilə, gördükləri işlərlə yaxından tanış olmuşuq. Hazırda biz bu təcrübəni işğaldan azad etdiyimiz ərazilərdə tətbiq etməkdəyik”.

 

ANAMA əməkdaşlarının beynəlxalq təlimlər çərçivəsində digər ölkələrin minalanmış ərazilərinin təmizləmə prosesində iştirak etdiyini bildirən İdris İsmayılov qeyd edib ki, hazırda qurum beynəlxalq əməkdaşlığın daha inkişaf etdirilməsi üçün yeni-yeni layihələr hazırlayıb: “Agentlik tərəfindən tək ölkə daxilində deyil, ölkə xaricində də minatəmizləmə əməliyyatları həyata keçirilib. Elə Türkiyənin özündə, Diyarbəkirdə, İran sərhədində və digər ərazilərdə bir neçə dəfə minatəmizləmə əməliyyatlarında iştirak etmişik və onların praktikası ilə daha yaxından tanış olmuşuq. O cümlədən beynəlxalq təlimlərdə digər ölkələrin minatəmizləyən əməkdaşları ilə birlikdə onların ölkələrində aparılan təmizləmə əməliyyatları ilə tanış olaraq fikir mübadiləsi aparmışıq. və bu gün də beynəlxalq və öz milli standartlarımıza uyğun olaraq minatəmizləmə əməliyyatlarımız həyata keçiririk”.

 

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, ilk günlərdən Türkiyənin minatəmizləmə heyətləri Azərbaycana öz avadanlıqlar, öz robotları ilə birgə gəldi və bunu nümayiş etdirdi: “İkinci bir tərəfdən, Azərbaycan üçün Türkiyədə minatəmizləmə kurslarında təhsil alan heyətlərimiz orada təhsilini tamamlayıb, Azərbaycanın ərazilərinin minalarının təmizlənməsində iştirak edirlər. Bu proses davamlı olaraq getməkdədir. Yəni proses bir kursun başa çatması ilə yekunlaşmır. Bir kurs bitir, onlar qayıdır, digərləri təhsil üçün ora göndərilir”.

 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ANAMA-nın minatəmizləyənləri ilə yanaşı, Müdafiə Nazirliyinin minaaxtarma qrupları da fəaliyyət göstərməkdədir. Bundan əlavə, Müdafiə Nazirliyinin tərkibində Türkiyədən, Fövqəladə Hallar Nazirliyinin tərkibində isə Rusiyadan gəlmiş minaaxtaran qrupları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR