ANAMA uşaqlar üçün ekskursiya təşkil etdi
Minatəmizləmə Agentliyi Füzuli rayon Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib.
APA TV-nin xəbərinə görə, ekskursiyada ibtidai sinif daxil olmaqla, 6 və 11-ci sinif şagirdləri və müəllim heyəti iştirak edib. Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaqdır.
Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə sursat maketlərindən ibarət sərgi yaradılaraq, onların təhlükəsi, yarada biləcəyi xəsarətlər barədə təsəvvür yaradılıb, düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldədüzəlmə partlayıcı qurğular haqda məlumat verilib.
Horadiz Mərkəzinə səfər edən şagirdlər əyani olaraq minaaxtaranın fərdi qoruyucu geyimi, istifadə etdiyi alət və avadanlıqlar, mexaniki minatəmizləmə maşınlarının iş prinsipi ilə tanış olublar.